Qadın böyük qüvvədir

Məhəmməd Peyğəmbər buyurub: “Qadın elə bir zərif məxluqdur ki, onu heç yarpaqla da vurmaq olmaz!”. Çox böyük bir hikmət, insanlıq nümunəsi və haqqın səsi var bu kəlamda. Bu kəlam qadının nə qədər böyük bir qüvvə və müqəddəs varlıq olduğunun bariz təzahürüdür. O, digər bir kəlamda buyururdu: “Cənnət anaların ayaqları altındadır”. Doğrudan da, qadın ana olmaqla yanaşı o, həm də cənnətə layiq bir varlıqdır. Qadın böyük qüvvədir
Məhəmməd Peyğəmbər buyurub: “Qadın elə bir zərif məxluqdur ki, onu heç yarpaqla da vurmaq olmaz!”. Çox böyük bir hikmət, insanlıq nümunəsi və haqqın səsi var bu kəlamda. Bu kəlam qadının nə qədər böyük bir qüvvə və müqəddəs varlıq olduğunun bariz təzahürüdür. O, digər bir kəlamda buyururdu: “Cənnət anaların ayaqları altındadır”. Doğrudan da, qadın ana olmaqla yanaşı o, həm də cənnətə layiq bir varlıqdır.

Dahi şəxsiyyət, ölməz lider Heydər Əliyev də həmişə qadına böyük qiymət, dərin hörmət və ülvi məhəbbət bəsləmişdir. O, həmişə Azərbaycan qadını haqqında qürurla danışmış və gələcək nəsillərə qadına olan sevgi və hörməti daima saxlamağı nəsihət etmişdir. Ulu Öndər 1998-ci il Azərbaycan qadınlarının 1-ci qurultayında demişdir: “Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti və gözəlliyi ilə hər zaman xalqımızın adını uca tutub”. Elə bu məqsədlə də 1998-ci il yanvarın 14-də ”Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında sərəncam imzaladı.
Bir QHT kimi, biz ulu öndərimiz Heydər Əliyevin 2000-ci il mart ayının 6-da imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını və bu uğurlu siyasətin davamı olaraq cənab Prezident İlham Əliyevin 2006-cı ilin 10 oktyabrında imzaladığı “Gender-bərabərliyin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu yüksək qiymətləndirir və maarifləndirmə işlərində bu qanunvericilik aktlarına istinad etməklə bərabər, bütün bu fəaliyyətləri Azərbaycan Qadınına verilən ən yüksək dəyər hesab edirik.
Qadına verilən bu yüksək dəyəri qoruyub saxlamaq tarixin bütün dönəmlərində nəsillərin çiyinləri üzərinə düşən ən çətin və şərəfli məsuliyyət hissidir. Bugünkü cəmiyyətimizdə baş verən məişət xarakterli hadisələrdə qadınlara qarşı edilən şiddət və zorakılıq halları hamımızı narahat edir.
Qadınlar Cəmiyyətin İnkişafı Naminə ictimai birliyi bu narahatlığı nəzərə alaraq, qadınlar arasında maarifləndirməni artırmaq məqsədilə cari ilin aprel-avqust aylarında layihə icra etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə üzrə qadınların ailədə düzgün və sağlam münasibətlər şəraitində yaşaması və ailədə onların heç vaxt məişət zorakılığına məruz qalmamalarının təmin edilməsi əsas məqsədlərdən olmuşdur. Məişət zorakılıqlarına qarşı mübarizədə Azərbaycan Respublikasının qanunvericilik biliklərinin öyrənilməsi üçün təlimlər keçirilmişdir.
Məlumat üçün bildirək ki, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən (02.10.2010) məişət zorakılığı – hal-hazırda, yaxud əvvəllər birgə yaşadığınız şəxslərin sizi cinsi fərqlər əsasında döyməsi, hədələməsi və ya hansısa formada ziyan verməsidir.
Bu hallar kişi və qadınlarla yanaşı, uşaqlar, gənclərə və ahıllara da təsir edir. Məişət zorakılığının 4 növü var:
1. Psixoloji, 2. İqtisadi, 3. Fiziki, 4. Cinsi.
Psixoloji zorakılıq – insanın söz və davranışla alçaldılması, ona müəyyən xoşagəlməz adlarla müraciət edilməsi, şəxsin özünü narahat hiss etməsinə şərait yaratmaq, onun ləyaqətini alçaltmaq, aciz və çarəsiz olduğunu demək, günahlandırmaq və sairdir.
İqtisadi zorakılıq – pul verməmək və ya az qədərində vermək, ailənin ehtiyacları, gəlir və xərcləri barədə məlumat verməmək, qadına aid əmlakla və digə gəlirləri əlindən almaq, istəmədiyi işdə zorla işlətmək, işləyirsə iş həyatına mənfi təsir göstərəcək məhdudiyyətlər yaratmaq, ailəyə aid olan iqtisadi məsələlərdə qadının fikrini almadan təkbaşına qərar vermək kimi davranışlardır.
Fiziki zorakılıq – yumruq, təpik vurmaq, əl-qolunu bükmək, boğmaq, bağlamaq, saçını yolmaq, kəsici və zədələyici alətlərlə zədələmək, yandırıcı maddələr və qaynar su ilə yandırmaq, bədənində siqaret söndürmək, əllərini, ayaqlarını əzmək, şikəst qoymaq, işgəncə vermək, qeyri-sağlam mühitdə yaşamağa məcbur etmək, sağlamlıq xidmətlərindən faydalanmasına mane olaraq fiziki zərər görməsinə səbəb olmaq kimi hərəkətlərdir.
Cinsi zorakılıq – Qadını istəmədiyi yerdə, istəmədiyi zamanda və istəmədiyi formada cinsi əlaqəyə məcbur etmək (zorlama), digərləri ilə cinsi əlaqəyə məcbur etmə, uşaq dünyaya gətirməyə, aborta, insestə (qohumlararası cinsi zorakılıq), fahişəliyə məcbur etmə, zorla evləndirmək, telefonla, məktubla ya da sözlə cinsi narahatlıq verən davranışlar etməkdir.
Zorakılığın mənfi nəticələri aşağıdakılardır:
Bədəndə müxtəlif xəsarətlərin yaranması;
Psixoloji zədələrin qazanılması;
Boşanma hallarının yaranması;
İntihar və intihara cəhd hallarının yaranması;
Qadınların sağlamlıqlarında problemlərin yaranması;
Fiziki zorakılıq zamanı zədələrin, şikəstliyin qazanılması;
Hamiləlik zamanı keçirilmiş stresslərin nəticəsində xəstə uşaqların doğulması;
Şəxsiyyətin deqradasiyası – ikiüzlülük, yalan və yaltaqlığın yaranması;
Qadın, uşaq və ahılların küçələrə atılması hallarının yaranması;
Əks-zorakılığın yaranması və özünümüdafiə vəziyyətinin seçilməsi (qadın və uşaqlar tərəfindən);
Zorakılığa məruz qalanın öldürmə həddinə gəlib çatması və qatilə çevrilməsi və s.
Biz inanırıq ki, Azərbaycan qadını bu sahədə maariflənərək xeyli düşünəcək və belə bir nəticəyə gələcək: “Mən məişət zorakılığına YOX deyirəm. Onun qurbanı olmaq istəmirəm. Yaxınlarıma da biliklərimi çatdıracağam ki, bu gündən məlumatlı olsun!”
Şirinbəyim Atayeva,
QCİNİB-nin sədri

Şərh Yaz