Uşaqlarının ən sevimli ünvanı                      

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Mərkəzdən bəhrələnən uşaqların yay istirahətinin təşkili üçün müxtəlif tədbirlər keçirir. Növbəti belə tədbir “Gəncə” Uşaq Kitabxanası ilə birlikdə İsmayıllının arxitektura baxımından ən baxımlı, ən yaraşıqlı binalarından olan ”Gəncə” uşaq kitabxanasında keçirilmişdir.

Uşaqlara ilk öncə kitabxananın yerləşdiyi binanın tarixi barədə məlumat verilmişdir. 1981-ci ildə İsmayıllı rayonunda güclü zəlzələ baş vermişdi. Bu zəlzələ nəticəsində çox sayda yaşayış evi, inzibati bina dağılmış, zərər görmüşdü. Zəlzələnin nəticələrinin aradan qaldırılmasında İsmayıllıya bütün ölkə əl uzatmışdı. Xalq şairi Musa Yaqub o köməyi obrazlı şəkildə ifadə edərək yazırdı ki, “Hər mişar daşından yüz əl yapışdı”.

El birliyi – əl birliyi ilə yenidən qurulan İsmayıllıda hər rayon bir tikinti ilə öz imzasını atmışdı. Gəncəlilər də Gəncənin tarixinə, sambalına, adına layiq olan və elə Gəncənin adını daşıyan “Gəncə” uşaq kitabxanasını tam milli memarlıq üslubunda tikərək ismayıllılara hədiyyə etmişdilər.

Geniş tədbir zalı, oxu və xidmət zalı, nağıllar dünyasını xatırladan “Nağıl otağı” ilə kitabxana bu gün də İsmayıllı uşaqlarının ən sevimli ünvanıdır. Mərkəzdən bəhrələnən uşaqlarara bütün bunlar barədə geniş məlumat verilmişdir – “Nağıl otağı”na gedən yol elə nağılı xatırladan bu söhbətlərdən başladı.

Uşaqlar kitabxananın öz işinin peşəkarı olan işçiləri ilə birlikdə kitabxananı gəzdilər, oxu zalında ən son nəşrlərlə tanış oldular, xidmət otağında işçilərin köməyi ilə yaşlarına uyğun kitab seçib kitabxanaya abunə oldular. Növbəti dayanacaq adına uyğun quruluş verilərək xalçalarla, mütəkkələrlə döşədilmiş “Nağıl otağı” oldu: kitabxana işçilərinin həzin səslə söylədikləri nağılları uşaqlar böyük maraqla dinlədilər. Kitabxananın geniş zalında pandemiya qaydalarına uyğun oturan balacalar cizgi filmlərini də geniş ekranda eyni maraqla izlədilər.

“Gəncə” Uşaq Kitabxanasının rəhbərliyinə, kollektivinə əməkdaşlığa görə təşəkkür edirik.

Lalə Kəbirova,

UADM-nin əməkdaşı

Şərh Yaz