Gənclərimizin göstərdiyi fədakarlıqlar yüksək qiymətləndirilir                         

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 05-08 noyabr 2021-ci il tarixlərində İsmayıllı rayonunda açıq havada atletika idman növünün kross qaçışı üzrə ölkə çempionatı keçirilib.

Yarışın keçirilməsinin başlıca məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi və atletika idman növünə marağın artırılması olub.

İlk öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbiri açıq elan edərək, iştirakçıları salamlayıb. O, keçirilən çempionatın 8 Noyabr – Zəfər Günü ərəfəsinə təsadüf etdiyini vurğulayaraq, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində əldə olunan şanlı Zəfər tarixindən danışıb. Qeyd edib ki, bu gün ölkə Prezidenti İlham Əliyevin Ümummilli liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Sevda Mirzəyeva, Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Xamis Bədəlov da çıxış edərək, idmançılara uğurlar arzulayıblar.

Qeyd edək ki, ölkə çempionatı İsmayıllı rayon Diyallı kənd ərazisində davam etdirilib.

 

Şərh Yaz