Məqsəd sağlam və əngəlsiz həyatdır      

            

İsmayıllı Rayon İcra Hakimiyyətinin 2024-cü il üçün Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq rayonda “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə həsr edilmiş silsilə tədbirlər keçirilib. Tədbirin keçirilməsi üçün məkan İsmayıllı rayon Heydər Əliyev adına  İvanovka kənd tam orta məktəbi seçilib.

Tədbir öncəsi ulu öndər Heydər Əliyevin kənd mərkəzindəki abidəsi ziyarət olunub, abidə önünə  gül dəstələri düzülüb. Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şərti “yanğın” həyəcan siqnalı verilib, bütün məktəb heyyəti toplanma rayonuna çıxarılıb və şərti “yaralılara” ilkin tibbi yardım üzrə təlim planı nümayiş olunub.

Xilasedicilər tərəfindən şərti yanğın sahəsində köməksiz vəziyyətdə qalan şəxsi heyyət və şagirdlər təxliyyə olunaraq tibb məntəqəsinə çatdırılıb. Daha sonra təlim planına uyğun olaraq, planlar və təxliyyə sxemləri göstərilib. “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda keçirilən təlimin müzakirələri və mütəxəssis rəyləri müəyyənləşdirilməsi məktəbin akt zalında davam etdirilib, rəylər dinlənilib, maraq doğuran suallar cavablandırılıb.

1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbirin davamı məktəbin akt zalında keçirilib. Tədbir iştirakçılarına MM-nin yaranma tarixindən və onun əvəzolunmaz əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin direktoru Əfqan Soltanov açılış çıxışı edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibəti ilə hamını təbrik edib və hamıya sağlam və əngəlsiz həyat arzulayıb.

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki müdafiə hazırlıq şöbəsinin əməkdaşı kapitan  Rəvan Mustafayev mövzu ilə bağlı geniş məruzə edib.

Ərazilərdə keçirilən tədbirlərdə hadisələr zamanı idarə və təşkilat kollektivinin hərəkət qaydaları, əhalinin təxliyyəsi, Mülki Müdafiə siqnalları ilə tanışlıq, siqnallardan sonra hərəkət, fərdi mühafizə vasitələrindən istifadə qaydalarına yiyələnmək, eləcə də təhlükəsizlik tədbirlərinə aid söhbətlər aparılıb.

İvanovka bələdiyyəsinin sədri Oleq Radayev çıxış edərək, əhalinin, xüsusilə də məktəblilərin fövqəladə hallara hazırlığının təbliğinə görə təşkilatçılara təşəkkür edib.

Yekunda  İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Şahin Hüseynov tədbirin keçirilmə səviyyəsindən, məktəbin müəllim və şagird heyətinin vacib məsələyə  hazırlığından razı qaldığını bildirib, məktəbin kollektivinə təhsildə və həyatda uğurlar arzulayıb.

Teymur Məmmədli,

İsmayıllı rayon Heydər Əliyev adına  İvanovka kənd tam orta məktəbinin müəllimi, baş leytenant

 

 

Şərh Yaz