Uğurlarınız bol olsun                                 

“İsmayıllı xəbərləri” qəzetinin hər nömrəsini səbirsizliklə gözləyirəm. Bu qəzet vasitəsilə rayonun sosial- iqtisadi və mədəni inkişafından, keçirilən tədbirlərdən xəbərdar oluram. Qəzetdə milli adət-ənənələr, vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi ilə əlaqədar, xüsusilə şəhidlərimiz və qazilərimiz haqqında yazıların verilməsi təqdirə laiqdir. Qəzetdə 44 günlük Vətən müharibəsində qələbəmizin işıqlandırılması İsmayıllı xəbərləri qəzetinin redaktoru və təsisçisi Şahməmməd Dağlaroğlunun özünün vətənpərvər bir insan olduğunu bir daha sübut edir.

“İsmayıllı xəbərləri” qəzetində mənim də vaxtaşırı müxtəlif mövzularda bəzən şirin, bəzən duzlu yazılarım çap olunur. Hər bir yazım qəzetdə çap olunanda qürur hissi keçirdirəm. Çünki bu qəzet mənimdir, sənindir və hamımızındır. Hamılıqla qəzetin ərsəyə gəlməsində iştirak etdiyimizə görə daha oxunaqlıdır, daha sevimlidir.

“İsmayıllı xəbərləri” qəzetində “Düz yolu əyri gedən”, “Uğurlu yolun zirvəsində” rubrikalarının da fəaliyyətə başlamasını təklif edirəm.

Rayonumuzun sakinlərindən bir xahişim də var. Qəzetə hamılıqla abunə yazılaq ki, qəzet tez-tez işıq üzü görsün, xəbərlər boyatlaşmamış oxuculara çatsın.

RİH-nin həyata keçirdiyi tədbirlər, şəxsən RİH-nin başçısı Nahid Bağırovun şəhid və qazi ailələri ilə keçirdiyi görüşlər, həmin ailələrə göstərilən qayğı barədə “İsmayıllı xəbərləri” qəzeti vasitəsilə xəbər tuturuq.

Bir ziyalı, bir 74 yaşlı ağsaqqal kimi “İsmayıllı xəbərləri” qəzetinin 500-cü nömrəsinin işıq üzü görməsi münasibətilə qəzetin təsisçisi və redaktoru Şahməmməd Dağlaroğlunu, yaradıcılıqla məşqul olan, qəzetdə yazıları çap olunan hər kəsi təbrik edirəm. O gün gəlsin ki, mininci, milyonuncu nömrəsi də oxuculara təqdim olunsun.

Qələminiz iti, sözünüz kəsərli, uğurlarınız bol olsun.

Yaşar Nuriyev, 

rayon Ağsaqqallar Şurasının üzvü

Şərh Yaz