Bugünkü ümdə vəzifələrimizdən biri 

Şəhidlərin xatirəsini əziz tutmaq,  onların adlarını və qəhrəmanlıqlarını yetişən nəsillərin yaddaşına yazmaq bizim bugünkü ümdə vəzifələrimizdən biridir.

Bu məqsədlə yazılan kitablar, çəkilən filmlər təqdirəlayiq işlərdəndir və mümkün qədər bu sahəyə daha çox vaxt ayırmalıyıq.

İyun ayının 6-da Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə keçirilən kitab təqdimatı da bu qəbildən olan tədbirlərdəndir.

Şairə-publisist Vəsidə Mustafaqızının gərgin əməyi sayəsində işıq üzü görmüş “İsmayıllı şəhidləri” kitabının təqdimat mərasimində məktəbin müəllim və şagird kollektivinin təmsilçiləri, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon sektorunun məsul əməkdaşı Ülviyyə Zeynalova, şəhid valideynləri, qazilər, rayon məktəblərinin tanınmış hərbi müəllimləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bu yaxınlarda Əməkdar müəllim fəxri adını almış, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Çingiz Muradlının aparıcılığı ilə başlayan təqdimat mərasimində onun kitabla bağlı verdiyi dolğun açıqlamasından sonra çıxışlar səslənib.

Məktəbdə uzun müddət tarix müəllimi işləmiş, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş baş leytenant Famil Əhmədzadənin həyat yoldaşı Vüsalə Əhmədzadənin çıxışı alqışlarla qarşılanıb.

Diqqətlə dinlənilən çıxışlar arasında məktəbin istedadlı şagirdləri  hərbi vətənpərvərlik ruhlu şeirlər söyləyib, mahnılar oxuyublar.

Sonda məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov iştirakçılar adından Vəsidə Mustafaqızına təşəkkür edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Yekunda tədbir iştirakçılarının bir qrupu müəlliflə xatirə şəkli çəkdirib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz