Ömrünün müdrikik zirvəsində: Valeh Salehov – 80   

 

Ağsaqqallar həmişə insanları pis əməllərdən uzaqlaşdırıb, xeyirxah işlərə sövq edib.  El-oba həmişə ağsaqqal sözünü eşidib, nəsihətlərinə ehtiyac duyub, ona qulaq asıb. Ağsaqqal nüfuzu əsrlərdən bəri özünə yer tutaraq Dədə Qorqudun timsalında tariximizdə silinməz iz qoyub. Ağsaqqallarımız və ağbirçəklərimiz həyatda görüb-götürdüklərindən nəticə çıxararaq gənclərə düzgün yol göstəriblər.

Ağsaqqallar yeniyetmələrin faydalı əməyə cəlb olunmasında, valideyn-övlad münasibətlərinin nizamlanmasında, yersiz narazılıqların aradan qaldırılmasında da yaddaqalan işlər görmüşlər. Həmçinin adət və ənənələrimizin qorunmasında ağsaqqalların rolu az deyil. Onların iştirakı ilə doğulan uşaqlara adqoyma günləri keçirilir, ailə həyatı quran  gənclər ilk xeyr-duanı müdriklərdən alırlar. Elə buna görədir ki, İsmayıllımızda ağsaqqala hörmət yüksək yerlərdən birini tutur. Ağsaqqallıq Allah vergisidir. Bu heç də hər kəsə nəsib olmur. Hər saç ağardan, ağsaqqal sayılmır. El üçün yanan, vətən eşqini, xalqın adını müqəddəs sanana ağsaqqal deyilir. Bu keyfiyyətlərə görə ulu öndər Heydər Əliyev ağsaqqalları milli-mənəvi dəyərlərimizin qızıl fondu adlandırmışdır. Onları qorumaq vətəndaşlıq  borcumuz, müqəddəs vəzifəmiz olmalıdır.

Bu ağsaqqallardan biri, haqqında bəhs etdiyimiz İsmayıllının yetirdiyi, lakin Azərbaycan xalqının indiki və gələcək nəsillərinə nümunə olan soydaşımız, ağsaqqalımız, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri Valeh Məmmədhəsən oğlu Salehovdur.

Ömrünün 80-ci ilini qazandığı həyat nailiyyətləri və böyük nüfuzla qarşılayan ağsaqqalımız, yüksək ziyalılığı və insani keyfiyyələri ilə seçilir. O, 1944-cü ildə İsmayıllı rayonunun Köhnə Daxar kəndində dünyaya gəlib. Orta məktəbi qurtarandan sonra sovet ordusunda hərbi xidmət keçib. 1968-ci ildə ali təhsil almaq arzusu ilə Bakıya gedərək Azərbaycan Pedoqoji İnstitutuna (indiki ADPU) sənədlərini verərək qəbul imtahanlarından müvəffəqiyyətlə çıxaraq tələbə adını qazanır. Oxuduğu illərdə V.Salehov öz dərslərini yaxşı oxumaqla bərabər, həm də zəhmətsevərliyi ilə də fərqlənirdi. Ailənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün ata-anasına bacardığı köməyi əsirgəmirdi. O, tələbə yoldaşlarından həm yüksək savadı, həm də ictimai fəallığı ilə seçilirdi. Əmək fəaliyyətinə Diyallı kəndində və bir qədər sonra şəhər 3 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. O, tez bir zamanda da yüksək savadı, vətənpərvər olması ilə diqqət çəkib. Böyük ürək, kamil zəka sahibi olub.

Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalı insanların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Odur ki, 1974-cü ildə Valeh Salehovun savadını, yaradıcılıq qabiliyyətini nəzərə alan rayon rəhbərliyi onu yerli “Zəhmətkeş” qəzetinin redaktoru vəzifəsinə təyin edirlər. Onun təşkilatçılığı, kollektivlə dil tapması, onları istiqamətləndirməsi, hər kəsə qayğı və s. bu kimi keyfiyyətlər qəzetin simasını göstərirdi. Təkcə yaxşı yazmaq, bacarıqlı redaktor olmaq  deyil. Bu işin də öz incəlikləri var ki, Valeh müəllim bunların öhdəsindən bacarıqla gəlirdi. Bu zaman mən də məktublar şöbəsində ədəbi işçi vəzifəsində çalışırdım. Odur ki, qəzetli illərimdə bütün yaradıcı insanlarla bərabər Valeh müəllimi yaxşı tanıyırdım. Neçə illər çiyin-çiyinə çalışdıq uğurlarımız çoxdan-çox oldu. Qəzetimiz də respublikada ən yaxşı, zamanla ayaqlaşan, oxucu hörmətini qazanmış mətbu orqanlarından biri kimi tanınırdı.

Ziyalılıq nümunəsi göstərən V.Salehov 16 avqust 1978-ci il tarixədək qəzetdə redaktor kimi fəaliyyət göstərdi. Həmin tarixdən onu rayon Partiya Komitəsinin qərarı ilə rayon xalq maarif şöbəsinin (Təhsil Şöbəsinin) müdiri təyin etdilər. Redaksiyaya peşəkar jurnalistlər gəldiyindən mən də artıq redaksiyada deyil, təhsil sahəsində çalışırdım. Qurbanəfəndi kənd səkkizlik məktəbinə direktor təyin olunmuşdum. Bu sahədə də birlikdə əməkdaşlıq etdik. Valeh Salehov təhsil sahəsində də nümunəvi rəhbər, ziyalı şəxsiyyət kimi hörmət qazandı.

Valeh müəllim 1989-cu ildə İsmayıllı Şəhər Sovetinin sədri (PİH-nin səlahiyyətli şəhər nümayəndəsi) vəzifəsinə gətirildi. Üç il ərzində şəhərin abadlığına, səliqə-səhmanına xüsusi diqqət yetirdi, onun sosial görkəminin gözəlləşməsi üçün əlindən gələni əsirgəmədi.

1992-ci ilin hakimiyyət dəyişikliyi, sovet hökumətinin iflası və siyasi qarmaqarışıqlıq  dövründə bir çoxları kimi Valeh müəllim də tutduğu vəzifəsini itirdi, işsiz qaldı…

Müdrik siyasətçi, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi vəziyyət normallaşdı. Təcrübəli, səriştəli, ağıllı kadrlar axtarılıb üzə çıxarıldı, məsul vəzifələrə irəli çəkildi. Valeh Salehov da bu qəbildən olan insanlardan idi. O, əvvəlcə rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində çalışdı. 2000-ci ildə isə ona yenidən etimad göstərildi, rayon İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinə rəhbərlik ona tapşırıldı. Biz ondan jurnalistikanı, publisistikanı, lap elə şeir yazmağı, işləməyi, doğma yurda bağlılığı, insanlara münasibəti öyrəndik. Valeh müəllimdən dostluğa, çörəyə, salama məhəbbət və sədaqət öyrəndik. Valeh müəllimdən sözübütövlüyü, ədəb qaydalarını öyrəndik. Valeh müəllim həmişə səliqəli və təmiz geyindiyi üçün onun bu vərdişini də özümüzə əxz etməyə çalışdıq.

Valeh Salehov 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına və saysız-hesabsız tərifnamə, Diplom və mükafatlara layiq görülüb. Çünki o özünə və həmkarlarına qarşı həmişə yüksək tələbkarlığı və həssaslığı ilə seçilib, bütün fəaliyyəti boyu dövlətin milli maraqlarını üstün tutub. Çoxillik məhsuldar işinə görə həmişə fərqlənib. Odur ki, əmək fəaliyyətindən sonra onu yekdilliklə İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilib. Bu işini də bir ağsaqqal kimi yüksək səviyyədə yerinə yetirir.

Əmək veteranı Valeh müəllim mənalı ömür yaşayır. O, öz mənalı və şərəfli ömrünü, ürəyinin, qəlbinin bütün hərarətini xalqa, vətənə, el-obaya, çalışdığı mücərrəd və mürəkkəb sahəyə-elm, təhsil kimi sahəyə həsr eləyib. Yurd yerinə ürəkdən bağlı bir insan və yüksək zəkalı ziyalı kimi tanınıb. Övladlarına müöhkəm tellərlə bağlı valideyndir. Ailəsini böyük məhəbbətlə sevən və balalarının savadlanmasına daim diqqət yetirən ziyalıdır Valeh müəllim. Ömür-gün yoldaşı Dilşad xanım uzun müddət İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində biologiya müəllimi işləyib, qabaqcıl ziyalı kimi tanınıb. Valeh müəllimlə birlikdə dörd övlad tərbiyə edib, böyüdüb, dördünə də ali təhsil veriblər. Könül xanım Azərbaycan Dövlət Tibb Universitetini bitirib, Aynur Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1 nömrəli məktəbdə riyaziyyat müəllimidir. Qızlardan biri – Pərvanə xanım Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsini bitirərək hazırda 1 nömrəli tam orta məktəbində qabaqcıl biologiya müəllimidir. Taleh də İdarəçilik Akademiyasını bitirərək, hazırda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisidir. Valeh babanın on iki nəvəsi var. Hamısı da elinə, obasına layiqli övlad kimi böyüyür. Nəsl şəcərəsinin davamçılarıdırlar.

Valeh müəllim bədii yaradıcılıqla da məşğuldur. Onun şeirləri dövri mətbuatda dərc edilmiş və edilir. Bir neçə kitablıq şeirləri var. Qələmə aldığı mövzunu ətraflı öyrənir, misralara bədii don geyindirir. Onun  hissiz, həyəcansız yazdığı şeir ya yoxdur, ya da çox azdır. Valeh müəllimin publisist yazıları və hekayələri də vardır. Onun “Dağ çiçəkləri” ədəbi almanaxında hekayələri və bir neçə şeiri yer almışdır. Onun yaradıcı  insanlara, qələm əhlinə və ziyalıya münasibəti də həmişə diqqətimi cəlb edib. O, hər bir yazının, hər imzanın qədir-qiymətini bilməyi tövsiyə edir. Valeh müəllimdə sakit, ağır təbiət, mənalı baxış, ciddi zarafat, şən lətifələr söyləmək bacarığı, həyata, cəmiyyətə, insanlara obyektiv münasbət bəsləmək bacarığı yüksəkdir. Valeh müəllim həm dövlət, həm də xalq adamıdır. O artıq ömrünün ahıl çağlarını yaşayır.

Valeh Salehov ağlı kəsən gündən öz parlaq işi, əməli ilə insanların xidmətindədir. Bir nəsl şəcərəsinin deyil, bütün ismayıllıların ağsaqqalıdır. Gördüklərinin əsasında da bir günəş müqəddəsliyi olmaqla bərabər düzlük, mərdlik, vətənə bağlılıq, insanlara sonsuz məhəbbət durub. Şair demişkən:

Görüb bu dünyada yaxşı-yamanı,

Ömür qismətinə yaratmaq düşüb.

Bir ürək atəşi düşüb gümanı,

Tufanla döyüşüb,

Odla döyüşüb.

Gözündə çoxsa da əziyyət, kədər,

Gərəkli olubdu yaşanan həyat.

Qəlbi geniş olub bu göylər qədər,

Daşa işıq verib, dəmirə qanad.

Elə əzəldən ulu Tanrı onu öz xalqı, vətəni üçün bahar nəfəsli yaratmışdı. Məhz buna görə də onun 80 illik ömür yolu olduqca maraqlı, yaddaqalan və zəngindir. O, daxilən böyükdür, mənən safdır, uludur. Bir qəzet səhifəsinə sığmayan ömür dastanıdır ömrü.

Valeh müəllim, Sizi, sadə həyat tərzi yaşayan, lakin xalqımızın əsrlərin sonsuzluğundan süzülüb gələn nəhəng mənəvi dəyərlərinə söykənən bir ziyalını 80 illik yubileyi münasibətlə ürəkdən təbrik edirəm.

Sizə can sağlığı və yaradıcılığınızda uğurlar arzulayıram!

Hacıməmməd Məmmədov

Şərh Yaz