Yaddas kitabcasi

Nizami və kainat

Maqnit olmasaydı eşqin əsiri,
Çəkməzdi özünə dəmir zənciri

Nizami və kainatNizami və kainat

Maqnit olmasaydı eşqin əsiri,
Çəkməzdi özünə dəmir zənciri

Dahi Nizami poeziyasına az-çox bələd olan hər kəs göstərilən təbiət qüvvəsinin onun tərəfindən nəzmə çəkildiyini söyləyə bilər.
Təfəkkürün az hissəsi tapılar ki, Nizami özünün aydın və hikmətli fikirlərini söyləməsin, insan həyatının elə bir mühüm cəhəti yoxdur ki, Nizami yaradıcılığında inikasını tanımasın. Nizami dövrünün təkcə şairi olaraq qalmır. O, tarix, fəlsəfə, incəsənət, tibb və başqa sahələr üzrə də dərin fikirlər yürüdərək zamanın hər tərəfli inkişaf etmiş adamı olduğunu sübut edir. Şairin böyüklüyü bir də orasındadır ki, öz fikirlərini nəzmə çəkə bilir. Bu haqda şair deyir:
Sözə nizam vermək asandır asan,
Ancaq nəzmə gərək əmək qoyasan.
Şair təbiəti insanı bütün varlıqlardan üstün yaratmış olduğunu söyləyir və onu təbiəti, həyatı, mümkün olduqca dərindən dərk etməyə, bütün sirləri aşkar etməyə çağırırdı:
Anlayıb düşünək hər şeyi gərək,
Hər sirri açmaqla hünər göstərək.
Böyük sənətkar idrakın mütləq olmadığını hiss edir, insana xırda və məlum görünən şeylərə belə, daha açıq nəzərlə baxmağı məsləhət görür:
O şey ki, bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır.
Nizami və kainat
Şair təbiət hadisələrinin izahında öz dövrünə görə çox mütərəqqi fikirlər söyləyirdi. Onun fəlsəfi fikirlər sistemi, xüsusən təbiət hadisələrinin izahı maraqlıdır, aləm haqqında metafizik fikirlərə ziddir. Nizami bütün varlıqların hərəkət etdiyini və dünyanın yuvarlaq olduğunu söyləyir:
Bu kürə şəklində yalnız yer deyil,
Hər xətt ki, hərlənir, yuvarlaqdır bil.
O, bir filosof kimi təbiətin parlaq fikirlərlə izahında, varlığın mahiyyəti məsələlərində düşündürücü fikirlər irəli sürür. Əlbəttə, təbiət elmlərinin orta əsrlərdə kifayət qədər inkişaf etməməsi şairin bu sahədə biliklərini məhdudlaşdırmaya bilməzdi. Məsələn: günəş sisteminin o dövrdə ancaq, yeddi planeti məlum olduğundan, şair çox vaxt yeddi göy, yeddi səma, yeddi otaq və s. ifadələrdən istifadə edirdi.
Nizami özünün nücum elmi üzərində qurduğu “Yeddi gözəl”ini yeddi ulduz əsasında inkişaf etdirir. Günbəzlərin, şahzadə qızların, günlərin, rənglərin yeddiliyini səyyarələrlə (planetlərlə) əlaqələndirir. Şair yeddi ölkənin gözəlləri yaşayan müxtəlif rəngli günbəzləri ayrı-ayrı planetlərin timsalında verir.
Nizami dövründə kainatın quruluşu haqqında Ptolomey sistemi-geosentrik sistem mövcud olduğundan, şair əsərlərində yerin tərpənməz hesab etmiş, planetlərin isə yer ətrafında dolandığını yazmışdır:
Göyün səyyahları bilirsən neçin,
Daima dolanır başına yerin?
Yaxud:
Yetməzmi dövr etməyin, bir az, yavaş ey fələk,
De, sabit duracaqsan, ey yer, sən nə vaxtadək?
Lakin artıq məlumdur ki, günəş yerin ətrafında deyil, qalan planetlər kimi yer də günəşin ətrafında Kepler qanunlarına “tabe”olaraq fırlanır.
Şair insanı kainatda nadir inci hesab edir, onu bütün varlıqlardan üstün bilir, bir materialist kimi təbiət hadisələrini şüurumuzdan asılı olmadan baş verdiyini deyir. ”Sirlər xəzinəsi”ndə xilqət haqqında yazarkən insanlara xitabən ay tutulması zamanı təşt döyməyin mənasız olduğunu söyləyir:
Sən olmamışdan əvvəl gecə tutulanda ay,
Etməzdi təşt döyməyin bu qədər onu rüsvay.
Yaxud:
O zaman beli bağlı covza bürcünün baxtı,
Səndən qan götürmənin vərəmindən uzaqdı.
Qədim tibdə hər il günəşin covza bürcündə olduğu vaxt insanlar vərəmə qarşı özlərindən qan aldırardılar. Şair deyir ki, əvvəllər də günəş bu bürcdən keçərdi, lakin nə insan var idi, nə vərəmi, nə də ona qarşı qanaldırma.
Dahi şair təbiətin qanunauyğunluqlarını dərk etmiş, yeri gəldikcə onlardan bədii təsvir vasitəsi kimi istifadə etmişdir:
Göydə parlasa da nə qədər ulduz,
Günəşdir aləmə nur verən yalnız.
Leyli öz məktubunda Məcnuna yazır:
Mən ayam, sən də bir günəşsən inan,
Mən səndən alıram işığı hər an.
Ayın özü işıq mənbəyi deyildir. O yalnız günəş işığını əks etdirdiyi üçün bizə işıqlı görünür. Şair bu mənada Leylini aya, Məcnunu günəşə bənzədir ki, ayı işıqlı edən günəş işığı olduğu kimi, Leylini də tanıdan Məcnun, Məcnunun eşqidir.
“İsgəndərnamə” poemasında İsgəndərin şimal qütbünə dirilik suyu üçün səfərini şair belə təsvir edir:
Atını şimala doğru çaparaq,
Günə gərdişindən düşdü çox uzaq.
Məlumdur ki, qütbə yaxın yerlərdə ilin müəyyən vaxtında günəş çıxmır, müəyyən vaxtında isə o səmada çox az görünür. İsgəndərin səfəri belə vaxta təsadüf etmişdir:
Fələyin qütbündən doğunca işıq,
Azacıq keçmədən sönürdü artıq.
İsgəndərin qütbə yaxınlaşması isə şair çox gözəl nəzmləşdirmişdir:
Üfüqə baş qoydu xətti-üstüva,
Qütb isə kənardan keçdi ortaya
İsgəndər şimal qütbünə yaxınlaşdıqca üfüq müstəvisi ekvator müstəvisinə paralelləşir, qütb isə üfüq müstəvisi üzərinə düşür.
Bir qayada olaraq “Xəmsə”yə daxil olan əsərlərində Nizami bədii təsvir vasitələrinin müxtəlif növlərindən istifadə etmiş, gözəlləri aya, ulduzlara bənzətməklə güclü təşbehlər yaratmışdır.
Məsələn:
Bütün səyyarələr, sabit ulduzlar,
O taxtın üstündə tutmuşdu qərar.
Şair öz evində təkcə “quru səlamı”na möhtac olan İbn-Səlamı da eşqi ilə əldən salmış Leylini aya oxşadır:
On dörd günlük o ay, o nazik bədən,
Bunu da salmışdı eşqilə əldən
Leyli və Məcnun məktublarını bir-birinə yetirən Zeydi isə şair “göyün çalğıçısı” Zəhraya (Venera) bənzətmişdir.
Ay ilə Günəşin arasında tək,
Qasidlik edirdi o da Zöhrə tək.
“Xosrov və Şirində”
Hindli tək eylədi səcdə pəriyə
Sanki Ütariddi o Müştəriyə
misralarında Xosrovun, hindli mələk heykəllərinə baş əyən kimi Şirinə baş əyməsi və özünü Merkuri planeti Yupiterin qarşısında çox kiçik olduğu kimi kiçik görməsi ifadə olunmuşdur.
“Xəmsə” də hadisələrin baş vermə vaxtında nəzmə çəkilərkən astronomiya elmindən istifadə edilir ki, bu da əsərin bədii dəyərini artırır.
Məsələn:
Günəş Dəlv bürcündən çıxdı qırağa,
Girdi Hut bürcündə balıq tutmağa
Günəş Dəlvdə yanvar, Hut bürcündə isə fevral ayında olur. Bununla şair əvvəlcə təsvir etdiyi məclisin təşkil olunduğu vaxtın yanvardan fevral ayında keçən gecə olduğunu oxucuya çatdırır.
Səhərin gec açılması “Xosrov və Şirin”də belə ifadə olunmuşdur:
Cənub ulduzları kürt düşüb qalmış,
Şimal gözəlləri yuxuya dalmış.
Şimal gözəlləri kimi Böyük Ayı bürcünün ulduzları ifadə edilmişdir ki, onlar qışın müəyyən vaxtında göyün günlük zahiri fırlanması nəticəsində səhərlər üfüq müstəvisindən qalxmalıdırlar.
“Sirlər xəzinəsi”ndə “Peyğəmbərin meracı”-yəni göylərə səfəri zamanı gecədən nə qədər keçdiyi Zöhrə planeti ilə təyin edilir:
Gecəsinin qədərini bilməyi edib arzu,
Gecə ölçən o Zöhrə aldı ələ tərazu.
Zöhrə planeti – Venera həmişə günəş batandan bir qədər sonraya kimi qərbdə və səhərlər günəş çıxmamış şərqdə görünür. Qərbdə onu müşahidə etməklə günəş batmasından nə qədər keçdiyini demək olar. Lakin qeyd etmək lazımdır ki, yerdən Günəşə və Veneraya doğru çəkilmiş istiqamətlər arasındakı bucaq kifayət qədər böyük olmadığından Veneranı gecənin ixtiyarı vaxtında görmək olmur və “gecənin qədərini” ölçmək mümkün deyil.
Məlumdur ki, günəş göy sferində zahiri hərəkəti zamanı 12 bürcdən keçir və günəş hər bürcdə təqribən bir ay olur. Qədim nücum elminə görə səmada ulduzların vəziyyəti və günəşin hansı bürcdə olmasından asılı olaraq baş vermiş hadisə uğurlu və ya uğursuz hesab edilə bilər. Nizami hadisələrin gedişində bundan istifadə etmişdir.
İsgəndərin doğulması zamanı münəccimlər “ulduz tərəzisi”ni ortaya gətirir, onun bəxtinə baxırlar:
Ulduz tərəzisi ortaya gədi,
Taleyi göründü Əsəd bürcündən
Əsəd bürcü isə şücaət və qüvvət əlamətidir.
Günəş də Həməldən alaraq şərəf,
Meyl edər bilikdən əmələ tərəf.
Yəni bu zaman günəş də bilik və əmək nişanəsi olan Həməl bürcünə girmişdir ki, bunlar da İsgəndərin xoşbəxt gələcəyindən xəbər verir.
Şair yeri gəldikcə ulduzlar və planetlərlə əlaqəli əfsanələrdən istifadə edir, öz fikrini tamamlayır.
Başladı ürək, dil, şeir yaz deyə,
“Harut”, ”Zəhrə” tək cadugərliyə. Öz sənətinə yüksək qiymət verən böyük şair onu çox yüksəklərə qaldırır. Qəlbi isə daha böyük əsərlər yaratmaqla döyünən şair öz arzusunu qədim əfsanələrin birində eşqdə sehrbazlıq edib göylərə qalxan Zöhrə adlı qızın sehri ilə müqayisə edir.
Eşq ucbatından səhraya düşmüş Məcnunu evə qaytarmaq istəyən atası, onunla vidalaşarkən dediyi:
Araba, mancanaq daşını heç kəs,
Fələk divarına söykəyə bilməz.
misralarını Arximedin “Mənə istinad nöqtəsi verin, Yer kürəsini qaldırım” sözləri ilə tutuşdursaq, axırıncının misralarda nəzmləşdiyini güman etmək olar.
Göründüyü kimi, “Xəmsə”yə daxil olan əsərlər, yalnız yüksək eşq dastanı deyildir. Bu əsərlər şairin təbiət və həyat haqqında fəlsəfi görüşlərini də ifadə edir.
Ümumiyyətlə, Nizami əsərlərində bir alim kimi təbiət qanunlarına, elmi kəşflərə tədqiqatçı münasibəti göstərir, əsasız nəzəriyyələrə arxalanmır, həmçinin öz mülahizələrini söyləyir. Bu qəbildən “Xəmsə”dən yığın-yığın misralar göstərmək olar.Ən inandırıcısı isə “Xəmsə”ni sətir-sətir diqqətlə oxumaqdır.
Qalib Bəşirov

Şərh Yaz