Müdrik şəxsiyyət                             

Hər bir xalqın içərisində xüsusi istedada malik şəxsiyyətlər yetişir. Belə şəxsiyyətlər yaşadığı dövrün, zamanın nəbzini tutaraq xalqa düzgün yol göstərirlər. Onlar öz nəcib əməlləri, yüksək hümanizmi, siyasi istedadı, liderlik bacarığı ilə seçilirlər və adlarını tarixin səhifələrinə müdrik şəxsiyyət kimi yazırlar. Belə şəxsiyyətlərdən biri də bizim üçün ümumilli lider olan Heydər Əliyev idi. O, dünya üçün isə ümumbəşəri liderdir.

1991-ci ilin 18 oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət gərginləşdi, hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət ağırlaşır, fərarilik artır. Ermənilər hər gün ərazimizin işğalını genişləndirir. Azərbaycanda hakimiyyətdə idarəolunmaz vəziyyət yaranır. Ayrı-ayrı şəxslər gənc respublikada rəhbərliyə gəlmək üçün öz aralarında mübarizə aparırlar.

1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı özünün inandığı, etibar etdiyi, müdrik şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Azərbaycana dəvət etdi. İyunun 9-da Bakıya gələn Heydər Əliyev çox qısa vaxtda vətəndaş müharibəsinin qarşısını ala bildi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin vaxtdan etibarən 15 iyun tariximizə Milli Qurtuluş günü kimi daxil oldu. Bu tarixdən başlayaraq Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi , mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yaratdı. Azərbaycan Respublikasının milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atdı. Mühüm strateji əhəmiyyətə malik olan Horadiz yaşayış məntəqəsi erməni işğalından azad edildi. 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişləri cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı və dövlət müstəqilliyi qorunub saxlanıldı.

Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkəmizdə insan hüquqları və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olunması üçün əsaslı zəmin yaradılmasına nail oldu.

Xarici siyasət sahəsində Heydər Əliyevin həyata keçirdiyi tədbirlər, cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tirbunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan müstəqilliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələr sayəsində gənclərin intelektual səviyyəsi xeyli yüksəlmişdi. Xaricdə təhsilə, mütəxəssislərin hazırlanmasına göstərilən qayğı öz bəhrəsini vermişdir.

Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması, onların bir Vətən – müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün son dərəcə qiymətli qərarlar qəbul etmişdir.

Ulu öndərimiz Heydər Əliyevin ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir. Bu siyasi kursun layiqli davamçısı prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan surətlə inkişaf edərək regionda lider dövlətə çevrilmişdir. İkinci Qarabağ müharibəsində 44 gün ərzində qazanılan qələbə bir daha sübut etdi ki, Azərbaycan iqtisadi cəhətdə inkişaf etmiş və ən qüdrətli orduya malik dövlətdir. Bu gün Azərbaycan sözün əsl mənasında tam müstəqil siyasət yürüdən ölkədir.

Azərbaycan dövlətinin öz siyasi dəsti-xətti dövlətçilik siması, inkişaf yolu vardır. Prezident İlham Əliyev tərəfindən Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yüksək inkişafa nail oldu. 30 ilədək erməni işğalı altında olan torpaqlarımız müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı, qəhrəman ordumuzun sayəsində azad edildi.

Ruhun şad olsun, Ulu öndər; Bu gün bir həqiqətdir ki, prezident İlham Əliyev şəxsiyyətində liderlik qabiliyyəti ən önəmli sahələri özündə birləşdirir.

Azərbaycanın inkişafı yaradıcı əllərdədir.

Xatirə Nuriyeva,

İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli  tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatıəllimi

 

Şərh Yaz