Ayrıldıq, amma…            

          İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi 2009-cu il iyulun 15-dən yaxın günlərədək İsmayıllı Rayon Təhsil Şöbəsinin binasında fəaliyyət göstərmişdir. Bu illər ərzində bizim UADM ailəsi Rayon Təhsil Şöbəsinin işçiləri ilə bir kollektiv, bir ailə kimi birgə işləmişdir. İllərlə bir pilləkəndən qalxıb bir qapıdan girib, bir dəhlizi paylaşmışıq. Təkcə insanlarına yox, daşına, divarına belə bu illər ərzində öyrəşmiş, doğmalaşmışdıq.

Dövlət Mərkəz üçün yeni, çox geniş, gözəl bir bina tikdi. Noyabr ayının 1-də Mərkəzimizin Ölkə rəhbərinin, Birinci vitse-prezidentin iştirakı ilə açılışı oldu. Bir aya yaxındır ki, artıq yeni binada fəaliyyət göstəririk, çox gözəldi, genişdi, rahatdı, amma… illərlə doğmalaşdığımız insanlardan, yoluna, izinə alışdığımız ünvandan sadəcə ayrılıb getmək də elə asan deyil.

Bir neçə gün əvvəl təhsil şöbəsinin kollektivi ilə çay süfrəsi arxasında bütün bunlar barədə danışdıq, Mərkəzimizə, kollektivimizə illərlə göstərdikləri diqqət və qayğıya görə Mərkəzimiz, kollektivimiz adından sonsuz təşəkkür etdik. Mərkəzimizin bugünkü günə gəlməsində Təhsil şöbəsinin dəyərli pedaqoqlarının dəyərli məsləhətləri, təmənnasız işbirliyi üçün hər birinə “sağ olun” dedik.

Qızıl Aypara Cəmiyyəti İsmayıllı Rayon Şöbəsinin mehriban qızları ilə də mehriban görüşüb ayrıldıq…

Yeni bina, yeni qonşular, yeni tanışlıqlar…

Amma nə az, nə çox –  düz 12 il yanaşı işlədiyimiz o insanlar, o bina bizim üçün ilkin başlanğıcı kimi həmişə çox əziz, çox dəyərli olacaq!

P.S. Verdiyiniz dəyərə görə çox sağ olun, hörmətli Rövşən müəllim, hörmətli Hafiz müəllim!

Lətifə Əliyeva,

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru

Şərh Yaz