30 il 10 aylıq ayrılıq

         

Çətin səfər idi. Həm də həyatımda gecədən hazırlaşdığım ən çətin səfərim idi. Uzun zaman getməyə çalışdığım və müəyyən səbəblərə görə alınmayan bu səfər nəhayət ki, yaxşı dostların köməkliyi ilə baş tutdu…
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox hadisələr baş verir. Elə tarixi hadisələr var ki, müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elələri də var ki, heç vaxt unudulmur. Əksinə qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə yaddaşımızdan heç vaxt silinmir. Həyatımıza yazılan hər gün “Ömür” adlı kitabımızda bizim üçün yeni səhifə açır.
Geriyə dönüb baxanda enişli-yoxuşlu yolu necə getdiyimə özüm də təəccüblənirəm. İllərlə Vətən həsrəti ilə döyünən ürəyimin bu iztiraba, acıya necə dözdüyünə heyran qalıram. Ancaq nə gözəl ki, bu gün zaman mənim də xeyrimə dəyişib…
Bu gün keçmişlə deyil, gələcəklə bağlı, məni gözəl günlərə aparan, doğma Zəngilanıma qovuşduran günlərin sevincini yaşayıram.
1 iyul 2023-cü il…
Mənim üçün bu günün, ayın, ilin necə bir məna daşıdığını təsəvvür belə edə bilməzsiniz. Sanki 3 il əvvəli – 20 oktyabr 2020-ci ili xatırlatdı mənə. Həmin gün doğma Zəngilanımın artıq əvvəlkitək yenə bizim olduğunu öyrənmişdim. Elə o an “Gözlə Zəngilanım, sənsiz yaşadığım günlərimin həsrətindən qurtulmaq üçün, sənə olan vəfa borcumu qaytarmaq üçün mütləq gələcəm” deyə içimdən bir səs o günün çox da uzaqda olmadığını söyləmişdi…
Və 1 iyul 2023-cü il…
Uzun gecənin açılan sübh çağı. Məni Zəngilanıma qovuşduran gözəl gün. Sanki saniyələr belə gözümə dəqiqə, saat kimi görsənir. Vaxtın tez keçməsi üçün nələri qurban verməzdim. Bu gün axı, atamın da ruhu şad olacaqdı. Ona verdiyimiz sözü tuta biləcəkdik. Bir gün Zəngilana gedəcəyimizə və onun da ruhunun şad olacağına dair elə qəbri başında çox vədlər verib, arzu etmişdik. Bu gün həmin gün gəlib çatdı, mən, anam və ailə üzvlərim Zəngilana qovuşmaq üçün yol alırıq doğma yurdumuza…
Bakıdan uzaqlaşdıqca uzanan yol sanki Vətənə çatmağımıza bir addım qalırmış kimi gəlir mənə.
Yolboyu bir şeyi düşünürəm. Axı, mən ötən illər ərzində yaxşı anladım ki, Vətən həsrəti doğulduğun və böyüdüyün yerdən məcburən uzaq yaşamağın yaratdığı əzab və sıxıntıdır. Bu əzabı yaşayanlar yaxşı bilirlər. Demək olar ki, bütün insanlar doğulduqları yerdən kənarda olduqları zaman xatirələrə dalaraq darıxar, daxilən əzab çəkərlər. Bəs, 30 ilə yaxın bir dövrdə məcburi köçkünlük həyatı yaşayan mən – biz necə yaşadıq və ya ümumiyyətlə, yaşadıqmı?
28 avqust 1993-cü il. Məhz, sonuncu dəfə bu tarixdə çıxmışdım Zəngilandan. Bakıda oxuyurdum.  Dərslərin başlamasına 4 gün qalırdı deyə, tez çıxmalı olmuşdum rayondan. Zəngilan işğal olunmamışdan düz 2 ay qabaq… 16 yaşım tamam olmamışdı hələ. Bəlkə elə buna görə də bu gün Zəngilana, o 16 yaşı tamam olmamış bir kənd uşağı kimi qayıdırdım. Orada yaşadığımız qayğısız günlərimizi düşünərək yola çıxmışdım.
Budur, uzun həsrətdən sonra doğma Zəngilanıma çatmağıma az qalır. Ağalı, Cahangirbəyli və sonda Mincivan yoluyla doğma kəndimə – Qıraq Müşlana qovuşuram. Kənd həmin kənddir, torpağı, havası həminkidir. Lakin…
Lakin o gözəl kənddən əsər-əlamət qalmayıb…
Nə yaşadığımız evlər, nə də kəndin əvvəlki görünüşü qalmayıb. Yerlə-yeksan olan kəndimdə bu mənzərə sanki illərdir çəkdiyim iztirabı, əzabı daha da artırdı.
Artıq, nənəmgilin evindəyəm. İşğaldan sonra düşmənin bu evdə yaşadığı bilinirdi. O ev ki, uşağlığım, ömrümün gözəl çağları bu evdə keçib. Kədər, sevinc, əzab, iztirab, bütün duyğular bir-birinə qarışıb. İllərdir həsrət çəkən gözlərimdən sevinc göz yaşları axır. Qəhər və qürur sanki bir duyğuda cəmlənib. Qəhərlənirəm ki, illərdir biz səndən necə ayrı qala bildik, illərdir həsrətimizə necə dayandın, Vətən? Sən də bizim kimi ağlayıb, həsrət çəkib, fəryad etdinmi? Xarabazarlığa çevrilmiş kəndimə baxanda bu sualın cavabını tapmağın elə də çətin olmadığını anlayıram. Qürurlanıram ki, bu gün sənin yanındayam Vətən, doğma Zəngilanım. İllər öncə səndən ayrılan uşaq kimi hüzuruna gəlmişəm, sənə qayıtmışam. Qarışıq fikirlərlə hey ətrafa boylanıram. Sanki nənəmlə babam, doğmalarım “xoş gəlmisiz” deyərək boynuma sarılacaqlar. Bir ümiddir, arzudur bəlkə, ancaq bu an buna ehtiyacım olduğuna əminəm. Sanki şirin bir yuxudayam və heç ayılmaq istəmirəm.
Nənəmgilin evindən ayrılıb yol alırıq öz evimizə tərəf…
Elə bilirdim nənəmgildə olduğu kimi, böyüyüb boya-başa çatdığım evimizi  də görəcəm. Ancaq…
Ancaq yaddaşımdakı o ev artıq yox idi. İllər öncə puç olan arzularım, ümidlərim kimi o evdə məhv olmuşdu. Düşmən illər öncə bizdən aldıqları azmış kimi, evimizi də yerlə-yeksan ediblər. Bir daş belə qalmayıb ki, illər öncə söykədiyim kürəyimi yenə o daşlara söykəyim. Olsun…
Bu mənzərə ürəyimi dağıtsa da xoşbəxtəm. Atamın ayaq izinin olduğu, nəfəsinin dolaşdığı doğma yurdumda, evimdəyəm. Torpağına ayağım dəyir, havasını ciyərlərimə çəkə bilirəm. Xoşbəxtəm ki, atama doğma Zəngilanını görmək qismət olmasa da, anama görmək, gəlib ziyarət etmək qismət oldu. Xoşbəxtəm ki, illərdir bizdən eşitdikləri ilə doğma yurdları haqqında xəyal quran övladlarımız Zəngilanı görə biləcəklər. Xoşbəxtəm ki, artıq Zəngilansızam deyil, Zəngilanlıyam söyləyirəm. Xoşbəxtəm ki, ata yurdumda elə atamın arzuladığı kimi bir həyatı yaşayacam. Atamın sağlığında Zəngilanla bağlı arzularını həyata keçirə biləcəm. Onun ruhu şad olsun deyə biz övladları Zəngilana qayıdıb, onun adını Bakıda olduğu kimi, doğma yurdunda da yaşadacağıq.
İllərdir mən sevdiyim şair Musa Yaqubun qələmə aldığı “Zəngilanda bir vadi var” adlı şeiri ilə özümü təsəlli etdim. Bu şeir illərdi mənə daha doğma, daha əziz oldu.

Zəngilanda bir vadi var

Zəngilanda bir çinarlı vadi var,
Ötən durna səmasından yol eylər.
Bəsit çayı nəğməsini oxuyar,
Qarşı dağlar dumanını bol eylər.

 

Gör nə güc var torpağında, daşında,
Yüz addımda sıralanıb yüz çinar.
Bardaş qurub bir süfrənin başında
Qoca çinar, oğlan çinar, qız çinar.

 

Pəhləvanlar sanki verib qol-qola,
Nəhəng əllər, nəhəng qollar birləşib.
Tək çinarlar bir vaxt çıxıblar yola,
Axır gəlib burda yollar birləşib.

 

Şimşək töküb qəzəbini bu yerə,
Vadi üstə həmin qeylü-qal durub.
Ana torpaq elə bil ki, göylərə
Bükülməyən qollarını qaldırıb.

 

Düzdür, səma neçə ulduz bürclüdür,
Əbəs imiş göyün yerlə yarışı.
İndi bildim min ulduzdan güclüdür,
Torpağın bir gül bitirən qarışı.

 

Sehr qatıb tişəsinə bir qədər,
Təbiət öz heykəlini yonur hey.
Yarpaq düşür, gümüşlənir gövdələr,
Bədənnüma güzgü kimi yanır hey.

 

Ömrün belə zirvəsindən güc alıb,
İllər üstən könlüm aşmaq istəyir.
Adam elə bu vadidə ucalıb,
Ömrü boyu çinarlaşmaq istəyir.
Bəli, illər öncə mən bu şeirin vurğunu oldum. Bəlkə də qəlbi Vətən sevdalı olan şairlə bir taleyi paylaşmasaq da, istəyimiz, amalımız, Vətənə olan sevgimiz bizi doğma etmişdi. Zəngilansız günlərimdə həmin şeir mənə bir təsəlli olardı. Hər dəfə şeiri oxuyanda Zəngilanlı günlərimə qayıdar, uşaqlıq çağlarım gözlərim önündə canlanardı. Sanki şairlə qoşalaşıb Zəngilanda sərv boyu ilə hər kəsi özünə valeh edən o məşhur çinarların altında birgə gəzərdik.
Bəli, bu gün artıq Zəngilandayam. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun bizlərə qaytardığı Zəngilandayam. Əminəm ki, yaxın gələcəkdə Zəngilan yenidən cənnətə çevriləcək. Mən də doğma kəndimizdə yaşayaraq deyəcəm ki, Allah sizə rəhmət eləsin doğma Zəngilanımı mənə qaytaran, bu yolda canlarını fəda edən ŞƏHİDLƏRİM.
Allah sizi qorusun, ata yurdum Zəngilanı mənə qaytarmaq üçün sağlamlığını itirən QAZİLƏRİM.
Biz doğma yurdumuza dönə bilək deyə döyüşən, vuruşan, bir an olsun belə şəhid olmaqdan çəkinməyən, hərbçi qardaşlarım. Mən və mənim kimi minlərlə zəngilanlı sizlərə borclu və minnətdar olacağıq. Bizi Vətənli edən siz oğulları heç zaman unutmayacağıq.

Dönməz Abbasov,

İsmayıllı xəbərləri” qəzetinin dizayneri

Şərh Yaz