Sinəsində sevən bir ürək gəzdirir…    

Xavər Abasovanın içində təmizlik və saflıq var.

 

Müasir Azərbaycan publisistikasının, çağdaş jurnalistikamızın tanınmış nümayəndələrindən biri də istedadlı jurnalist, dəyərli qələmdaşım, gözəl qəlb sahibi Xavər Abasovadır. Onun çoxcəhətli və rəngarəng yaradıcılıq yoluna nəzər salmaq, bir-birindən gözəl və oxunaqlı publisist yazılarından söz açmaq şərəfli, həm də gərəkli işdir. Çünki Xavər Abasovanın yaradıcılıq dünyasında dünənimiz, bu günümüz əks olunub, necə deyərlər, xalqımızın həyat tərzi, adət-ənənələri, düşüncələri, məişəti… real hadisələr əsasında tərənnüm edilib.

O, publisist-jurnalist kimi gördüklərini, duyduqlarını, müşahidələrini… qəlbinin süzgəcindən keçirərək gözlərimiz önündən getməyən canlı obrazlar yaradır və bu obrazlar Azərbaycan insanının fikir və düşüncəsini, hiss və həyəcanlarını, dünyaya baxışını, yaşantılarını… özündə əks etdirir, sanki hekayə, oçerk, jurnalist yazısı oxumursan, mahir bir rəssamın fırçasından çıxan, ruh oxşayan tabloya baxırsan. Bu “tablo”da Xavər xanımın yazdıqlarında tanıdığımız və tanımadığımız insanlar dolğun şəkildə ifadə olunub. Onun obrazlar qalereyası o qədər zəngin və rəngarəngdir ki, orada hər bir nəslin, hər bir peşə adamının canlı obrazını görmək mümkündür.

Bu sətirləri yazarkən Xavər xanımın – bir qadının kim olması haqqında fikirlər beynimin süzgəcindən keçdi.

Bir qadın kimdir əslində?

Bir qadın əslində bir uşaqdır. Uşaq kimi rəftar etməyi sevər.

Kişinin uşaqlara göstərdiyi şəfqəti ona da göstərməsini istər.

Amma hər qadın uşaq kimi olsa da, onun sözlərinin diqqətə alınmasını istər.

Bir qadın güclüdür əslində. Hətta kişilərdən daha çox güclüdür. Amma bu gücünü hər zaman nümayiş etdirməyi sevməz. İstər ki, kişinin gücü ona hüzur versin.

Özü-özlüyündə öhdəsindən gələ biləcəyi işlərin kişinin etməsini istər.

Ancaq qadın gücünü göstərmək istədikdə, onu dayandıra bilməzsiniz.

Etmək istədiyi bir şey varsa, mütləq edər.

Bir qadın sevgilidir əslində. Daxilində hər zaman sevgi daşıyır. Sevdiklərindən asanlıqla ayrıla bilməz, sevdiklərini qıra bilməz. Çətinliklə sevər, amma tam mənası ilə sevər. Bir qadın sevməzsə, onu bu sevgiyə məcbur edə bilməzsiniz.

Bir qadın yalnızdır əslində. Heç bir zaman qadını bütünüylə əldə edə bilməzsiniz. Özünə aid bir dünyası var və orada yalnızdır. O dünyaya kimsənin girməsini istəməz. Heç bir açar o dünyanın qapısını açmaz. Yalnızlıq onun sığınacağıdır.

Bir qadın müdrikdir əslində. Nələr edə biləcəyini kişilər bəzən xəyal belə edə bilməzlər. Yaradıcılığının sərhədi yoxdur…

Amma bunu ortaya çıxarmaq üçün həyatının kişisini gözləyər. Bir qadının gerçək kişisi olmağı bacarsanız, şanslı birisiniz deməkdir. Çünki həyatınız əsla adi olmayacaqdır.

Bir qadın həyatdır əslində. Çünki həyatın içində olan hər şey ancaq qadınlar olduğunda bir anlam qazanır. Yemək yemək, su içmək belə.

Bir qadının əlindən içdiyiniz su ilə öz əlinizlə içdiyiniz suyun ləzzətinin fərqini bilirsinizmi?

Bilirsinizsə, nə xoşbəxt insansınız…

Bu mənim hörmətli həmkarım Xavər Abasova haqqında düşüncələrimin bir hissəsidir.

Bu incə, zərif xanımıla tanışlığımızdan haradasa 43 il keçir. Heç də peşman deyiləm. Onu bir çox yazarın dədə ocağı saydığı vaxtilə İsmayıllı rayonunda çıxmış “Zəhmətkeş” qəzetindən tanıyıram. İlk baxışdan mülayim və səmimi görünən Xavər xanımın içində bir sərtlik, tərslik də var. Bu sərtlik, tərslik hər şeyə qarşı deyil. Haqsız dünyamızda baş verənlərə biganə qalmayan X.Abasova içindəki o sərtliyi, tərsliyi boğa bilmir, az qala alışıb-yanır. Onu başa düşmək mümkündür.

Onu tanıdığım üçün deyə bilərəm ki, bizimlə eyni məkanda, eyni səma altında yaşayıb-yaradan istedadlı bir qələm sahibi olaraq yazdığı, çap etdirdiyi əsərlərini, jurnalist yazılarını, oçerklərini bir çoxu kimi “gözə soxmayıb”, sadəcə, başını aşağı salıb öz şərəfli işi ilə – yaradıcılığıyla məşğul olub.

Xavər xanımı bu camedə, yaradıcılıq mühitində mənli də, mənsiz də tanıyırlar. O, jurnalistikanın, publisistikanın, ümumiyyətlə, ədəbi mühitin əzablı-əziyyətli dünyasına çoxdan daxil olub. Əli qələm tutandan ciddi yaradıcılıqla məşğuldur. İstedadlı, təcrübəli, tanınmış yazar olaraq sözünü dünən də deyib, bu gün də deyir, sabah da deyəcək – 30, 40, 50… 100 ildən… sonra özü olmasa da, sözü qalacaq, kitabları, yazdıqları qalacaq, öz ədəbi ömrünü yazdığı əsərlərdə davam etdirəcək.

Onun yaradıcılığını izləyən hər kəs deyə bilər ki, yazdıqlarında Vətən məhəbbəti, saf, təmiz duyğulardan yaranan insani münasibətlər, ilahi eşq, eləcə də Xeyirlə Şərin, qaranlıqla işığın, çirkinliklə təmizin, oğru ilə doğrunun, yalanla həqiqətin mübarizəsi əks edilib.

O da mənim kimi kənddə doğulub – Qalacıq kəndində. Xeyli müddət rayon mühitində yaşayan Xavər xanım Bakıya gələndə kəndi də özüylə bərabər şəhərə “gətirib”. Ürəyindəki kənd sevgisi hələ də onu tərk etməyib və burada yaşadığı bu illərdə başıqarlı dağların, sıx meşələrin, ceyrangözlü bulaqların həsrətini çəkir, dağ çiçəklərinin, yarpızın, nanənin, kəklikotunun, yovşanın… qoxusu üçün darıxır… Darıxmaq sevginin kodudur. Xavər xanım da dəlicəsinə sevdiyi, gəzib-dolaşdığı yurd yerləri üçün, həm də dünyalar qədər sevdiyi, o torpaqda uyuyan əzizləri üçün qəribsəyir. O, kənd üçün qəribsədikcə, doğmaları üçün darıxdıqca hiss və həyəcanlarını, ürəyini yandıran, alovlandıran duyğularını cilovlaya bilmir, könlündən keçənləri ağ kağıza boşaltmaqla, sonra da kompüterin yaddaşına həkk etməklə təskinlik tapır…

Xavər Abasovanın kənd sevgisi Vətən sevgisi deməkdir. Onun Anaya olan məhəbbəti elə Vətənə olan məhəbbətidir. Anadan yazmaq vətəndən, vətəndən yazmaq Anadan yazmaq kimi başa düşülür. Çünki Vətən ana laylasından başlayır, doğulduğumuz evdən, kənddən, hazırda yaşadığımız şəhərdən başlayır. Məhz ona görə də vətənə “Ana Vətən” deyirik. Vətənin hər qarış torpağı, saralmış yarpağı, quru çöpü, qara daşı belə Xavər xanım üçün qiymətlidir, əzizdir.

Xavər Abasova vətənə bağlı yazardır, vətən torpağına bağlı vətəndaş jurnalistdir, vətənpərvər ziyalıdır. Qələmindən süzülən beyin məhsulları bunu bir daha təsdiq edir. Müqəddəs vətən sevgisi, yurd yeri, bu yerin özünəməxsus təbiəti, bir-birindən maraqlı adamları… onun yazılarında, oçerklərində, zarisovkalarında özünəməxsus ədəbi boyalarla verilib və o, sanki bir rəssam kimi öz duyğularını, hiss və həyəcanlarını qələmlə yox, fırça ilə tablolarda sərgiləyib…

Bir sözlə, uzun illər tanıdığım Xavər xanım insanlara əl uzadan, ürək qızdıran, onlara inanan sinəsində sevən bir ürək gəzdirir. Onun içində təmizlik və saflıq var…

P.S. Bu yazı bir sıra obyektiv səbəblərdən ləngiyib. Bu gün milli mətbuatımızın 148-ci ildönümü, cəfakeş, fədakar, cəsarətli və əsl jurnalistlərin peşə bayramıdır. Mən də sıradan bir yazar kimi Xavər xanımın timsalında tanıdığım bütün təcrübəli, istedadlı qələm sahiblərimizi, Həsən bəy Zərdabi prinsiplərinə, ənənələrinə söykənərək onları yaşadan həmkarlarımızı təbrik edirəm.

Qələm və söz bayramın mübarək, əziz dostum!

Qələm və söz bayramınız mübarək, əziz qələm və söz dostlarım!

Daşdəmir ƏJDƏROĞLU

Şərh Yaz