Ən qısa və ən etibarlı yol 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhər 5 saylı tam orta məktəbinin akt zalında  rayonun hüquq-mühafizə orqanları, xidmət idarələri rəhbərlərinin iştirakı ilə məktəbətrafı ərazidə yaşayan sakinlərlə səyyar qəbul keçirib.

Başçı  görüşə gələnləri salamladıqdan sonra onlara yola saldığımız ildə rayonda görülən işlər barədə qısa məlumat verməklə yanaşı, cari ildə görülməsi planlaşdırılmış işlərdən söz açıb.

Səyyar qəbulda çıxış edənlər ərazinin mövcud problemlərini diqqətə çatdırmaqla onların həlli istiqamətində əməli tədbirlərin görülməsini xahiş ediblər. Çıxışlarda problem kimi səsləndirilən məsələlər qeydiyyata alınıb və hər birinin həlli ilə bağlı əlaqədar tərəflərə tapşırıqlar verilib.

Qəbul iştirakçılarının böyük əksəriyyəti rayonda, eləcə də İsmayıllı şəhərində aparılan abadlıq, tikinti-quruculuq işlərinə görə regionların inkişafına yüksək önəm verən  Prezident cənab İlham Əliyevə minnətdarlıq ifadə edib, mövcud problemlərin tezliklə aradan qaldırılacağına da ümidvar olduqlarını bildiriblər.

Qeyd olunub ki, keçirilən görüş və qəbullar əhalini dövlət-vətəndaş məmnunluğuna aparan ən qısa və ən etibarlı yoldur.

Sonda bu məqsədlə mühüm əhəmiyyət kəsb edən görüş və qəbulların İsmayıllı şəhərinin əksər məhəllələrində, eləcə də rayonun bütün kənd və qəsəbələrində keçiriləcəyi bildirilib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz