Könüllülərin İsmayıllı UADM-nə səfəri təşkil olunub   

                 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2023-cü ilin iyun ayında start verilən növbəti könüllülük fəaliyyəti proqramı çərçivəsində tədbirlər bir həftə davam etdirilib.

Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) fəaliyyəti ilə daha yaxından tanış olmaları üçün könüllülərin bir qrupunun İsmayıllı UADM-ə səfəri təşkil olunub.

Əvvəlcə könüllülərə mərkəzin direktoru Lətifə Əliyeva tərəfindən mərkəzin fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Könüllülər burada yaradılmış şəraitlə tanış olub, uşaqlarla aparılan aktiv öyrənmə və loqopedik məşğələləri izləyiblər.

​Səfər çərçivəsində könüllülər İsmayıllı rayonunun idmançı qadınları – ağır atletika üzrə respublika çempionları Selcan Qarayeva və Mələk Hüseynli ilə görüşüb, onların nailiyyətləri ilə tanış olublar. Sonra könüllülər şəhid ailələrinin üzvləri, qazilər və nümunəvi ailələrlə görüşüblər.

Daha sonra Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva könüllülərlə görüşüb. Könüllülər səfər təəssüratlarını bölüşərək, burada uşaqlarla aparılan işlərin onlarda böyük marağa səbəb olduğunu bildiriblər.

​Eyni zamanda Azərbaycan Respublikası Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023- cü illər üçün Milli Fəaliyyət Planının müvafiq bəndinə uyğun olaraq könüllülər rayon sakinləri arasında mövzu ilə əlaqəli maarifləndirmə materialları paylayıblar.

 

 

Şərh Yaz