Məhəmmədəli əmi

Onunla ilk tanışlığım telefon söhbətimdən yarandı. Əvvəlcə ona zəngimin məqsədini bildirdim. Nədənsə, tərəddüd etdi. Mən isə bunu bir təvazökarlıq kimi qiymətləndirdim.Məhəmmədəli əmi
Onunla ilk tanışlığım telefon söhbətimdən yarandı. Əvvəlcə ona zəngimin məqsədini bildirdim. Nədənsə, tərəddüd etdi. Mən isə bunu bir təvazökarlıq kimi qiymətləndirdim.
Yağışlı bir aprel günündə “Büllur qabların yapışdırılması” atelyesini tapdım və içəri daxil oldum. İçəridə yaşlı, nurani bir kişi oturmuşdu. Salamlaşdıq. Zənnim məni aldatmamışdı. Bu, Məhəmmədəli əmi idi. Özümü təqdim elədim. Girişsiz-filansız başladı öz həyatı barədə mənə danışmağa. O danışdıqca mənə onun tərəddüdü aydın oldu. Qəribədir, siz yaxşılıq edib əvəzində pislik görmüsünüzmü? Elə bir pislik ki, ömrü boyu ürəkdən qəlpə kimi asılıb qalsın. İnanın, bu nurani qocanın söhbətinə qulaq asdıqca ürəyim sıxılır, gözlərim yaşla dolur, məni qəhər boğurdu. Təbiət niyə bu qədər insafsızdır, qəddardır? Axı niyə belə təmiz qəlbli insanlar kimlərinsə iftiralarının, böhtanlarının ucbatından indinin özünə qədər əzab çəkməlidirlər? Həyatın nə qəribə qanunları var və nə qəribə taleli insanlar yaşayır bu həyatda. Axı Məhəmmədəli əminin arzularını puç etməsəydilər, ona mane olmasaydılar, bəlkə də indi ilk azərbaycanlı təyyarəçilərimizdən biri kimi adı şan- şöhrətlə çəkilər və hər bir əlamətdar gündə onu handa bir mötəbər yerlərdə iftixarla axtarardıq. Lakin təəssüf ki, Vətənimizin ən çətin günlərində belə xalqının, yurdunun müdafiəsində öz canını qurban verməyə hazır olan, vaxtilə yoldaşları arasında ağlı, düşüncəsi və cəsarəti ilə fərqlənən bir insan indi unudulub, onun günahsız, lakin acı taleyi heç kəsi narahat etməyib.
Yəqin ki, bu kiçik yazımla onun keşməkeşli həyatı sizi də maraqlandırdı. Çünki onun da taleyi dövrün ciddi rejiminə məruz qalmış yüzlərlə insanın taleyinə bənzəyir. Bəzilərinin indiyə qədər ürəyində bu yaralar qövr edir, bəziləri isə amansız hökmün qurbanı olublar. Məhəmmədəli əmi deyir ki, yəqin elə xeyirxahlığım məni o qurbanların sırasından xilas edib. Axı 1936-37-ci illərin haqsız güllələrindən biri də mənə dəyə bilərdi.
O, 1907-ci ildə Lahıcda anadan olmuşdur. Hərbi xidmətini Hacıkənddə keçirmiş, bir ildən sonra Bakıya gəlmiş və bölmə komandiri olmuşdur.
Onun dediklərindən: Bir gün biz cərgəyə düzülən vaxt polkovnik Seyfulla Mehdiyev (artıq Lahıcın bu igid hərbçisi haqqında məlumatınız var) və komissar Yusifov bizə yaxınlaşdılar. Polkovnik Seyfulla Mehdiyev dedi:
-Heç Hacıkənddə uçan təyyarələri görmüsünüzmü? Bilirsiniz ki, bu təyyarələri idarə edənlər var, onlar özbaşına uçmurlar ? Bəs niyə bu təyyarəçilərin arasında bizim azərbaycanlı oğullarımızdan olmasın? Sizlərdən hansınız aviasiya kursuna yazılmaq istəyir?
-Mən, – deyə bir addım irəli gəldim.
Belə qəti qərara gəlməyimin səbəbini soruşdular, dedim:
-Mən çoxdan uşaqlıq dostum Yaquba həsəd aparıram. O, hərbi təyyarəçidir.
Yeri gəlmişkən, qeyd edim ki, Yaqub Sultanov da Lahıc torpağının yetirməsidir, Qasım İsmayılov, Ağa Sultanov və Hökumə Sultanovanın qardaşlarıdır. Hərbi təyyarəçi kimi Azərbaycanın qaranquşlarından sayılır.
Polkovnik Seyfulla Mehdiyev gülümsünüb dedi:
-Mən bu oğlana zamin dururam.
Beləliklə, mən və mənimlə bərabər içərişəhərli Dadaşov və Dağlı məhəlləsindən olan Əliyev – üç azərbaycanlı aviasiya kursuna yazıldıq.
Təlim tam rus dilində keçirilirdi. Rus dilini bilmədiyimizdən nəzəriyyəni öyrənmək bizim üçün çox çətin idi. Qrupumuzda müxtəlif millətlərdən var idi. Azərbaycandan isə təkcə biz üç nəfər idik.
Bir gün polkovnik S. Mehdiyev təlim prosesini yoxlamağa gəldi. Rus dilində keçilən təlimi başa düşmədiyimiz barədə ona müraciət etdim. O isə əvəzində bizim üçümüzü də biri-birindən ayırıb başqa qruplarda yerləşdirilməyimiz barədə sərəncam verdi. Və beləliklə, mən artıq rus dilini mənimsəyə bildim. Hətta, sonralar iki azərbaycanlı dostumla bərabər Saratov vilayətinin Balaşov şəhərində aviasiya məktəbində təhsilimizi davam etdirdik.
Nəhayət, bir gün, çoxdan gözlədiyimiz məqam – təyyarə sürmək zamanı gəldi. Yoldaşlarımla bərabər yaman həyəcan keçirirdik. Təyyarəni birinci özüm idarə edəcəyimi bildirdim. Bəli, bu mənim ilk uçuşum oldu. Hər yerdən təriflər, alqışlar eşidirdim. Hətta, Bakı Sovetinin binasının önündə böyük bir plakatda şəklim çəkilmiş və altında bu sözlər yazılmışdı: “Azərbaycanın ilk mülki təyyarəçisinə eşq olsun”.
Məhəmmədəli əmi mənə 12 yanvar 1968-ci ilin “Cоветский aвиатор” qəzetini göstərir: ” Azərbaycanda vətəndaş (yəni mülki) aviasiyasının tarixi ” bölməsində II beşillik (1926-32-ci illər) və ölkənin sənayeləşdirilməsi dövrü adlı bir yazıda (müəllifi Y.Koqan) oxuyuram: “ 1931-ci ildə aviasiya məktəbini bitirmiş M.Həsənov… və b. Təyyarəni əla texnika ilə idarə edənlərdir”.
Yenə də onun öz söhbətinə qayıdaq…
Beş il aviasiya məktəbində müəllim işlədim. Sonra isə Kuybışevə göndərildim. Kuybışevdə kolxozlara təyyarə vasitəsilə poçt daşıyırdım.
Bir gün Balaşovda aviasiya məktəbində mənimlə təhsil almış dostlarımdan biri mənə başqa bir iş təklif etdi. Beləliklə, rayon partiya komitəsinin sərəncamı ilə Kuybışevdə kənddən-kəndə, kolxozdan-kolxoza təyyarə vasitəsilə yük daşıyırdım.
Bir dəfə, uçuş zamanı təyyarə xarab olur və mən yerə enməli oluram. Hava qaraldığı üçün gecəni bir evdə keçirməli oldum. Sən demə, bütün ailə traxoma – göz xəstəliyinə tutulubmuş. Səhərisi gün işə qayıdanda artıq gözlərimin yavaş-yavaş qızardığını və ağrıdığını hiss etdim. Xəstəliklə əlaqədar xəstəxanada yatmalı oldum. Müalicə edildikdən sonra bir müddət Moskvada hava limaanında mülki təyyarədə işlədim. Bir müddət sonra Bakıya qayıtdım. O vaxtlar aviasiya üzrə Ümumzaqafqaziya həmkarlar ittifaqı Gürcüstanda yerləşirdi. Aviasiya sahəsində Azərbaycanın, Ermənistanın və Gürcüstanın bir həmkarlar ittifaqı var idi. Sonralar hər respublikanın öz ittifaqı yaradıldı.
Bir gün Mircəfər Bağırov məni yanına çağırtdırdı. Düzü, bu çağırış ürəyimdən olmadı. Çünki onun oğlu da vaxtilə mənimlə bir yerdə oxumuşdu. Hər dəfə içki içir, başı əyləncələrə qarışdığından dərslərə vaxtlı- vaxtında gəlmirdi. Onun bu hərəkətləri bizim ətrafımızda olan azərbaycanlılar üçün bir ləkə idi. Oğlunun hərəkətləri barədə M.C.Bağırova məktubla məlumat vermişdim. İndi də bu çağırışın oğlu ilə əlaqədar bir çağırış olduğunu güman edirdim. Lakin düşündüklərimin əksi oldu. O mənə dedi:
-Sən işində düz və təmizsən. İşindəki prinsipiallıq mənim xoşuma gəlir. Azərbaycanda aviasiya həmkarlar ittifaqı yaradılır və səni bu ittifaqın sədri təyin edirəm.
Etiraz etsəm də təkidimə baxmayaraq, məni həmkarlar ittifaqının sədri seçdilər.
İşlərim pis getmirdi. Hamının yanında hörmət qazanmışdım. Heç kəsdən köməyimi əsirgəmirdim. Ancaq bir gün belə bir köməyimin ömürlük damğasını qazandım.
Dəstəmizdə üç nəfər Gəncədən təyyarəçi var idi. Bir dəfə bu üç gəncəli, iki rus və bir erməni təyyarəçi kefli halda küçədə gəzişirlər. Bir milis nəfəri onları kefli görüb başlayır kobud sözlərlə tənbeh etməyə. Təyyarəçilərdən biri zibil qabını götürüb keçirir bu milis nəfərinin başına. Bununla da onları aviasiyadan uzaqlaşdırırlar. Onlar yenidən öz iş yerlərinə bərpa olmaq üçün ərizə verirlər. O birilərin xahişləri nəzərə alınır, lakin bu üç gəncəli təyyarəçinin məsələsinə baxılmır. Onlar həmkarlar ittifaqının sədri kimi mənə müraciət edirlər. Mən bu məsələyə bir də baxılmasına müvəffəq oldum. Amma o üç nəfər artıq ərizələrini vermiş və Gəncəyə getmişdilər. Mən onlara kömək məqsədilə onların yenidən öz iş yerlərinə bərpası üçün əlimdən gələni etdim. Bir çox yerlərə müraciət etdim. İclas çağırıldı və səs çoxluğu qazanıldı. Beləliklə, onlar yenə də öz iş yerlərinə bərpa olundular. İndi isə onları geriyə qaytarmaq üçün xəbərdar etmək lazım idi.
Lakin… elə bütün bəlalar da buradan başladı. Söylədiyim bu hadisələr 1939-cu ildə baş vermişdi. Sən demə, bu üç qoçaq Tiflisə gedər və bir təyyarəni qaçırdıb İran tərəfə keçərlər. Onları müdafiə etdiyim üçün məni mühakimə etməyə başladılar. Mən isə onları inandıra bilmədim ki, bu üç nəfəri yalnız təcrübəli, yaxşı peşəkar təyyarəçi olduqları üçün müdafiə edirdim. Bizim isə o dövrdə bilikli, bacarıqlı təyyarəçilərə ehtiyacımız çox idi.
Neyləyim ki, onları başa salmaq mümkün deyildi. Güclə boynuma qoydular ki, güya onların qaçması üçün şəraiti mən yaratmışam.
Evlərində axtarışlar etdilər. Birinin həyat yoldaşından zorla uşağı almaq istəyirdilər. Ana ilə balanı belə vəhşiliklə biri-birindən ayırmalarını görəndə dözə bilmədim. Yaxınlaşıb dedim:
-Bu nə vəhşilikdir? İnsanla da belə rəftar edilərmi?
Axtarışı soyadı Məmmədov olan bir nəfər aparırdı. Onu orada təhqir etdiyim üçün sonradan məndən çox qisaslar aldı. Dəfələrlə mənim əlimdən müxtəlif yerlərə şikayətlər etdi.
Bir gün Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev iclas çağırtdırır. Mənim və bir neçə yoldaşımın məsələsini müzakirəyə qoyurlar. Hətta, Məmmədov mənim haqqımda olanlardan çox, olmayanları danışdı. Söhbətin mənim barədə getdiyini hələ də dərk edə bilmirdim. Bununla da məni və on səkkiz azərbaycanlı təyyarəçini aviasiyadan uzaqlaşdırdılar. Elə bil ki, göydə pərvaz edən quşların qanadlarını qırıb yerdə çapalamqlarına tamaşa edirdilər. Sanki “təmizlənmə işləri” başqa millətlərdən olanlara yox, məhz azərbaycanlılar üçün aparılırdı. Arxa planda gizlənmiş ermənilərin çubuğu altında oynayan bəzi “həmvətən”lərimizin toruna düşmüşdük.
Mən Moskvaya – Mərkəzi Komitəyə qədər şikayət yazıb günahsız olduğumu bildirir və əvvəlki iş yerimə bərpa olunmağımı tələb edirdim. Bütün bunlar hamısı əbəs yerə imiş. Axı o vaxt mən hardan biləydim ki, bütün bunlar “yuxarılar”ın biz azərbaycanlılar üzərində qurduğu mənfur bir siyasətdir.
Dəfələrlə müxtəlif idarələrdə işləmək üçün müraciət etdim, lakin hər yerdən kobud sözlər eşitdim. Elə o vaxtdan mənəvi ölümün dadını duymağa başladım. İşsiz isə qalmaq mümkün deyildi. Ailəni dolandırmaq lazım idi. İş axtara-axtara qalmışdım. Buna yaşamaq yox, sürünmək deyərlər.
Nəhayət, bir gün məni Dəri-Qalanteriya fabrikində işə götürdülər. Ən çətin və ağır bir sexdə işə başladım. Demək olar ki, sexdə tam özbaşınalıq hökm sürürdü. Fəhlələrin sərxoşluğu, işlərinə qarşı laqeydliyi məni heyrətə salmışdı. Ümdə məqsədim kollektivi ələ almaq və qayda-qanun yaratmaq oldu. Təşkilatçılıqda səriştəm olduğu üçün məqsədimə nail oldum. Həmişə plandan kəsiri olan sexin faizi 100-150-yə çatmışdı. Fabrikdə böyük hörmət qazanmışdım.
(Ardı var)
M.Hacıyeva

Şərh Yaz