İctimai rəy: İstisnalarsız həyat yoxdur                                 

Ruhun şad oldu və olacaq da, gözəl insan, dəyərli müəllim, bağışla ki, haqqında bir az gec yazıram, bəlkə də gec deyil, şərəfləndirib göylərə ucaltdığın bayraq Şuşaya sancılandan sonra ruhuna bir az da şadlıq qata bilərəm bəlkə də.

Səni sevənlər haqqında kifayət qədər yazırlar, tam haqlı və düz olaraq sənə qanıyla tarix yazan tarix müəllimi deyirlər, çünki insanların qəlbində olduğun kimi də yaşayırsan…

Şəhid qanı hesabına bizlər yaşayırıq, başımızı millət olaraq dik tuta bilirik, ona görə də qarşınızda bir ömür boyu borclu qalırıq, o qədər yüksəklikdə durursunuz ki, nə səsimiz yetir, nə də əlimiz çatır sizə, ruhunuz qarşısında baş əyib səcdə etməkdən başqa bir yolumuz qalmır.

Famil müəllim, sən elə bir müəllim idin ki, yüzlərlə, minlərlə şagirdlərinin və səni tanıyan minlərlə insanların qəlbində əbədi heykəl qurmusan, onlardan 2 nəfər bizim ailəmizdə də var ki, dillərinin əzbərisən. Sən ən yüksək fəxri adlara layiq müəllimsən, ömrünü yalnız müəllimliyə həsr etmisən, vəzifə iddialı olmadın heç vaxt, olsaydın, yəqin ki, məktəb direktorluğundan üzü yuxarı hər cür vəzifəyə yüksələ bilərdin, bütün varlığınla sevdiyin müəllimlik peşəsinə həsr etdin özünü.

Təbii ki, adın bir şəhid kimi əbədiləşəcək zamanında, adına küçə də ola bilər, məktəb də, digər hansısa başqa bir yer də… Amma mən rayonumuzun, hörmətli Rövşən müəllim başda olmaqla, qədirbilən təhsil ictimaiyyətindən xahiş edərdim ki, layiq olduğun, lakin yetə bilmədiyin əməkdar müəllim mükafatı üçün Təhsil Nazirliyinə müraciət olunsun. Bilirəm, bu tip məsələlər insanın sağlığında və müəyyən meyarlara söykənən qaydalar əsasında həyata keçirilir, lakin şəhadətə yüksəlməyin də konkret qaydaları yoxdur, deməli, istisnalarsız həyat yoxdur.

İnanıram ki, hörmətli nazir Emin Əmrullayev də müracətə həssas münasibət bəsləyərək istisna hal kimi ölümündən sonra Famil müəllimə layiq olduğu əməkdar müəllim fəxri adını onun ruhuna hədiyyə edəcəkdir. Ümid edirəm ki, təklifim cavabsız qalmayacaq.

İsmayıl Tarverdiyev

Şərh Yaz