Zəngəzur dəhlizi və onun əhəmiyyəti

“Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan  dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasın Prezidenti

Zəngəzur bir vaxtlar müsəlman türk əhalisinin yaşadığı tarixi Azərbaycan torpağı olsa da, 1920-ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistana birləşdirildi və bu gün də Ermənistanın sərhədləri daxilindədir. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan Naxçıvanla quru əlaqəsini itirdi.

Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında birbaşa quru əlaqəsinin olmaması dövlət üçün həmişə çətinliklər yaradıb. Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyannamənin 9-cu maddəsi regionda bütün nəqliyyat dəhlizlərinin, xüsusilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər regionları ilə birləşdirən avtomobil və dəmir yolu əlaqəsinin canlandırılmasını tənzimləyir. Yadda qalacağı kimi, 9-cu maddə belə idi: “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri canlanacaq. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə sərbəst hərəkətinə imkan yaratmaq məqsədilə Azərbaycan Respublikasının qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir.

Tərəflərin birgə qərarı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında əlaqəni təmin etmək məqsədilə yeni nəqliyyat infrastrukturunun tikintisi həyata keçiriləcəkdir.

Ermənistan hakimiyyəti 9-cu maddəni fərqli şərh etməyə çalışsa da, liderlər arasında 2021-ci il yanvarın 11-də Moskvada keçirilən görüş Azərbaycan tərəfinin yanaşmasını təsdiqlədi. 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyannamə ilə birgə işçi qrupun yaradılması qərara alınıb və bəyannamənin 2-ci və 4-cü maddələrində bu işçi qrupunun regionda Azərbaycan və Ermənistan üstündən təcili olaraq bütün nəqliyyat infrastrukturunun dirçəldilməsi məsələlərini müzakirə etməli olduğu bildirilmişdir. Ermənistanda bəzi müxalifət və bəzi rəsmilərin mənfi münasibətinə baxmayaraq, bütün tərəflərin verdiyi bəyanatlar, atılan konkret addımlar nəzərə alındıqda Zəngəzur dəhlizinin reallaşması üçün güclü iradənin olduğu göz qabağındadır. Türkiyə və Azərbaycanın təklif etdiyi, Cənubi Qafqazı və onun qonşularını əhatə edən “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan+Türkiyə, İran, Rusiya) modeli müharibə başa çatdıqdan sonra regionu əməkdaşlıq, firavanlıq və sabitlik olan bir əraziyə çevirməyi hədəfləyir. Zəngəzur dəhlizinə də bu kontekstdə baxmaq lazımdı.

Əgər Ermənistan regionda sülh axtarışına töhfə vermək qərarına gəlsə və bu nəqliyyat layihələrində iştirak etsə, Bakıdan Horadizə və Horadizdən Naxçıvanın şimalına öz dəmir yolu xəttini bu xəttlə birləşdirə biləcək. Beləliklə, Ermənistan Rusiya və İrana fasiləsiz nəqliyyat əldə edə biləcəkdir. Amma Ermənistan Zəngəzur dəhlizinin bütün üstünlüklərindən bir şərtlə faydalana bilər: o təxminən 30 il davam etdirdiyi qonşulara təcavüz siyasətini regional əməkdaşlıqla əvəzləməlidir. Ermənistan iqtisadi blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyirsə, yeganə yol regional əməkdaşlığa qoşulmaqdır. Əks təqdirdə, bu ölkədə işsizlik, mühacirət və yoxsulluq davam edəcək və Bu halda Ermənistan təbii ki, uzunmüddətli iqtisadi inkişaf perspektivlərindən məhrum olacaqdır.

Zəngəzur dəhlizinin açılması, bölgədə bütün kommunikasiyaların bərpası regiona xarici investorları da cəlb edəcəkdir. Cənubi Qafqazda enerji və nəqliyyat sahələrində çox sayda layihələr icra olunsa da, Ermənistan-Azərbaycan münaqişəsi biznes mühitinə öz mənfi təsirini göstərib. Üstəlik, məhz bu problem üzündən Yerevan bütün regional layihələrdən kənarda qalmışdır. Nəhayət, iki ölkə arasındakı münaqişə başa çatıb və bu, onlar üçün regionun iqtisadi potensialından tam istifadə etmək imkanı yaradıb. Nəticədə istər Ermənistan, istərsə də Azərbaycan müxtəlif layihələrə əlavə investisiyalar da cəlb edə biləcəklər. İndiyədək münaqişə buna imkan verməyib.

Dəmir yolu xətti ilə paralel olaraq eyni marşrutlar üzrə avtomobil yolları da istifadəyə verilir. Azərbaycan Zəngəzura qədər uzanacaq Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsinə başlayıb və layihə sürətlə davam edir. Digər tərəfdən, Türkiyə və Azərbaycanın da Qarsı Naxçıvana birləşdirəcək dəmir yolu layihəsi var. Bütün bu layihələr reallaşdıqda Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi yaranacaq. Eyni zamanda, Türkiyə ilə Rusiya arasında Azərbaycan üzərindən fasiləsiz quru və dəmir yolu əlaqəsi təmin ediləcəkdir.

Təxminən 40 kilometr uzunluğunda olan Zəngəzur dəhlizinin iqtisadi, siyasi, təhlükəsizlik, psixoloji və digər ciddi nəticələri olacaq. Dəhliz coğrafi baxımdan tarixi İpək Yolu (Şərq-Qərb ticarəti) baxımından Cənubi Qafqaz və türk dünyası üçün bir qədər geniş çərçivədə böyük əhəmiyyət kəsb edir.

Cənubi Qafqaz çərçivəsində Zəngəzur dəhlizi Azərbaycan və Ermənistana qarşılıqlı asılılığı artırmaq, sülh mühitini möhkəmləndirmək, ümumi rifah sahələri yaratmaq imkanı yaradır. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini təmin etmək üçün daha qısa marşruta malik olması və İrandan asılılıqdan xilas olması deməkdir. Artıq Bakı ilə Qərb arasında uçuşların Ermənistan üzərindən həyata keçirilməsi onu göstərir ki, irəliləyişlər və qazanclar təkcə quru yolu ilə məhdudlaşmayacaq.

Dəhlizin canlanması hər iki toplum üçün psixoloji baxımdan Azərbaycan türklərinin Ermənistandan öz tarixi vətənlərinə qayıtmalarının asanlaşdırılmasında rol oynaya bilər. Ümumiyyətlə, bu, regional sülhün qarşısında duran psixoloji maneələrin zəifləməsinə töhfə verə bilər.

Dəhlizin canlanması Azərbaycanla Türkiyə arasında “körpü” rolunu oynayan və ondan qazanc əldə edən Gürcüstanı narahat etsə də, hərtərəfli regional sülh və əməkdaşlıq mühitinin yaradılmasından bu ölkə də faydalanacaq. Bundan əlavə, Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr bu ölkəyə yaxın və orta müddətli öz töhfəsini verməkdə davam edəcək.

Bu arada, 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinin adının çəkildiyi ilk beynəlxalq sənəd olmuşdur. Sənəddə dəhlizin açılması həm Türkiyə ilə Azərbaycan arasında regional əməkdaşlıq, həm də ümumilikdə strateji əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.

İndiyə qədər olan məlumatlardan da açıq-aydın görünür ki, Zəngəzur dəhlizinin sərhəd dəyişikliyi layihəsi deyil, regional sülh və əməkdaşlıq mühitini gücləndirəcək nəqliyyat layihəsi olduğunu söyləmək mümkündür. Erməni icmasındakı anti-türk əhval-ruhiyyəsi, bəzi xarici güclərin mənfi münasibəti və bir sıra digər səbəblərə görə bu layihənin reallaşması asan olmaya bilər. Ancaq reallaşarsa, nəinki Azərbaycan və Ermənistan, yaxud Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya dördlüyü, hətta təkcə türk dünyası deyil, Şərq-Qərb ticarətinin demək olar ki, bütün iştirakçıları qazanacaq. Bu məsələdə Rusiya, Türkiyə və Azərbaycanın da maraqları üst-üstə düşür. Bu dəhliz vasitəsilə Rusiya Ermənistan, İran və Türkiyə ilə əlaqələrini daha da gücləndirə bilər. Dəhlizin açılması ilə Ermənistan Rusiya ilə Azərbaycanla ticarət edə bilər. Yəni Ermənistan, Türkiyə və Azərbaycanla normallaşmaqla təcriddən qurtula, firavanlıqdan pay ala bilər.

Mənbələr:

https://moderndiplomacy.eu/2021/03/07/zangazur-corridor-will-stimulate-regional-cooperation/

https://www.aa.com.tr/tr/dunya/zengezur-koridoru-turkiye-ile-azerbaycan-arasinda-yeni-baglanti-saglayacak/2259193

Wikipedia

Vüqar Mehman oğlu Mirzəliyev,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi

 

Şərh Yaz