Yaddas kitabcasi

Cənnətdəki doğum günün mübarək                   

Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Vətən – o hər zaman yaşasın deyə uğrunda düşünmədən canını qurban vermək, onun müqəddəsliyinə daha da müqəddəslik gətirməkdir. Bu müqəddəsliyin nə olduğunu 44 günlük Vətən müharibəmizdə Azərbaycan oğulları bir daha sübut etdi. Canıyla, qanıyla Vətən yazdı Azərbaycan ərənləri.

Hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq Ana Vətən kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub, canından canına pay verməklə təsdiqlədi Vətən övladları. Ömrünü Vətənənin ömrünə calamış, Vətən müharibəmizin qəhrəman oğullarından birinin – İlhamə xanımın və Saleh bəyin oğlu Cahanın doğum günüdür 24 avqust. Vətənpərvərliyi ana laylalasından başlanmış, böyüdükcə torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri ilə daha da dolğunlaşmış Cahanın….

Yaşasaydı 27  yaşı tamam olacaqdı… Həmişə olduğu kimi yenə hamı işığına yığışıb… Sinif yoldaşları, dostları, müəllimləri, qohumlar… Cahan haqqında danışdı hamı … qürurla, fəxarətlə… Onun səmimiliyini, mehribanlığını, torpaqsevərliyini, böyüyə hörmətini dilə gətirirdilər… Elə sevə-sevə, içdən danışırdılar ki, sanki Cahanın balaca köksünə yerləşmiş bu duyğuları yenidən yaşadırlar. Əslində, həqiqətdə də şəhidlər haqqında keçmiş zamanda danışmaq mümkün deyil.

Onlar dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir. Şəhidlər – işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar.

Qəlb dünyamızın əbədi sakininə çevrilmişlərdən biri, haqqında danışdığımız gizir Cahan Məmmədzadə Saleh oğlu 24 avqust 1994-ci ildə Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin 1-ci sinifə gedib. O, məktəbli ikən çox ağıllı və vətənpərvər olub. Müəllimləri onun haqqında danışanda qürurla dinləyirəm. Kəndimizin belə qürur mənbəyi olduğu üçün. O, 2011-ci ildə 11-ci sinifi bitirib. Onda mən ona gül vermişdim. Onun üzündəki saf gülüş, saf sevinc hələdə gözümün önündən getmir. Onun qarşısında tək bir məqsəd var idi: “Vətənə olan borcunu layiqincə ödəmək”. Gizir rütbəsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirdi. II Qarabağ müharibəsi başlayan zaman Cahan müharibədə ön cəbhədə iştirak etmək istədiyini könüllü olaraq bildirdi. Şuşa şəhərində gedən qızğın döyüşlərdə iştirak etdi. Düşmən gülləsinə tuş gələrək, yüksək  şəhidlik zirvəsinə ucaldı.

Cahan nişanlı idi. Arzuları yarımçıq qaldı. Anası onunla telefonda danışarkən toyuna hazırlıq görüldüyünü və  “Otağının tavanına nə rəngdə edək?” – sualını vermiş və o bu suala: “Azərbaycan bayrağı çəkin” – deyə cavab vermişdi. Bu cavabdan onun necə vətənpərvər olduğunu duymaq olur.      Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cahan Məmmədzadə  ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Nur içində yat, qəhrəmanım… Vətən heç vaxt səni unutmayacaq…

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedir.

Cənnətdəki ilk doğum günün mübarək, Cahan!

Fidan Ələkbərli

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz