Yaddas kitabcasi

Qarşısı alına bilən ölümlər

İntihar virus kimi yayılmış, lakin qarşısı alına bilən ölümdür…
Bu, cəmiyyəti həmişə narahat edən problemlərdən biri olub.
İnsanlar nəyə görə şüurlu şəkildə öz canlarına qəsd edirlər? Özlərini yaşamaqdan məhrum edib, ömürlərini yarıda dayandırmağa qərar verirlər? Əslində, intiharın şüurlu şəkildə törədildiyi qeyd edilsə də, bəzən bunun əksi də olur.
Son zamanlar isə intiharın daha çox həyəcan təbili çalmasının ciddi səbəbi var – uşaq intiharları….
Qarşısı alına bilən ölümlər
İntihar virus kimi yayılmış, lakin qarşısı alına bilən ölümdür…
Bu, cəmiyyəti həmişə narahat edən problemlərdən biri olub.
İnsanlar nəyə görə şüurlu şəkildə öz canlarına qəsd edirlər? Özlərini yaşamaqdan məhrum edib, ömürlərini yarıda dayandırmağa qərar verirlər? Əslində, intiharın şüurlu şəkildə törədildiyi qeyd edilsə də, bəzən bunun əksi də olur.
Son zamanlar isə intiharın daha çox həyəcan təbili çalmasının ciddi səbəbi var – uşaq intiharları….
Baş verən intiharların (uğursuz intihar cəhdləri daxil olmaqla) statistikasında uşaqların sayının artığı müşahidə olunur. Bu, olduqca dəhşətli və qəbuledilməzdir. Ölümün mahiyyətini belə dərk etməyən uşaqlar nəyə görə intihar edirlər?
Aparılan çoxsaylı müzakirələr demək olar ki, sonda əsas bir fikirlə yekunlaşır – valideynlərin uşaqlarla düzgün münasibət aparmaması və onlarla daha az ünsiyyətdə olmaları.
Bəli, bu, yetişməkdə olan bir şəxsiyyətin formalaşmasında əsas təməl rolunu oynayan amildir. Bu, sanki bir binanın tikintisinə bənzəyir. Valideynlərin uşaqlarla münasibəti bu binanın təməl daşları və özülüdür. Digər daşlar isə – cəmiyyət, müəllimlər, dostlar , həyat boyu qarşılaşacağımız şəxslər və hadisələr. Təməl nə qədər çox möhkəm olarsa, qalan daşlar da onun üzərində daha yaxşı dayanacaq.
Son zamanlar elmi texniki tərəqqinin sürətli inkişafı bizim həyatımıza da təsirsiz ötüşməyib və nəsillərarası düşüncə fərqinin daha da dərinləşməsinə səbəb olub. İndi kiçik yaşlarından dünyada baş verənlərdən (müsbət və mənfi) xəbərdar olan uşaqlara qarşı köhnə təlim-tərbiyə metodları öz effektini verə bilmir və nəticədə, uşaqlarda özünə qapanmaq, evdən qaçmaq və hətta, intihar kimi reaksiyalara səbəb olur.
Bir çox valideynlər uşağın səhv hərəkəti qarşılığında onları hədələyir, qorxudurlar. Uşaqların kiçicik dünyalarında bu qeyri-ciddi hədələr olduqca ciddi görünür. Valideynlər əksər vaxtlar övladlarına qarşı “filan şeyi etsən, səni öldürərəm”, “atana deyəcəm, səni çölə atsın”, “sənin gözlərini çıxaracam” və sair kimi qeyri-düzgün təsir vasitələrindən istifadə edirlər.
Uşaqların daxilində qorxu hissi o qədər güclənir ki, səhv hərəkət edərkən onu valideyninə deyib üzr istəmək, yaxud da səhvini etiraf edərək məsləhət almaq əvəzinə, ciddi-cəhdlə gizlətməyə çalışırlar. Hətta, uşağın günahı böyük olmasa belə, valideynin qorxusundan işin açılacağı təqdirdə özlərini öldürməyə cəhd edirlər.
Təəssüf olsun ki, hətta o uşaqlar ölümün mahiyyətini belə dərk etmədikləri halda, bunu bir qaçış, bir qurtulma vasitəsi hesab edirlər. Əgər o, dərdini valideyninə deyə bilmirsə, onun ən yaxınları olan insanlardan qorxu üzündən gizlətmək məcburiyyətində qalırsa, onda artıq acizlik hissi yaranır və canını qurtarmaq üçün ən asan sandığı vasitəyə – intihara əl atır.
Lakin uşaq intiharlarının səbəbləri təkcə bu deyil. Ailədaxili münaqişələrin də uşaqların yanında həll edilməsi onların psixoloji durumuna olduqca mənfi təsir edir.
Yaşadığımız dövrün intihar məsələsini, xüsusilə də, məktəblilərin bu prosesdə iştirakını diqqətlə araşdırdıqdan sonra uşaqların deyil, valideynlərinin kifayət qədər aciz olduqları görünür. Həyatda bir neçə onillik yaşamış insanın müəyyən səbəblərdən özünə qəsd edə bilməsi ağır da olsa, başadüşüləndir. Səbəb – xəstəlik, yoxsulluq, ailə problemi və sair ola bilər. Bəs ilk onilliyini güclə başa çatdırmış uşağın bu addımı atmasına səbəb nədir?..
Valideynlər çətinliyə düşdüklərini, həyatdan bezdiklərini, belə olduğu halda, yaşamağın yalnız əzab-əziyyət olduğunu heç bir narahatçılıq duymadan azyaşlı övladları yanında danışırlar. Elə uşaqların yanında: “ölmək belə yaşamaqdan yaxşıdır”, “özümü öldürəcəyəm”, “özümü yandıracağam” kimi fikirlər səsləndirirlər… Olur ki, yoldaşlarındakı telefonu, digər dəyərli əşyaları, geyimi görüb, fərqinə varmadan öz valideynlərindən beləsini tələb edən uşaqlara : “sənin əlindən lap bezmişəm”, “məcbur edəcəksən, özümü asacağam” kimi cavablar verirlər. Bu məzmunlu dialoqlardan sonra uşaqlar özləri belə bir addımı atmağı məsələnin həlli kimi qəbul edirlər…
Uşağa qoyulan qadağalar da, elə bir biçimdə olmalıdır ki, o valideynlərini onun şəxsiyyətini, azadlığını məhdudlaşdıran bir varlıq kimi deyil, onların çətinlikdə, qərarsızlıqda məsləhət ala biləcəkləri, inanacaqları dostları kimi qəbul etsinlər!
Əziz valideynlər, uşaqlarınızın və özünüzün gələcəyi naminə valideynlik borcunu təkcə onları dünyaya gətirib, ehtiyaclarını ödəməkdə görməyin. Onların əsl ehtiyacları mənən ödənilməlidir. Onların diqqətə, qayğıya, sevildiyini hiss etməyə, onunla maraqlanıldığını hiss etməyə ehtiyacları var. Eyni zamanda onlarla maraqlanaraq, onları yaxından tanıyaraq övladlarınızı təkcə intihardan deyil, onun qədər təhlükəli olan digər zərərli vərdişlərdən və pis həyat tərzindən qorumuş olarsınız!
Firuzə Çiçək,
İsmayıllı rayon Psixologiya Mərkəzinin direktoru, gənc yazar

Şərh Yaz