“Dağ çiçəkləri”         

 

Dost məni çağırsa…

 

Hamı elə bilir bəxtəvərəm mən,

Dərdimi unudub, gülə bilirəm.

Əlimdə vacib iş olanda belə,

Dost məni çağırsa, gələ bilirəm.

 

Torpağa qoymuram bitməz “bəlkə”ni,

Canımtək sevirəm yurdu, ölkəni.

Ehtiyac duyanla halal tikəni,

Özümü tox tutub, bölə bilirəm.

 

Ürəyim, bu dinclik deyildir bəsin,

Allahım, dayandır top-tüfəng səsin.

Vətən, el dərdinə ağlayan kəsin,

Axan göz yaşını silə bilirəm.

 

Bar vermək imkanı yox yalanların,

Nəyi var papağı boş qalanların?

Amalı, əməli düz olanların,

Yolu ha yanadı bilə bilirəm.

 

Getmə Dağlaroğlu, daha dərinə,

Dayaq dur mərdlərin xeyir-şərinə.

Abırsız, həyasız, nadan yerinə,

Xəcalət çəkirəm, ölə bilirəm.

Şahməmməd Dağlaroğlu

 

Alça çiçəkləri

 

Ağappaq ləçəklər yağır üstümə,

Görən ağ yağışmı, yoxsa qardımı?

Küsüb ayrılığa üz tutan gözəl,

Yoxsa hicrandımı, intizardımı?

 

Tərtəmiz arzudur, bəmbəyaz dilək,

Çırpır ləçəkləri, tökür sərt külək,

Yığıb sədəf-sədəf, toxuyub köynək,

Geyinib əyninə ya gen, dardımı?

 

Ağ çətir altında oturmuşam tək,

Doğulur könlümdə min arzu, dilək.

Dolanır başıma pərvanələr tək,

Tapılan xəzinə, dövlət, vardımı?

 

Ağ duman, ağ cüna, buluddur bəlkə,

Durub gözlədiyim umuddur bəlkə?

Bu yanıq könlümü ovutdu bəlkə?

Çəkdiyim hicranmı, ahu-zardımı?

 

Hikməti böyükdür tər çiçəklərin,

Geyinib əyninə ağ libas gəlin.

Sevimli körpə tək məsum, ərköyün,

Dağlar zirvəsində bulud, qardımı?

 

Bəyaz sevdaların ləçəkləridir,

Doğrusu, yalanı, gerçəkləridir.

Sevgilər ağ alça çiçələkləridir,

Görüşə tələsən gözəl yardımı?

                           Murad Məhərrəm

 

Dərin dəryalarda üzmək gərəkdir

 

Gərək dürr tökülə insan ağzından,

Ala ilhamını bahar-yazından.

Götürə çoxundan, çıxa azından

Dola hər savada, elmə, biliyə.

 

Qalmaya geridə, qalmaya dalda,

Onu qorxutmaya yamac da, yal da.

Qalxsın uca dağa gündə min yol da,

Təpər dizə gəlsin, güc də biləyə.

 

Mövlud, çətinliyə dözmək gərəkdir,

Dərində incilər gəzmək gərəkdir.

Dərin dəryalarda üzmək gərəkdir,

Özün öz hayına çatasan deyə.

Mövlud Teymur

 

 

Qənirə       

49-cu baharını sənsiz qarşıladıq, əzizim.

 

Doğum günün sənsizləyib,

Sənsizliyi əzizləyib…

Torpağın buzu gizləyib,

Qənirə.

 

Ağlamaqda yaşıllığın,

Göyərməzdir yaxşılığın…

Olmayacaq yaşlılığın,

Qənirə.

 

Baharda payız kimisən,

Bəxti sönmüş qız kimisən…

El üçün ulduz kimisən,

Qənirə.

 

İlin olacaq payızda,

Göz yaşı tökər payız da…

Adın – duadır ağızda,

Qənirə.

 

Ahu-zarın yoxdur yeri,

Qayıtmayacaqsan geri…

Givinin Əbədi Şeiri,

Qənirə, ah Qənirə.

Giya Paçxataşvili

                     23.03.2024

 

Qalıb

 

Sevmə məni, sevmə, gözəl,

Sevilməli nəyim qalıb.

Daha nə bağçam, nə bağım,

Nə gülüm, çiçəyim qalıb.

 

Ötüşüb vaxtım, zamanım,

Qocalmışam, düşüb canım.

Nə sabaha bir gümanım,

Nə arzum, diləyim qalıb.

 

Bitib dünyayla savaşım,

Quruyub gözümdə yaşım.

Tökülüb ətəkdən daşım,

Boş əlim, ətəyim qalıb.

 

…Yox, sev məni hələ sağam,

Bəlkə Aytək yenə doğam.

Güldən, çiçəkdən bal yığam,

Sinəmdə pətəyim qalıb.

 

Olsam da yoldaş  həsrətlə,

Nisgillə, dərdlə, xiffətlə,

Hələ sənə məhəbbətlə

Verməyə ürəyim qalıb.

Nazir Ziya Talıstanlı

 

Vətən

 

Təkcə sən olmusan əzəldən yarım…

Sən mənə sərvətim – dövlətim, varım.

Dərdini çiynimə yüklə, aparım,

Mən şair adamam, soy məni, Vətən.

 

Bütün ölkələrdən uca, üstəsən,

Sən necə qaynarsan, necə istisən.

Sakit axşamlarda yatmaq istəsən,

Başının altına qoy məni, Vətən.

 

Tez-tez yuxuda da səni anıram,

Mən səni özümə qala sanıram.

Nə vaxtdı sinəndə şamtək yanıram,

Tanrı sənə verib pay məni, Vətən.

 

Dövrün çərxi döndü, yad etdi talan…

Səni axsatmadı bir zərrə, yalan.

Mən sənin qızınam, öz dogma balan,

Sona səni sevir, duy məni, Vətən.

Sona Abbasəliqızı

 

Bilməsəm

 

Düşərdi gözümdən bu fani dünya,

Eşqini Allahdan buta bilməsəm.

Çoxdur cazibəsi bəd əməllərin,

Fikrini başımdan ata bilməsəm.

 

Sevgidir könlümün ən şah əsəri;

Sanki cilvələnir bir nazlı pəri…

Duyğusuz yaşayım yüz il, nə xeyri,

Qəfləti ömrümə xəta bilməsəm.

 

Çağlayan dənizdir könül aləmim,

Fırtınadan doğar sevincim, qəmim.

Məni mənzilimə çatdırmaz gəmim,

Sevgi yelkənimi tuta bilməsəm.

 

Nəfsi əməlimə eləmədim yük,

Üzdən nəşəlidir, içindən çürük.

Qəlbimdə od-ocaq yanır ömürlük,

Şan-şöhrətdən tonqal çata bilməsəm.

 

Sevdalı çağlarım olmayıbdır az.

Görüb səfasını etmişəm pərvaz.

Şahlaram, ömrümün mənası olmaz,

Eşq ilə kamıma çata bilməsəm.

Şahlar Hacıyev

 

Əsgərlərimiz

 

Hərbi xidmət çəkən Zülfüqarın timsalında əsgərlərimizə

 

Sizə güvənmişik çətində, darda,

Siz oyaq, ayaqda yağışda, qarda.

Sizinçün açılır güllər baharda,

Həmişə qüdrətli, hər zaman əziz –

Əsgərlərimiz!

 

Yağıdan torpağı sizinlə aldıq,

Ən uca zirvəyə çatıb ucaldıq.

Arzuya yetişdik, Qələbə çaldıq,

Eldə hamı məğrur, şərəfli, təmiz,

Əsgərlərimiz!

 

Bir qüvvə söndürməz bu haqq məşəli,

Bayraqda, silahda mərd övlad əli.

Ali Baş Komandan dedi: – İrəli!

Saldınız tarixə pozulmayan iz,

Əsgərlərimiz!

 

Şadıq, öyünürük cürətinizlə,

Vətənə, anaya xidmətinizlə.

Sizin gücünüzlə, qüdrətinizlə,

Aya, Günəşə də yol çəkərik biz,

Əsgərlərimiz!

Şərqiyyə Balacanlı

 

Var

 

“Kənd çolpası” adıyla ferma çolpalarını

Təkcə sənə, mənə yox, o birinə də sayan var.

Qorxub Allahdan, haqdan, mən olsam qatammaram,

Qorxmayıb, halallığa haramlığı qatan var.

 

Tənələnmir, qınanmır, olsa qınanmağı da,

Tənə nəticə vermir, qınaq olmur qınaq da.

Qarada dəyir gözə, nəzərə çarpan ağda,

Adamı ağladacaq qədər, səhv var, yalan var.

 

Asta yox, yanırsa da ocaq haray çəkərək,

Bişməyir, az qalır ki, deyə məndən əlin çək.

İstilənməyib əti, gec bişməyə səbəbtək,

Ocağın, odun üstdə yaddan çıxıb yanan var.

 

İşə qiymət verilsin, zay olmasın əmək də,

Çalışırıq yönündə bişirilsin çörək də.

Sənə, mənə baxma ki, dad gəzirik yeməkdə,

Dadlı olmayanları dadlı bilib dadan var.

 

Yol hesab eyləməyir Haqqa inanc yolunu,

Tox olub qoymur gedə düz, taraz ac yolunu.

Tapıb sağaldanacan çarə, əlac yolunu,

Tək yatmayıb, şil-şikəst vicdanıyla yatan var.

 

Yaşatdırıb təəccüb, səbəb olandır mata,

Edib qırxımı qışda, saxlamır yaza, marta.

Qırxılmaqdan ötəri olmasa da yumurta,

Yun qırxıb yumurtadan, baş altına yığan var.

 

Açıb dünyaya gözü, dağ kəndində, köyündə,

Al-əlvan yaşamayıb, olub qara günü də.

İmkan, pul baxımından, qalmış olsa da gendə,

Adam, insan yerinə Tamam Nuru qoyan var.

Tamam Nur Tağlabiyanlı

                                             24 aprel 2024-cü il

 

Sən ola-ola

 

Nə acı bir bəxtdir, nə acı tale,

Sənsiz yaşayır o, sən ola-ola.

Gözlərim yollara döşəli qalıb,

Sənsiz yaşayır o, sən ola-ola.

 

Hicran sinəm üstə məskən salıbdır.

Həsrət ürəyimi dərdə alıbdır.

Qolumda boynunun izi qalıbdır,

Sənsiz yaşayır o, sən ola-ola.

 

Vüsalın nə şirin, tamarzı qaldım,

Qoxunu yuxumda xəyaldan aldım.

Ay Xəzər, heyva tək solub-saraldım,

Sənsiz yaşayır o, sən ola-ola…

Xəzər Miraj Məsimov

 

İstəsən dünyada xoşbəxt olasan

 

İstəsən olasan dünyada xoşbəxt,

Vəfalı dostlarla sən bağla ülfət.

Qəlbi xainlərdən hər an dur uzaq,

Yaxşılıq eyləsə, qoyar tez minnət.

 

İstəsən olasan həyatda xoşbəxt,

Axtarma həyatda var ilə dövlət.

Sadəlik həyatda baş tacıdır, bil,

Gətirər həyatda sənə məhəbbət.

 

İstəsən olasan həyatda xoşbəxt,

Dindir dost-tanışı sən şirin dillə.

Hörmət et, həyatda görəsən hörmət,

Qarşıla hər kəsi sən qoşa əllə.

 

İstəsən olasan həyatda xoşbəxt,

Çəkmə ürəyində bircə zərrə qəm.

Gəz-dolan dünyanı arzu diləklə,

Görməsin gözündə heç bir kimsə nəm.

 

İstəsən olasan dünyada xoşbəxt,

Zövq al alnındakı süzülən tərdən.

İstəsən olasan həyatda xoşbəxt,

Qaç qurtar qeybətdən, yalandan, şərdən.

 

İstəsən dünyada olasan xoşbəxt,

Qısa ömrü yaşa arzu diləklə.

İstəsən dünyada olasan xoşbəxt,

Hər kəsi yad elə geniş ürəklə.

Xuraman Baxış

 

Mübarək

 

Məni sevdin, eşq tilsimdir, qıfılbənd,

Yağış yağar, sel-su daşar, yixar bənd.

Bir pətəkdir, bal ətirli, noğul, qənd,

Şirin, şəkər hər nabatın mübarək.

 

Hər sözüm nazdı, duzdu, məzədi,

Dərzi gəldi, eşq köynəyin gözədi.

Eşqin evin nə tez tikdin, təzədi?

Tağlıdırsa, təzədirsə mübarək.

 

Eşqin dağlarında şəlaləsi var,

Nağıl, əfsanəsi, öz nəğməsi var.

Yarpız, bənövşəli bir əsməsi var,

Baharın çətrində ətrin mübarək.

 

Yerdə, göydə yoxam, axtar tap məni,

Dürrdən, incilərdən yoğur, yap məni.

Könül eşq piridir, bağla sap məni,

Kəramətin, mərhəmətin mübarək.

 

Gözlərin dənizdir, mən didəsiyəm,

Şeyda bülbüllərin, eşqin səsiyəm.

Bir dəli sevdanın mən dəlisiyəm,

Təbəssümün, xöşbəxtliyin mübarək.

 

Royana gəlmişəm, harda görüşək,

Atı yəhərləyək, düzdə görüşək.

Qartopu oynayaq, birgə şürüşək,

Eşq-məhəbbət, hər bir çağın mübarək.

Surə Ziyadqızı

Şərh Yaz