Gənclərimizi tanıyaq: Talıstandan İstanbula uzanan yol                                     

 

İsmayıllıda bir kənd var: Dağlar qoynunda, meşələrin əhatəsində qərar tutmuş  bir kənd. Elə gözəldir ki… Bir vaxtlar xalq şairi Səməd Vurğun gəlib, gəzib, gözəlliyinə elə təxəllüsü kimi vurğun olub və yazıb ki:

Ormanlar içində durur Talıstan,

Ona ilk baxışda vurulur insan.

Bəli, Azərbaycanın mirvarisi olan İsmayıllının Talıstan kəndi belə gözəl, dillərə dastan bir kənddir. Kənd bir dastandır, insanları tamam başqa bir dastan. Və bu gün sizə bu dastan kəndin özünə məxsus dastan yazmış bir ailəsi, daha doğrusu bir ailənin bir üzvü haqqında söz açacağıq, doğulduğu elin, soyadını daşıdığı nəslin adına layiq bir övladdan: Emil Ağamirzəyevdən.

Emilin 15 yaşı var, şəhid E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin VIII sinfində oxuyur. Dərs əlaçısıdır. Məktəbin müəllim və şagird kollektivi arasında öz davranışı və tərbiyəsi ilə hörmət qazanmışdır. Məktəbə gəldiyi ilk günlərdən sinif müəlliminin diqqətini cəlb etmiş, özünü çalışqan, tərbiyəli bir şagird kimi tanıtmışdır. İlk müəllimi Gülxar Babayeva onun sinif yoldaşları arasında seçildiyini çox tez hiss etmiş və dəyərləndirmişdi.  Yuxarı siniflərdə dərs deyən müəllimləri  də Emilin elmə, təhsilə olan fərqli marağını, güclü yaddaşa malik olduğunu  deyirlər.

Emil tədris olunan  fənlərin arasında ayrı-seçkilik qoymadan hər gün dərslərə hazırlıqlı gəlir. Dərs zamanı fəallıq  göstərərək, istənilən mövzular haqqında öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə edir. Onun fikrincə çətin fənn yoxdur – tənbəl şagird var.

Arzuları sonsuzdur Emilin…

O həmişə axtarışdadır. Dünyagörüşünü artırmaq üçün tək dərslərlə kifayətlənmir, digər maraqları da var. Məktəbin intellektual komandasının və zona üzrə intellektual yığma komandasının üzvüdür. Emil məktəbin bütün  ictimai işlərində, istər idman, istərsə də ədəbi-bədii, vətənpərvər mövzulu tədbirlərində həmişə fəal iştirak edir. Müxtəlif  mövzularda  videoçarxlar, təqdimatlar hazırlayır. Eyni zamanda futbolla  maraqlanır, intellektual oyunları izləyir.

2020-2021-ci illərdə pandemiya dövründə məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil olunan 6-7-ci sinif şagirdləri arasında  onlayn olimpiadalara qoşularaq  yüksək bilik nümayiş etdirmiş, Fəxri fərman və diplomla mükafatlandırılmışdır.

Emil ötən il VII siniflər arasında keçirilən bilik olimpiadasında Azərbaycan dili fənni üzrə  Respublikada II yeri tutmuş, Fəxri fərman və medalla təltif edilmişdir. 2022-ci ilin dekabr ayında isə Respublika Fənn Olimpiadalarının rayon turunda VIII siniflər arasında fərqlənərək yarımfinal turuna vəsiqə qazanıb. Respublika turunda da  Emilin yenə yüksək nəticə göstərəcəyinə inanırıq.

Emil öyrənməyə çox maraqlıdır – Beynəlxalq səviyyəli bilik yarışmalarına da həvəslə qoşulur. Bu maraq onu yenicə qədəm qoyduğumuz ildə – yanvar ayının 10-14-də Talıstandan çox uzağa Türkiyənin İstanbul şəhərinə aparıb. Emil burada 45 ölkənin məktəbliləri arasında ingilis dilində keçirilən “Qış Bilik Beynəlxalq Oyunları” olimpiadasında iştirak etmiş, yenə yüksək bilik nümayiş etdirərək 632 balla 10 fəxri yerdə 6-cı yeri qazanmağa nail olub.

Emil zəhmətkeş ailənin zəhmətsevər övladıdır.  Boş vaxtlarında, tətil günlərində ev və ya həyət işlərində valideynlərinə, xüsusilə  babalarına və nənələrinə kömək etməkdən zövq alır. Ümumiyyətlə, Emil gördüyü hər işi ürəklə, şövqlə görür, istər oxumaq olsun, istər iş. Elə ona görə də gördüyü hər işin nəticəsi sevindirici olur, o işdən gül ətri gəlir. Onun Vətənpərvər, əməksevər böyüməsində, təhsilə bu dərəcədə böyük önəm verməsində böyüklərin – nənə, babaların böyük zəhməti var. Babaları  Kamal, Arif, nənələri kiçik yaşlarından Emili bu ruhda böyüdüblər. Emilə Cırtdandan, Göyçək Fatimədən daha çox Minirə nənəsi kəndinin, rayonunun tarixindən  nağıl edib, yaxın qohumları olan Əməkdar müəllimin ölkə rəhbəri qarşısında necə çıxış etdiyini, qədim Girdiman dövlətinin İsmayıllı və Ağsu rayonlarının ərazisində yerləşdiyini apardığı elmi tədqiqatlarla yerliləri olan alimin necə sübut etdiyindən danışıb.  Nəvələri Elçinin, Yalçının, İlkinin, Ayselin, Toğrulun, Xəyyamın ali məktəbə qəbul ballarını belə nənə bu yaşda elə yadında saxlayır, hər nəvənin təhsil yolunu bir şirin nağıla çevirib danışır ki… o anlarda   fəxr, vüqar dolu söhbətlərdən aldığı ləzzət nənənin bişirdiyi yeməyin ləzzətini belə ona unutdurur. Ana babasıgildə də fərqli söz,  ayrı söhbət olmur. – İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi olan baba Arif Bayramov da oturan kimi nəvələrinə elmdən danışır, sevimli tələblərindən söz açır, oğlu Səxavətin bakalavr və magistr təhsili almasından, nəvəsi Eminin İstanbul Universitetinə necə qəbul olmasından, orada necə oxuduğundan elə həvəslə danışır ki… Emil də, bacısı Nərmin də bu anlarda özlərini o tələbələrin sırasında, nənə-babaların şirin söhbətlərinin mövzusunda görürlər. Və hələki o söhbətlərin, o arzuların işığında hər ikisi uğurla irəliləyirlər. Bəli, Emilin  ailəsində, nəslində təhsilə belə önəm verilir- nağılları da təhsildir, sözləri, arzuları da.

Arzularına gedən yolların  aydın və uğurlu olsun, Emil!

Gülər Bağırova,

Talıstan kənd tam orta məktəbinin kitabxanaçısı

Nərgiz Əlövsətli,

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı

Şərh Yaz