“Dağlar elə bil…”


Qarşımda çapdan yenicə çıxmış bir kitab var. Kitab başlıqdakı kimi də adlanır. Doğrudan da, müəllifin doğma kəndi dağların sinəsinə sığınıb:
Dağlar elə bil,
Bu bizim kəndi
Öz balasıtək
Basıb köksünə,
– deyən şair dostumuz bu şeiriylə doğma kəndinin gözəl tablosunu yarada bilmişdir. Kitabda belə lövhələrə çox rast gəlmək mümkündür.
Yeni nəşrlər
“Dağlar elə bil…”

Qarşımda çapdan yenicə çıxmış bir kitab var. Kitab başlıqdakı kimi də adlanır. Doğrudan da, müəllifin doğma kəndi dağların sinəsinə sığınıb:
Dağlar elə bil,
Bu bizim kəndi
Öz balasıtək
Basıb köksünə,
– deyən şair dostumuz bu şeiriylə doğma kəndinin gözəl tablosunu yarada bilmişdir. Kitabda belə lövhələrə çox rast gəlmək mümkündür.


Onu da qeyd edək ki, haqqında söhbət açdığımız şeirlər kitabına görkəmli şairimiz Musa Yaqub ön söz yazıb. Şair yazır: – Mən arzu edərdim ki, Vaqif şeirin bir sahəsində özünü sınasın, gördüklərını, bildiklərini öz müşahidəsinə qatıb ifadə etsin… Vaqifə tanış, doğma yerlər olduğu üçün “Basqal şeirləri”ndə də yaxşı, ürəyə yatan bəndlər və ifadələr var:
Bəlkə dağların
Lap təpəsindən,
Bir əlçim bulud
Qopub, sürüşüb.
Kənddə qızların,
O gözəllərin
Olub kəlağay
Başına düşüb.
Vaqif Əliyev ilk kitabı ilə oxucuların görüşünə gəlib. Müəllif kitaba yaşadığı illərin şirin xatirəsi olan lirik şeirləri ilə bərabər satiralarını, qəzəllərini, uşaq şeirlərini, Vətəni, torpağı, qəhrəmanlığı tərənnüm edən şeirlərini daxil etmişdir. Bu şeirlər kitaba “Ümid”, “Vuruluram yavaş-yavaş”, “Fərənin rədd cavabı”, “Höcət adam”, “Yarasa”, “Basqal lövhələri” və “Nağıl poema” adları ilə daxil edilmişdir. Kitabdakı uşaq şeirləri çox oxunaqlıdır, dili oynaqdır, yadda qalandır. Ümumuyyətlə, V.Əliyevin şeirlərinin dili sadə və anlaqlıdır. Onun şeirlərində Azərbaycanın düşmən tapdağı altında olan torpaqlarına nisgillik hiss olunur. O doğma Basqalına neçə-neçə şeir həsr etmişdir. Vaqif Basqalın hər daşına, ağacına, bulağına vurğundur. Uzaqda olan əzizlərindən ötrü darıxdığı kimi, Vaqif də bu yerlər üçün darıxır. Basqala həsr etdiyi şeirlərindən birində yazır:
Çoxdur yaşın, qocasan,
Qəlbimdə sən ucasan.
Olanları unudub
Bəlkə, məni qucasan.
Şair burada uşaqlıqda etdiyi şıltaqlıqlara görə “olanları unutmağı” xahiş edir. Kitabın redaktoru şair Şahməmməd Dağlaroğludur.
Əliyev Vaqif Soltan oğlu 1947-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuşdur. 1970-ci ildə Bakı Xalq Təsərrüfatı İnstitutunu bitirərək, iqtisadçı ixtisasına yiyələnmişdir. V.Əliyev hələ gənc yaşlarında bədii yaradıcılığa başlamışdır. Şeirləri rayon qəzetlərində dərc edilmişdir. Uzun illər rəhbər işlərdə çalışdığına görə şeir yazmağa fasilə vermişdir. Vaqif 2002-ci ildə ailəsi ilə birlikdə İsrailin Təl-Əviv şəhərinə köçmüş və burada bədii yaradıcılığını davam etdirmişdir. Şeirləri burada çıxan “Qafqaz” qəzetində və “Mirvari” almanaxında dərc olunmuşdur.
V.Əliyev 2011-ci ildən İsrail Yazıçılar İttifaqının üzvüdür. Üç övladı, üç nəvəsi var.
Qələm dostumuzu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. İnanırıq ki, Vaqif bizi yeni-yeni şeirləri ilə sevindirəcəkdir.
B.Babayev

Şərh Yaz