“İsmayıllı xəbərləri” fərəh doğurur                       

 “İsmayıllı xəbərləri”nin daimi oxucusuyam. Onun 500-cü nömrəsinin çapdan çıxmasına doyunca sevinənlərdən biriyəm. Açıq etiraf edirəm ki, “İsmayıllı xəbərləri” nəinki region qəzetləri, hətta respublika səviyyəli qəzetlər arasında da ən nümunəvi qəzetlərdən biridir.

Qəzetin mövzu dairəsi çox genişdir. Burada siyasi, ictimai, iqtisadi, sosial, mədəni-maarif, quruculuq, elm, təhsil məsələləri hər nömrədə geniş yer alır, oxucu bir səhifədən digərinə keçəndə bir az da ruhlanır, bir az da həvəslənir. Hiss olunur ki, qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Dağlaroğlu şair olaraq böyük ilham xəzinəsinə malik olduğu kimi, həm də jurnalistika sahəsində yüksək fitri istedad sahibidir. “Əkinçi” qəzetinin 146-cı ildönümü ərəfəsində “İsmayıllı xəbərləri”nin 500-cü nömrəsinin işıq üzü görməsi nə xoş təsadüf, nə böyük sevincdir?!

Şahməmməd müəllim, hər dəfə əllərinizlə yığılan, qəlbinizdən süzülüb gələn, beçə balı kimi şirin olan qəzet yazılarını oxuyanda az da olsa cavanlaşır, sağlamlaşıram. Siz, İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon yazarları ilə birgə  bu qəzetə şərəf və ləyaqətlə yanaşırsınız. Bu qəzet təkcə İsmayıllıda deyil, respublikada da tanınır, sevilir və oxunur. Bakıda, Sumqayıtda digər rayonlarda hər nömrənizin çıxışını gözləyənlər var.

Hələ bu harasıdır?! “İsmayıllı xəbərləri” 44 gün ərzində torpaqlarımızın düşmən tapdağından azad olunmasında həm rayon gənclərinin, həm də digər şəhər və kəndlərimizdəki əsgər və zabitlərin yekdilliklə silaha sarılaraq Zəfər qazanmasında nə qədər təbliğat işi aparmışdır?! Var olun!

Əziz Şahməmməd Dağlaroğlu, əziz həmkarlarımız! Sizə qələm tutan əliniz var olsun deyir, “İsmayıllı xəbərləri”nin 1000-ci nömrəsini də elə bu həvəslə çapa hazırlamağınızı, bu çətin, lakin şərəfli peşədə həmişə uğurlar qazanmağınızı arzu edirik. Oxucu qəlbində həmişə belə fərəh doğurasınız.

İnsan və təbiət” qəzetinin yaradıcı kollektivi adından təbrik edir:                                             

İldırım Dəmirli,

Respublikanın Əməkdar jurnalisti

Şərh Yaz