Həmişə bəhrələndiyim qəzet                                  

                  Mən Azərbaycan dili və ədəbiyyat müəllimi kimi “İsmayıllı xəbərləri” qəzetinin hər nömrəsini oxuyuram. Qəzetdəki bir çox yazılardan, xüsusilə “Dağ çiçəkləri” ədəbi məclisinin üzvlərinin şeirlərindən və digər yazılardan şagirdlərin milli, vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsində istifadə edirəm.

Qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Dağlaroğlunun, Hacıməmməd Məmmədovun, xalq şairi Musa Yaqubun şeirlərindən, İldırım Dəmirlinin, Daşdəmir Əjdəroğlunun, İntiqam Mehdizadənin, Rəna Mirzəliyevanın qəzetin səhifələrindəki  yazılarından bəhrələnirəm.

“İsmayıllı xəbərləri” qəzetində mənim də tez-tez yazılarım dərc olunur. Ona görə də bu qəzet mənə doğmadır. Hər kəs doğmasının yolunu gözlədiyi kimi mən də qəzetin hər nömrəsini səbirsizliklə gözləyirəm.

44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin xarici jurnalistlərə verdiyi müsahibələrin qəzetdə dərc edilmiş nömrəsini özümdə saxlayıram. Ondan şagirdlərin vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsində istifadə edirəm. Həm də şagirdlərə izah edirəm ki, xalq, iqtidar, ordu “Dəmir Yumruq” kimi birləşib düşmənin başını əzdi. Daim belə olmayıq. Gənc nəsil torpaqlarımızın müdafiəsi uğrunda fəal iştirak etməlidir.

Şahməmməd Dağlaroğlu sizi, yaradıcı heyəti, qəzetin ərsəyə gəlməsində əməyi olan hər kəsi 500-cü nömrəsinin oxuculara təqdim olunması münasibətilə təbrik edirəm. Qəzetin 1000-ci nömrəsinin işıq üzü görməsini arzulayıram.

Xatirə Orucova,

İsmayıllı şəhər A.Aslanov adına 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz