Sadəliyin, mehribanlığın, zəhmətkeşliyin, vətənpərvərliyin təbliğatçısı             

Zalıyev Vaqif Nəcəf oğlu 3 iyul 1949-cu ildə İsmayıllı rayonunun dağlarla əhatə olunmuş, gecə-gündüz Girdiman çayının ahəngdar səsini, təbii nəğməsini dinləyən Həftəso kəndində anadan olub. O, gənc ailəyə ilk övlad sevincini bəxş edən körpə olub. İllər keçib və Vaqifdən sonra 6 qardaşı, 7 bacısı dünyaya gəlib.

Göründüyü kimi, ailə böyük olub. Vaqif 8-ci sinfi bitirdikdən sonra Bakıya gəlib. Peşə təhsili ilə yanaşı, orta məktəbi də orada bitirdi. Sovet ordusu sıralarında xidmətdən sonra Bakı Texnologiya Texnikumunun tələbəsi olub, ailə həyatı qurub, Rusiyanın Voronej şəhərində Ağac Texnologiyası İnstitutunda təhsilini davam etdirib.

Gənclik illərini sənətə, zəhmətə, özünü təsdiq etməyə çalışan Vaqif  Zalıyev asudə vaxtının bir  hissəsini yaradıcılığa, şeirlər yazmağa həsr edib. Onun sadə, səmimi şeirləri bir sıra mətbuat orqanlarının səhifələrində, tərtib olunmuş müxtəlif almanaxlarda Vaqif Nəcəfzadə imzası ilə işıq üzü görüb.

V.Nəcəfzadənin qələm nümunələrində Vətən, halal zəhmət tərənnümü üstünlük təşkil edir. Çünki özü çoxuşaqlı ailədə tərbiyə alıb, vətənpərvər vətəndaş olmaqla, ömrü boyu halal zəhmətlə ailəsinin qayğısını çəkib. Hamı onu öz işinin bilicisi kimi tanıyırdı. Elə bununla da hamının hörmətini qazanmışdı.

V.Nəcəfzadə olduğu hər yerdə, sadəliyin, mehribanlığın, zəhmətkeşliyin, vətənpərvərliyin təbliğatçısı olub. Onun haqqında daha dolğun fikirləri isə elə qələmə aldığı yazıları deyir. Burada Vaqif Nəcəfzadə qəlbinin döyüntülərindən süzülən bir neçə nümunəni diqqətə çatdırmaq yerinə düşər.

Şahməmməd Dağlaroğlu

 

Gözəl Həftəsovum mənim

 

Körpəliyim, gəncliyim, səndə ayaq izlərim,

Səndə gəldim dünyaya, səni gördü gözlərim.

Səndə dil açmışam mən, deyilib ilk sözlərim,

Sənə necə dönməyim, səni necə sevməyim?

Gözəl Həftəsovum mənim.

 

Bənövşə axtarmışam mən cığırlar boyunca,

Yemlik, türşəng axtardım tarlalarda doyunca.

Döşəndim cəmənlərə, döşəyim güllü yonca.

Min bir rəngə boyanır sənin dağın, çəmənin,

Gözəl Həftəsovum mənim.

 

Ətrafın uca dağlar, zirvələri çən-duman,

Gözəlsən hər fəsildə, füsünkarsan hər zaman.

Qarşında gah lal axır, gahda coşur Girdiman.

Mənim bağlı-bağatlım, mənim güllü-gülşənim,

Gözəl Həftəsovum mənim.

 

Mən səndən qanad açıb uçmuşam uzaqlara,

Çox gəzdim yad elləri, düşdüm qərib yollara.

Mən hara yollansam da, dünyada getsəm hara,

Kökümlə sənə bağlı, sən mənimsən, mən sənin,

Gözəl Həftəsovum mənim.

 

Sənə döndüyüm hər gün mənimçün əvəzsizdir,

Hər cığırın, hər daşın mənə doğma əzizdir.

Babalardan yadigar, ululardan bir izdir,

Səndə yanan çıraqım, səndə ocaqım, evim,

Gözəl Həftəsovum mənim,

Gözəl Həftəsovum mənim.

                                                    2017

Babadağım

 

Uşaqlıqdan Baba dağın ağ qarına vurulmuşam,

Baba dağın saf suyunu, içə-içə saflaşmışam, durulmuşam,

Elim orda, mən Baba dağ ətəyində doğulmuşam.

Orda atam, orda yatır ulularım, babam mənim.

Baba dağın ətəyində kəndlərim var, obam mənim.

 

Məğrurluğu, vüqarımı səndən aldım, Baba dağım,

Ətəyində keçdi mənim yaxşı günüm, gənclik çağım,

Sən başısan, sən tacısan yaşadığım bu torpağın.

Ətəyində tüsdülənir samavarım, sobam mənim,

Baba dağın ətəyində kəndlərim var, obam mənim.

 

Mən zirvənə yüksəlmişəm yamaclardan addım-addım,

Mən gəlmişəm yayın günü qarlı sudan içim, dadım,

Mən zirvəndə, ürək döndü bir qartala pərvazlandım.

Bir tərəfdə İsmayıllım, bir tərəfdə Qubam mənim,

Baba dağım Vətənimdir, elim mənim, obam mənim.

                                                                   Yanvar 2000

 

Duracağam vayına

 

Silahla görüşərik Şuşam, Cıdır düzümdə,

Vətənimə dikilmiş, çıxacaqdır gözün də.

Çox yaltaqlıq görmüşəm sənin rəzil üzündə,

Sənin havadarın da çatmayacaq hayına,

Duracağam vayına!

 

Azərbaycan torpağın, almağa can atmısan,

Müəyyən zamanlarda məqsədinə çatmısan.

İndi o torpaqları saxlamaq deyil asan.

Sən çox da arxalanma qərbdəki dayına,

Duracağam vayına!

 

Səni başa salmaqçün, gərək başından vuram,

Sökülmüş obaları alıb yenidən quram.

Martın soyqrımından, göynəyir hələ yaram,

Nahaq girdin bizimlə belə qanlı oyuna,

Duracağam vayına!

 

Mübariz təkbaşına, qırdı sənin yüzünü,

Ramilin bir zərbəsi, qorxudubdur gözünü.

Qarabağ torpağından siləcəyəm izini,

Şuşadan qova-qova salıb Qarqar çayına,

Duracağam vayına!

 

Sən dənizdən-dənizə ölkə qurmaq istədin,

Xalqıma hiylə qurub, onu vurmaq istədin.

Bizə çoxdan bəllidir o məkirli xislətin.

Dünya daha inanmır sənin hay-harayına,

Duracağam vayına!

Duracağam vayına!

                                                   2017

 

Şərh Yaz