ŞAHLAR HACIYEV

 

Hacıyev Şahlar Xanalı oğlu 1960-cı ildə İsmayıllı rayonunun Çandahar  kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin kitabxanaçılıq və biblioqrafiya fakültəsini bitirib. Hal-hazırda İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində hərbi müəllimi işləyir. Şeirləri dövri mətbuatda müntəzəm dərc olunur.

Ş.Hacıyev “Dağ çiçəkləri” ədəbi məclisinin və “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sevilən, yumor hissi daha güclü olan yaradıcı üzvlərindən biridir.

Qələm dostumuzu doğum günü münasibəti ilə dostları və oxucuları adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq!

 

Səhralarda bitən çiçək

 

Nakam Elşad üçün

 

Səhralarda bitən çiçək,

Qismətindən yox xəbərin,

Ömrün savaş meydanıdır,

Yerlə-göyün, göylə-yerin…

 

Nur içində pöhrələnən,

Çəmənlərdən xəbərin yox.

Məndən gedən axşamın yox,

Səndən gələn səhərin yox.

 

Pəncəsində sınar qəddin,

Alov dilli, ac küləyin.

Öpüşündən bezəcəksən,

Günəş adlı bir mələyin.

 

Bu yerlərdə bülbül ötməz,

Budur haqqdan gələn naxış.

Sən eşqinlə təkbətəksən,

Alqış sənə gülüm, alqış.

 

Vaxtsız solsan, nakam qalsan,

Səhra boyda məzarın var.

Leylasını gəzən Məcnun,

Dərdin ilə yas saxlayar.

 

NEÇƏ QURBAN DEMİŞİK

 

Neçə qurban demişik bir düzələ işlərimiz,

Savaba qail ola bir para vərdişlərimiz.

 

Elə ki özgələri cumur ağla, başa tərəf,

Baş alıb biz gedirik kababa, bozbaşa tərəf,

Sümürüb yağın, ətin atırıq qardaşa tərəf.

Keçməyir qana, fəqət, min cürə bişmişlərimiz,

Neçə qurban demişik bir düzələ işlərimiz.

 

Oluruq əhli-kamal vermək üçün, almaq üçün,

Oluruq əhli-iman şeytana ney çalmaq üçün,

Tapırıq dərdi-vərəm bir belə alçalmaq üçün.

Sonra “Fatihə” deyir Məkkəyə getmişlərimiz,

Neçə qurban demişik bir düzələ işlərimiz.

 

Evimiz yanə çökür məkr ilə qurduqca təməl,

Qaçırıq falçıya, cindarə ki, tez imdadə gəl,

Qanun icad edirik, yoxdur ona edən əməl.

Axtarır illətini tapmır müfəttişlərimiz,

Neçə qurban demişik bir düzələ işlərimiz.

 

Satılır vicdan ucuz mənsəb alındıqca baha,

Bu günü qax edirik, bir çərəz olsun sabaha.

Elə ki dil uzanır üsyan edə: – bəsdir daha!

Tez salır məngənəyə dilimizi dişlərimiz,

Neçə qurban demişik bir düzələ işlərimiz.

 

Kim edir haqqa haray, qurban olur, qana düşür,

Surəti qeybə çəkir, fəryadı vicdana düşür.

Dururuq “hay” deməyə, qollarımız yana düşür,

Quru qurban deyirik, hazır olur şişlərimiz,

Neçə qurban demişik bir düzələ işlərimiz.

 

Dəyməyin keyfimizə, tutun şəkər, qəndə bizi,

Çünki Allah yaradıb bu cür gözəl bəndə biz.

Yaramız qövr eləsə, aparın Xankəndə bizi,

Orada tapdı şəfa bəzi kirəkeşlərimiz,

Neçə qurban demişik bir düzələ işlərimiz.

 

 

NƏZİRƏ

 

Heyrət, ey büt surətin gördükdə lal eylər məni,

Surəti halım görən surət xəyal eylər məni.

                                                M.Füzuli

 

Heyrət, ey pul, surətin gördükdə lal eylər məni,

Surəti halım görən surət xəyal eylər məni.

 

Hər kimə əl çirkisən, gər ki, əlim çatmır sənə,

Vəslinə yetmək anım xürrəm-hal eylər məni.

 

Səni kim qəsb elədi ixtiyarım əlindədir,

Dərdi-sər bazarında dəllala mal eylər məni.

 

Sənsizəm fərağından saralıram əmru kimi,

Ümidin can sələmi cismimdə kol eylər məni.

 

Bəs niyə varın görən zəhər saçır damağından,

Mən tapsam duz çörəyi, o, şəkər, bal eylər məni.

 

Neyləyim, lütfün mənə təkcə məvacibdən düşür,

O məvacib beşcə gün Rüstəmi-Zal eylər məni.

 

Özgəyə cib artırır, cümlə məvacib artıran,

“CİP” alar, villa yapar, yüz yol misal eylər məni.

 

Cahilin sayəndədir həccə gedib pir olmağı,

Fərqini dərk eyləmək əhli-kamal eylər məni.

 

İnsanam, əqli-kamal ilə dünya əşrəfiyəm,

Yoxdursa əskinasım, kim cəh-cəlal eylər məni.

 

 

NƏSİHƏTNAMƏ

 

Kim sevir keyfi-damaq qoy qatığa qara desin,

İstəmir, heç deməsin, lap belə finnarə desin.

 

Olmasa pul-parası gündə toy-nişan yerinə,

Axırda “çor” eşidə hər dediyi “can” yerinə.

Həzm edib şorbasını dolma-fisincan yerinə,

Mədəsi ney sayağı gündə zəminxarə desin,

İstəmir, heç deməsin, lap belə finnarə desin.

 

Qazana elmi-ədəb, diplomi də olsa belə,

Oynayar körpə kimi qanun ilə, vicdan ilə.

Tapmayıb öz yerini, həmtay ola cünun ilə,

Dərdini, illətini falçıya, cindarə desin,

İstəmir, heç deməsin, lap belə finnarə desin.

 

Eləməz sirrini faş, əhli-əyal qalsa da ac,

Deyəcək ki, kişiyəm, desə düşər başından tac.

Amma ki, əmması var, arvad əgər versə rəvac,

Taleyin gərdişini bax o sitəmkarə desin,

İstəmir, heç deməsin, lap belə finnarə desin.

 

Budur beş günlük ömür – beləcə dövran keçsin,

Qazana dərdi-vərəm, ömür yarımcan keçsin.

Lağ ilən özgə gözəllər də baxıb yan keçsin,

Elə key arvadının gözlərinə qara desin,

İstəmir, heç deməsin, cəhənnəmə, gora desin.

 

Keçəndə qarşısına Əzrayılın – bax o vücud,

Söyəcək taleyini tapmayacaq amma sübut.

Məni görsün ki deyim: get zamanın nəbzini tut,

Nəbzinin nöqtəsini şairi-biçarə desin,

O da biçarədisə, qoy qatığa qara desin.

 

ARZU

 

Tez məni baş çəkin idarəni ram eləyim,

Sonra fironluq ilə mülkümü ehram eləyim.

 

Söndürə bilməmişəm nəfsimi müavinlik ilə,

Mən gərək rəis olum ki, buna əncam eləyim.

 

Bir möhür, bir də ki qol lap mənə Çin səddi olub,

Qoymur beynimdəki hər layihəni tam eləyim.

Elə tilsim yaradım saxta sənədlər ilə mən,

Baharı qışa çəkim, gündüzü axşam eləyim.

 

Neçə vicdan köləsindən kəsirəm, canım üçün,

Gəzirəm yaxşı məqam, susdurub bədnam eləyim.

 

Mənə təzim edələr, mən necə təzim edirəm,

Dönə pərvanəyə tərif, özümü şam eləyim.

 

Mənə ad-san yaraşır, ot kökü üstündə bitər,

Bunu paxıllıq edən lütlərə eyham eləyim.

 

Mən elə öz zatımın getdiyi yolnan gedirəm,

Qorxuram, amma, dədəm tək yerimi dam eləyim.

 

 

BİR BƏY ÜÇÜN BƏYTƏRİFİ

 

Var vəzifə nərdivanın,

Dırmaş, sənə uğur olar.

Var dövlətə var gümanın,

Sarmaş, əvvəl-axır olar.

 

O vəzifə düşmür ələ,

Ədəb ilə, kamal ilə.

Pul-paranı hazır elə,

Sonra “day-day” çağır, olar.

 

Çıxdın başa, köpün yatar,

Rüşvət-filan başını qatar.

Nə zirvəyə əlin çatar,

Nə enməyə cığır olar.

 

Yaratdığın düzən gedər,

Buna dodaq büzən gedər.

Həsən gələr, Həsən gedər,

Qalan Məmmədbağır olar.

 

Haqq soranı tez haqlasan,

Boş ağrıdar, ayaqlasan.

Bir ürəyə daş bağlasan,

Gör neçə gor yağır olar?!

 

Kim olmasa özün kimi,

Vur dəmirçi güzgü kimi.

Mələşələr quzu kimi,

Hayla, qovla, naxır olar.

 

Qurda quzu güman olsa,

Yıxıb sökər duman olsa.

Başbiləni yaman olsa,

Başsaxlayan fağır olar.

 

Allah ruzi yetirəndə,

Görən də sən, götürən də.

Başlı başını itirəndə,

İçində çal-çağır olar.

 

Əməlinə yaddır sözün,

Tərifə bax – düzüm-düzüm.

Cilalanar üzün, gözün,

Gəl ki, için paxır olar.

 

Min hava var hər saz üçün,

Qanan üçün, qanmaz üçün.

Bağışla bu məcaz üçün,

Birdən sözüm ağır olar.

 

 

MƏNDƏN XEYİR GÖZLƏMƏYİN

 

Ədalı bir müdirəm mən,

Məndən xeyir gözləməyin.

Öz xeyrimi güdürəm mən,

Məndən xeyir gözləməyin.

 

Vəzifəm var, stolum var,

Həm möhürüm, həm qolum var.

Öz imkanım, öz yolum var,

Məndən xeyir gözləməyin.

 

Vədim böyük, yalanım çox,

Ələm-yesir olanım çox.

Ömür qısa, planım çox,

Məndən xeyir gözləməyin.

 

Söz açmayın vicdanımdan,

Əziz olmaz öz canımdan.

Gəlin dadın ziyanımdan,

Məndən xeyir gözləməyin.

 

Mən də bu cür doğulmuşam,

Qəlp teşnədə yoğrulmuşam.

Nəfsim üçün qul olmuşam,

Məndən xeyir gözləməyin.

 

 

O QƏDƏR SÖZ DEDİLƏR

 

O qədər söz dedilər, daha baxan yoxdur sözə,

Əyrini düz dedilər, əyri də tay oldu düzə.

 

Baxırıq halımıza bir neçə hal qütbümüzdən,

Köhnənin köhnə halı, təzənin əyyarı təzə.

 

Minmişik bir gəmiyə, kompasımız qərbə baxır,

Üzürük bir çay ilə ki, o tökülmür dənizə.

 

İmanı batil olan getdi iman dalınca,

Şeytana atdı daşı, daş da gəlib dəydi bizə.

 

Səddamı dara çəkib qəhr elədik – cəlladdır,

“Allahü-Əkbər” ilə başkəsənlər çıxdı üzə.

 

Dedilər ərzi-halı şairi-biçarə desin,

İstədi nəzm eləyə, sındı qələm, batdı gözə.

 

 

SƏNİ

 

Dədən cindarlıq edib çəkdi axır başa səni,

Sürüyüb saldı bura sarmaşa-sarmaşa səni.

 

Hünəri çatmadığından ki, kamal əhli edə,

Öyrədib etdi  həris “çak-çuka”, “daş-başa” səni.

 

Varmı özgə məramın yağmalamaqdan savayı,

Var üçün, dövlət üçün hey gətirir cuşa səni.

 

Rüşvətin dadı şirin, nuş elədin mey kimidir,

Elədikcə yenə nuş, döndərir əyyaşa səni.

 

Yığılıbdır başına hər cürə dost – badəpərəst,

Biri kababa çəkir, qeyrisi də xaşə səni.

 

Dadacaqdır zəhəri öz qaşığımdan bir gün,

Kim ki kişmiş yerinə qatdı şirin aşə səni.

 

Getdiyin yolda inan bir yekə Əlhəb daşı var,

Gör neçə daşladığın tapşırır o daşa səni?

 

 

BU QƏDƏR

 

Sən ay mənsəbpərəst, sahib ixtiyar,

Nə vaxtdır fikrimdə tutmusan qərar.

Gizlətmə özünü, axtaran tapar,

İşıqdan gizlənmək olarmı məgər?

Gizlənən o qədər, görən bu qədər.

 

Heç rəvac verdinmi ədəb, kamala?

Döyüşdün, dəyişdin, düşdün bu hala.

Rüşvət nə şirinmiş, ye bala-bala!

Batsın qonum-qonşu, qırılsın bəşər,

Planın nə qədər, nəfsin nə qədər.

 

 

Fironluq sevdası gəzir üzündə,

İlanlar, əqrəblər yatır izində .

Sadəsən, bəsitsən arif gözündə,

Şişib yekəlsən də lap bundan betər,

Uzunun bu qədər, enin bu qədər.

 

Qanun kölgəsinə girib yatansan,

Sonra da bolluca feyzə çatansan,

Qarabağ satansan, vicdan satansan!

Kürsüyə çıxanda – igid, hünərvər,

Hünərin o qədər, dilin bu qədər.

 

Sərvətinin, maşının, mülkün qədərsiz,,

Tərifin, titulun, silkin qədərsiz.

Yolun qıl körpüsü – yükün qədərsiz,

Dalınca deyən də çoxdur – bəxtəvər,

Səadət o qədər, nifrət bu qədər.

 

Məzlumu nəfsinlə çəkəndə dara,

Nə çox güvənmisən dövlətə, vara.

Apara bilsəydin, sığarmı gora?!

Durub başın üstdə molla vəzz edər,

Kəfənin bu qədər, gorun bu qədər.

 

 

AH, NƏ YAZIQDIR KİŞİ, RƏHMİM GƏLİR

 

Ağlayıram bir yazığın halına,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

Zayı çıxacaq belə minvalnan,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

 

Təhsili var, işdə qatır başını,

Qulluq edib gözləyir maaşını.

Nə pulu var, nə sanballı maşını,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

 

Gündə işə yollanır, aramı yox,

Sadə gəzir, çünki güzaranı yox.

Şirkəti yox, imkanı, ad-sanı yox,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

 

Yox qeybəti, yoxdur söyüş söyməyi,

Ya da qızıb, bir zindığı döyməyi.

Həm də bacarmır o, boyun əyməyi,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

 

Bambılıdır, kələk gəlməz əlindən,

Baş çıxarmaz dünya fitnə-felindən.

Bir “çor” sözün eşitməzsən dilindən,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

Nə şan-şöhrət, nə dövlət, mal axtarır,

Hara getsə, ədəb, kamal axtarır.

Düz danışır, çünki zaval axtarır,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

 

Pis yanaşır daş-başa, ortaqlığa,

Meyl eləmir zərrəcə yaltaqlığa.

Mən nə deyim bu zavallı varlığa,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

 

Çox da onun kamalı, savadı var –

Sadə evi, işi, sadə adı var.

Ali təhsilli neçə övladı var,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

 

Vecinə almır niyə ad-sanımı?

Bəs niyə görmür belə imkanımı?

Billahi, dərdi alacaq canımı,

Ah, nə yazıqdır kişi, rəhmim gəlir!

 

 

BELƏ UCALSAN

 

Ya Qoşqar olasan, ya da Şah dağı,

Belə ucalasan, ucalanda da!

                                Z.Yaqub

 

Ya nazir olasan, ya da ki hakim,

Belə ucalasan, ucalanda da!

Səni bəyənməyən yetim, yesirdən

Belə bac alasan, bac alanda da!

 

Qanunu, qaydanı məzə biləsən,

Geyinib, keçinib gəzə biləsən.

Naləyə, fəryada dözə biləsən,

Elə öc alasan, öc alanda da!

 

Rüşvətdən özünə tutasan maya,

Sonra övladına qala sərmayə.

Yığdığın gözünü qamaşdırmaya,

Elə ac olasan, ac olanda da!

 

Qoyma mərdimazar yolunda olsun,

Cangüdən sağında, solunda olsun.

Gözün yetimlərin malında olsun,

Başında qızıldan tac olanda da!

 

Vəzifə – bahardır, yıxıldınsa – qış,

Gözlə günahları yusun qar, yağış.

Gözün niftər görsün, qulağın qarğış –

Belə qocalasan, qocalanda da!

 

GÖZ DƏYMƏSİN

 

Ömr elədi lap belə soltansayaq,

Sürdüyü dövranına göz dəyməsin.

Oldu müdir, qurdu necə təmtəraq,

Verdiyi fərmanına göz dəyməsin!

 

Ətrafına dost-tanışın yığdı o,

El malından hulqumacan tıxdı o.

Aydan arı, sudan duru çıxdı o,

Bolluca nöqsanına göz dəyməsin!

 

İş bacarır, çünki zirəkdir kişi,

Çalıb-çapmaq işində təkdir kişi.

İşdə kələk, üzdə mələkdir kişi,

Kölgəli vicdanına göz dəyməsin!

 

Xeyir əməldə çətin olsun adı,

Deyir hələ kef çəkməli dünyadı,

Dəbdən düşüb bu üçüncü arvadı,

İşdəki ceyranına göz dəyməsin!

 

Əjdahadır – bənzəmədi heç kimə,

On məkanda mülkü varmış sən demə.

Türməni də verdi ona məhkəmə,

İndiki ünvanına göz dəyməsin!

 

TAB ELƏ İNDİ

 

Özün qəsd elədin səadətinə,

Aç qara telləri ver yelə indi.

Bir də əlin çatmaz gecikən günə,

Daha dönən deyil, ha dilə indi.

 

Kövrək ürəyimi eləyib zəmi,

Calaq eləmisən kədəri, qəmi.

Səmuma verdiyin məhəbbətimi

Qaytara bilmərsən yüz ilə indi.

 

Daha nə peşman ol, nə də ki, kövrəl,

Sənə get demədim, demərəm də gəl.

Bir dünya eşqimi yox edən gözəl,

Bir ürək əzaba tab elə indi.

 

 

MƏN SƏNİ SEVMƏZDİM

 

Dinsən, dodağının pıçıltısını

Duyaram nə qədər olsam da uzaq.

Ürəyim, bəbəyim fəryad eləyir,

Səsim, ünüm sənə yetişmir ancaq.

 

İçimdə od yanıb, közə dönmüşəm,

Qəlbinə qığılcım salana kimi.

Ömrümü-günümü qurban demişəm,

Dilindən bircə söz alana kimi.

 

Dilim gəlməz sənə zülmkar deyəm,

Məğrurluq bəzəyi olar qızların.

Belə bağlanmazdı sənə ürəyim,

Əgər olmasaydı o şah vüqarın.

 

 

UNUDA BİLMİRƏM

 

Deyirsən ki, bizi tale ayırıb,

Qəm çəkməyim bundan belə, unudum.

Tufanlardan qoruduğum eşqimi,

Belə vaxtsız verim yelə, unudum?

 

Bu bəlalı yaddaşımı qınama,

Qismətimlə savaşımı qınama.

Kövrələndə göz yaşımı qınama,

Necə səni gülə-gülə unudum?

 

Bu sevgidən razı idin dünən sən,

O qismətdən bu gün belə dönən sən.

Mən susmuşam, danışan sən, dinən sən,

Umma məndən gəlim dilə, unudum.

 

 

SÖNMÜŞ VULKANLAR

 

Vulkanlar torpağın sehri, tilsimi,

Divlərə bənzəyir sönmüş vulkanlar.

Canını dağlarda əmanət qoyur,

Torpağın tərkinə enmiş vulkanlar.

 

Qurur nizamını, ölçür gücünü,

Yaradır ruhunda inam məbədi.

Səni aldatmasın o dağ sükutu,

Bu sükut, ətalət qalmır əbədi.

 

Nə qışı gözləyər, nə də baharı,

Gözləyir yetişsin istiqbal dəmi.

Sonra hayqıraraq Şaha qalxar o,

Saf qəlbin məhəbbət atəşi kimi.

 

 

Şərh Yaz