Gələcək nəsillərə nümunə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Novruz bayramı ərəfəsində Bahar qızı, milli geyimli uşaqlar, valideynlərlə birlikdə şəhid Ramil Yusifovun valideynləri Çərkəz nənə və Mürşüd babanı ziyarət ediblər.

Ziyarət zamanı torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Ramil Yusifovun şərəfli ömür və döyüş yolundan danışılıb, şəhidlərimizin qəhrəmanlığı və vətənpərvərliyinin gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.

Sonra Çərkəz nənə uşaqkən bayramı necə qeyd etdiklərindən, qapı pusmalarından, papaq atmalarından, su çərşənbəsində obaşdan bulaq başında yaranan su növbəsindən bəhs edib, Mürşüd baba uşaqlarla yumurta döyüşüb.

Şəhidin xatirə güşəsi ziyarət edilib, uşaqlar şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Bəhruzə Ağazadə

 

 

 

Şərh Yaz