Günü-gündən dəyişən şəhər

Günü-gündən dəyişən şəhərGünü-gündən dəyişən şəhər

Deyəsən, şəhərimizdə uzun müddət abadlıq sahəsindəki buz əriməyə başlayıb. İndi şəhər sözün əsil mənasında tikinti meydançasını xatırladır. Həmişə gedib-gəldiyim, gündə şahidi olduğum küçədən, yoldan başlamaq istərdim. Şəhərin giriş hissəsi olan Nizami küçəsində gedən tikinti-abadlıq işləri sürətlə davam etdirilir. Küçənin alt və üst tərəfində ucaldılan qala divarları, piyada səkilərinə döşənən daşlar, burada quraşdırılacaq işıqlandırma sistemi daha gözoxşayan olacaq. Küçənin Olimpiya Kompleksinədək olan hissəsində ikitərəfli yol düzəldilib və nəqliyyatın hərəkəti xeyli asanlaşıb, bu həm də təhlükəsizlikdir.
Hazırda yaşadığımız ikimərtəbəli yaşayış binaları da yaxın illərdə sökülərək beşmərtəbəli müasir evlərlə əvəzlənəcək. Bu müasir yaşayış sahəsində hər cür xidmət şəbəkələri fəaliyyət göstərəcəkdir. Burada uşaq bağçası, idman və əyləncə meydançaları da sakinlərin ixtiyarına veriləcəkdir.
Şəhərin M.Orucov küçəsi gündən-günə görkəmini dəyişir. İlk öncə bu küçədəki hündür ağaclara forma verilməsi diqqəti çəkir. Əvvəllər buradan piyada keçənlər başlarını əyməli olurdular ki, ağacların qol-budaqları üz-gözlərinə dəyməsin. Alt budaqlar kəsiləndən sonra küçə sanki daha işıqlı və geniş görünür. Küçənin əksər hissəsi paslı dəmir, şifer və kor-kobud taxta parçalarından ibarət olan hasarlarından əsər-əlamət qalmayıb. Bütün bunlar sökülərək yerinə mişar daşlarından hasar ucaldılır. Küçə boyu hasarlar səliqə ilə suvaqlanıb. Küçəyə daha yaxın köhnə təsərrüfat tikililərinin damları sökülərək yeni, müasir materialla örtülür. Şəhərin mərkəzi küçəsinin işıqlandırılması da yeniləşəcək. Onu da qeyd edə bilərik ki, şəhərin bütün küçələrinin işıqlandırma sistemi tamamilə yenidən qurulması nəzərdə tutulub. Tezliklə buradakı yenidənqurma işləri başa çatandan sonra küçənin asfaltlaşmasına başlanacaqdır.
Şəhər nəqliyyatındakı dəyişikliklər də sakinlərin ürəyincədir. Kiçik tutumlu, dar avtobusları iri avtobuslar əvəz etmişdir. O, qədər olub ki, əvvəllər darısqallıqdan avtobusa otura bilməmişəm, mənim kimiləri çox olub. İndi sakinlər rahatlıqla bu nəqliyyatdan istifadə edirlər.
Şəhərin Əbülhəsən küçəsində yeni avtovaqzalın inşası davam etdirilir. İsmayıllı-Muğanlı yolunun (şəhərin girəcəyində) üstündə fəaliyyətə başlayacaq avtovaqzal yaxın aylarda istifadəyə veriləcək.
Şəhərin mərkəzində yeni uşaq bağçasının təməli qoyulmuş və orada inşaat işləri davam etdirilir. Tezliklə tikiş fabriki də işə başlayacaq və burada 100 nəfərə yaxın qadın əmək fəaliyyətinə başlayacaqdır.
Rayon mərkəzində hələ keçən ildən su və kanalizasiya sisteminin yenidən qurulmasına başlanmışdır. İşin bir qismi görülmüşdür. İnanırıq ki, yaxın zamanlarda həyat üçün vacib olan bu işlər də başa çatacaq və indi rastlaşdığımız bir sıra çətinliklər arxada qalacaqdır. Burada başlanan bütün işlərdən söz açmağa imkanım yoxdur. İnşallah, yaşayarıq, görərik.
Bütün bunlar nəyin səmərəsinə başa gəlir. Birincisi odur ki, işi əsil sahibinə tapşırıblar. Yeni işə başlamış icra başçısı Mirdaməd Sadıqovun işi bacarıqla qura bilməsi, mütəxəssislərlə görüşməsi, məsləhətləşməsi öz səmərəsini verməkdədir. O hər bir kəsi dinləyir, təklif və rəyləri diqqətlə öyrənir, adamları işgüzarlığa səsləyir, qurub-yaratmağa həvəsləndirir, yeri gələndə köməyini əsirgəmir. Mirdaməd müəllim prezident İlham Əliyevin tapşırıqlarını layiqincə yerinə yetirməyə başlayıb. Bu işdə hər birimiz ona dəstək olmalıyıq. Allah başladığınız işlərdə sizə yardımçı olsun!
Sonda hisslərimi qəlbimdən gələn şeirlə ifadə etməyə çalışmışam.
Təbiət qışını çəkib dağlara,
Bizə allı-güllü yazı göndərib.
Xəyalı, yalanı heç eyləyiblər,
Haqqı, doğruluğu, düzü göndərib.

Var olsun haqq yolu, ədalət yolu,
Var olsun xalqımın cəsarət yolu.
Elin qədrin bilən müqəddəs oğlu,
Bizə arxa duran sizi göndərib.
Məhəbbət Osmanova,
şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz