İldönümünə həsr edilmiş şahmat yarışı                           

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq YAP İsmayıllı rayon təşkilatı İsmayıllı Rayon Uşaq-Gənclər Şahmat Məktəbi ilə birgə  şahmat turniri keçirilib.

Tədbirdən əvvəl YAP İsmayıllı rayon təşkilatının sədrinin səlahiyyətlərini həyata keçirən Sevil Əhmədova və rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Nəriman Alıyev çıxış edərək, YAP-ın ölkəmizin həyatında oynadığı roldan danışıblar. Qeyd edilib ki, əsası 1992-ci ilin noyabrında ulu öndər Heydər Əliyev tərəfindən qoyulan YAP bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi dünyanın nüfuzlu partiyalarından birinə çevrilib. 760 mindən çox üzvü olan YAP ötən 29 ildə çətin və şərəfli yol keçib.

Sonra Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışan natiqlər ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirərək, qeyd ediblər ki, şahmatın sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.

Prezident İlham Əliyevin də şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran natiqlər dövlət başçısının bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında sərəncamlar imzaladığını, bütün bunların Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratdığını vurğulayıblar.

Turnirin yekununda qaliblərə YAP İsmayıllı rayon təşkilatının və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin Fəxri fərmanları  və qiymətli  hədiyyələri təqdim olunub.

İlqar Əhmədli

Şərh Yaz