Söhbət gələcək nəslin taleyindən gedirsə…

 

“Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin sədri Büllur Məmmədova kütləvi informasiya vasitələrinə verdiyi növbəti müsahibəsində narkotik probleminin hazırda bütün dünyada, o cümlədən Azərbaycanda da aktual olduğunu deyib. Onun sözlərinə görə, narkotik vasitələr və narkomaniya ilə mübarizə sahəsində milli strukturlarımızın apardığı mübarizə effektiv aparılır. “Məhz bunun nəticəsidir ki, hər gün nə qədər insan həbs edilir. Digər səbəb ondan ibarətdir ki, müasir informasiya-kommunikasiya texnologiyalarının bürüdüyü indiki dünyada hüquq-mühafizə orqanları elmin və texnikanın ən sonuncu nailiyyətlərindən istifadə edib narkotiklərə qarşı mübarizə apardıqları kimi, narkotacirlər də həmin nailiyyətlərdə öz məkrli niyyətlərinə çatmaq üçün sui-istifadə edirlər. Məsələn, son dövrdə narkotacirlərin yeniyetmə və gənclərə öz cinayətkar şəbəkələrinə cəlb etməsində, onları narkotik aludəçisinə çevirməsində sosial şəbəkələrin rolu xeyli artıb. Narkomaniyaya qurşanan gənclərin sayının artmasının səbəblərindən biri budur. Əlbəttə, bütün bunlara qarşı həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyəsində ciddi mübarizə və geniş miqyaslı maarifləndirmə tədbirləri aparılır”.

Billur Məmmədova aparılan tədbirlərin nəticəsi olmaması barədə iddiaları da qəbul etmir.

“O fikirlə razı deyiləm ki, bu tədbirlərin nəticəsi yoxdur. Xeyr, var. İstər müvafiq hüquq-mühafizə orqanları, istərsə də narkomaniyadan əziyyət çəkən gənclərimizin reabilitasiyası ilə məşğul olan mərkəzlərlə işləyən bir insan kimi əminliklə deyə bilərəm ki, bütün istiqamətlərdə görülən tədbirlər mütləq öz müsbət nəticəsini verir. Sadəcə, bütün digər məsələlərdə olduğu kimi burada da cəmiyyətin ayrı-ayrı sosial qruplarının birlik nümayiş etdirməsi həyati vacib əhəmiyyət kəsb edir.

Bu, düşüncədə, yanaşmada və fəaliyyətimizdə olmalıdır”.

QHT rəhbəri orta məktəblərdə psixoloqlar və müəllimlərin də şagirdlərə bu bəla haqqında maarifləndirici söhbətlər etməli olduğunu deyir:

“Söhbət gələcək nəslin taleyindən gedir. Narkomaniyaya qarşı mübarizə üçün kifayət qədər materiallar var. Bu həm elektron, həm də online formada mövcuddur. Müəllimlər bu prosesdə xüsusi fəallıqları ilə seçilməlidir”.

İsmayıllı xəbərləri”

Şərh Yaz