DƏRDİNİ HƏZİN NEY KİMİ DİNLƏDİYİM              

 (Anamın anım gününə)

Dünyaya gəlişi baharda olmuşdu. Baharda da  köç etdi bu dünyadan. Bunu özü diləmişdi Yaradanından. Başqa bir diləyi isə: “az ağrı, asan ölüm” istəyi olmuşdu, yenə də Ondan. Elə də oldu. Cəmi on gün oldu bu istəyin ömrü. Gözləri ilə kimi isə axtardı, kiminsə yolunu gözlədi bu on gündə. Sözə baxmayan əl-ayağı, qıfıllanan dodaqları, sözlə dolu ümidsiz gözləri nə isə demək istəyirdi, bacarmırdı. Elə bil küsmüşdü bu dünyadan. İstədiyinin  gileymi, şikayətmi, istəkmi, vəsiyyətmi olduğunu bilmədik. On günün tamamında saralıb yorğun düşmüş Günəş, üfüqdəki mənzilinə çatanda, onun da bu dünyadakı yolçuluğu bitdi. Yol gözləməkdən kökünün sapı saralan  gözləri  əbədi qapandı. Baharda öz yuvalarına dönən qaranquşlar kimi, o da növbəti baharında öz əbədi mənzilinə köç etdi…

O ayrılıqdan uzun illərdir keçir. Elə bil dünən idi bu ayrılıq. Sağlığında ziyarətinə gəldiyim vaxtlar qapıları üzümə taybatay açılan darvaza, indi qıfıllı halda, dərin sükuta dalmış dərdli insanlar kimi qarşılayırdı məni. Ciblərimin dərinliklərində gizlətdiyim dillə, paslanmış qıfılı  özüm açmalı oluram. Ot basıb növrağını itirmiş həyət-bacasından, ev-eşiyinin hər künc-bucağından  hələ də Onun səsi eşidilir, qoxusu duyulurdu. Bir çox ailələrdə dəbdən düşmüş yorğan-döşək yükləri necə var idisə eləcə çin-çin dururdu. Küncünün başında cüt qoyulmuş, dabanı əzilmiş nimdaş qaloşları eləcə yerində qalırdı. Cavanlıq illərini arxada qoyub şuxluğunu itirəndə, əlinə alıb özünə dayaq etdiyi, zoğal ağacı budaqlarından düzəltdirdiyi çəlikləri də divara söykənəkli halda idi. Bir az aralı məsafədə görünən üç hisli ocaq daşı, həyatının davamını xatırladan üç nöqtəyə bənzəyirdi. Qulağıma gələn hər kiçik tıqqıltı, onun haralardasa lap yaxınlıqda olduğunu xatırladırdı mənə. Tez də fikrimdən daşınırdım: “Anam sağ olsaydı, həyət-bacası bu gündə olmazdı” – deyə düşünürdüm. Daş döşəmələr arasından adam boyu qalxan otlar, payızdan qalıb çürüyən yarpaqların ətrafa saçdığı üfunət iyi, anamsızlıqdan xəbər verirdi. İçimdə baş qaldıran qarışıq duyğular düyünündə, böyük şairimiz Məmməd Arazın bir neçə misrası düşür yadıma:

…Yer üzünün işığı bol – sən yoxsan,

Neçə gəlin, neçə nəvən – sən yoxsan.

Aynabəndli ev-eşiyin – sən yoxsan,

Bir ömrün tüstüsü yox – sən yoxsan,

Xörəyimin istisi yox sən – sən yoxsan…

Bədənim ayaqlarıma ağırlıq gətirir. Anamın sağlığında zarafatla dediyi “pambıqtək yupyumşaq” daşın üstə otururam. Xəyalən anamlı günlərə qayıdıram. Onun həzin ney kimi dinlədiyim xatirələrini yadıma salıram:

“Dünyaya gəlişimlə dərd də elə bil mənimlə doğuldu. Qundaqda iki aylıq körpə ikən, 1915-ci ildə anamla birlikdə meşəyə qaçmışam – ermənilərdən gizlənib bizi öldürməsinlər deyə. Üstündən üç il keçməmiş, 1918-ci ildə, hadisə yenə də təkrarlandı. Yenidən meşəyə, dağlara üz tutduq. Bu dəfə də kəndimiz əvvəlki kimi başdan-başa yandırıldı. Çoxlu sayda qohum-əqrəbamız, kənd sakinləri  qətlə yetirildilər. Ağlım kəsəndən sonra öyrəndim ki, bu qətldə öldürülənlərin sayı 400-ə yaxın olubmuş. Uzun müddət evdə, qonum-qonşu, el-oba arasında söhbət gəzdi ki, əgər xilaskar Türk qardaşlarımız özlərini vaxtında harayımıza çatdırmasaymış, bir nəfər də olsun azəri türk milləti qalmayacaqmış…” “… “Əlif” hərfini öyrənib yenicə “Be”yə keçmişdik ki, ərəb əlifbası ilə öyrəndiyimiz yazı-pozu, yeni gələn hökumətin qərarına görə latın əlifbası ilə əvəz olundu. Elə həmin il kənddə-obada hamının tanıyıb hörmət etdiyi, igidliyi ilə ad çıxaran, ermənilərin başına od ələyən əmimi tutub harasa apardılar. Xəbər yayıldı ki, Zərgəran kəndindən olan erməni Xaçatur satıb onu. Guya o, yeni hökuməti sevmirmiş, çoxlu sayda erməni öldürübmüş. Əmimin ev-eşiyini ailəsinin əlindən aldılar. Mülkünü yeni gələn Şura hökuməti  üçün idarəyə çevirdilər. Həyətində Leninə heykəl ucaltdılar. Çox keçmədi dayılarımı da “kulak” adı ilə tutub apardılar. Əmim də, dayılarım da o gedən oldular…”

“… Məktəb illərindən, 12 yaşımdan sevirdim onu. Ailə quranda 16 yaşım vardı. Hitler müharibəni başlayanda kənddən ilk cəbhəyə gedənlərdən birincisi o oldu. Bir il keçməmiş “qara kağızı” gəldi. İki azyaşlı uşaqla yetim saxlamağa məhkum olunanda, 25 yaşım yenicə tamam olmuşdu.  İndi də yolunu gözlədiyim sevdalı günlərimin ömrü, cəmi 9 il oldu… Qayınlarım, dörd qardaşımın hamısı cəbhəyə aparıldılar. Evim soyğunçular tərəfindən qarət olundu. Həyatda kimsəsiz, köməksiz qaldım. Bir-birindən ağır gələn illəri yaşamalı olduq. Vaxt olub kənd camaatına qoşulub kürəyimə qax, alça lavaşnası şələsini alıb, qışın oğlan çağında həftələrlə Ağsu, Şamaxı bazarı yollarında pay-piyada qalmışam…”

Bu cür həyat tərzi anamla yaşıd olan o dövrün bütün analarına məxsus olub. Yazımızda  tez-tez təkrarlanan “Anam” məvhumu şərti olaraq o dövrün bütün analarının ümumiləşmiş obrazıdır. Bu igid qadınlar, insanların aclıq və xəstəlikdən tut kimi töküldükləri bir zamanda, himayəsində olan uşaqlarını, xəstə, əldən düşüb qocalmış ata-analarını, simsarlarını qoruyub saxlamaq üçün hansı əziyyətlərə dözməyiblər: – kəllə, öküzlə yer şumlayıb əkin əkiblər, dəryazla ot, oraqla taxıl biçiblər, xırman döyüblər, taxılı dəyirmanda üyüdüb un ediblər, çörək yapıblar, inək sağıblar, evdə övlad bəsləyiblər… sadalamaqla qurtarmaz. Bir üzü gəlin, bir üzü qız olan bu insanlar saçlarını süpürgə ediblər, kiprikləri ilə od götürüblər, kimsəyə boyun əyməyiblər. Bu xüsusiyyət, bu dözümlülük, bu qeyrət, bu cəsarət, bu işgüzarlıq yalnız və yalnız mənsub olduğumuz türk millətindən olan analarımıza məxsusdur. Anamı bəhanə edib  yazdığım bu yazını həmin analara  da ithaf edirəm.

Kitab rəfimdə vərəqləri saralıb tökülən bir kitab var. Onu sovet dönəmində Leninqradda ezamiyyətdə olarkən küçədə bir yaşlı “alkaşdan” almışdım. (İfadəmə görə uzr istəyirəm, bəlkə də o məşhur bir şərqşünas olubdur). Kitab 1922-ci ildə məşhur isveç şərqşünası Adam Mets tərəfindən yazılmış, Böyük rus Şərqşünas alimi D.E.Bertels isə onu alman dilindən rus dilinə tərcümə edibdir. Adı “Musulmanskiy Renessans”dır, (Müsəlman intibahı, yəni inkişaf dövrü). Kitabın 143-cü səhifəsində bir çox millətlərlə müqayisədə türk qadınları barədə belə yazılıb: “Türk qadınları bütün gözəllikləri özündə cəmləşdirən bir məxluqdurlar: ağ, yumşaq dərilidirlər. Gözləri balaca və xoşa gələndir, boyları çox da uca olmayıb mütənasibdir. Türk qadınları dünyaya sağlam uşaq gətirməkdə yeganə əvəzolunmaz bir mənbədir. Onlardan qüsurlu uşaqlar doğulmur və bir qayda olaraq onlar oğlanlı-qızlı hamısı at çapmaqda çox məharətli olurlar… Çox evdar və qənaətçildirlər. İsrafçılığı sevmirlər. Zəngin süfrə açmaq mədəniyyətləri var…”

Anam da o analardan biri idi. Günəşdən erkən oyanardı, yatanda isə hamıdan gec yatardı.  Yaşadığı günün mənasını köynəyinin duz bağlamasında, yorğun düşmüş bədəninin sızıltısında, başının hərlənməsində görərdi. Özü-özünə iş tapardı: yun didərdi, onu 3-4 növə ayırardı. İrilərindən yorğan-döşək salar, kiçik qitnələrindən nimdərlər, nimdərçələr düzəldərdi.  Anam nəyə əl vursaydı o iş çiçək açardı. Ən xırda parçalara belə heyfi gələrdi. Onları toplayar, rəngləri uyğunlaşdırar, yaraşdırar, bir-birinə calaq edər, nəticədə ortaya sanballı, qiymətli bir sənət əsərini xatırladan qurama çıxarardı. Ondan düzəltdiyi xonçaüstülər, süfrələr, nimdər və nimdərçə üzləri, sənətə qiymət verməyi bacaran insanlar tərəfindən yüksək qiymətləndirilər, çoxlarının heyranlığına səbəb olardı.

Anamın ev-eşiyindən ətir qoxusu gələrdi. Hər səhər peçi küldən, evi tozdan təmizləyərdi. Torpaq döşəməyə şirə ilə hopdurulmuş yaş dəsmal çəkərdi. Evin abı-havası təzələnərdi, nəfəs almaq asanlaşardı. Deyərdi ki, ev təmiz olmayanda əzizlərimizin ruhu küsür və evə girmirlər. Anamın daş döşənmiş həyətinə bal töküb yalamaq olardı. Onun, iplərində çoxlu sayda düyünləri olan tərəzisində qızıl çəkmək olardı. Bu bənzətməni keçən əsrin 50-ci illərində Tircanda müəllimlik edən möhtərəm, mərhum Xalq Şairimiz Musa Yaqub da öz  gözü ilə görmüş, dili ilə ifadə etmişdi. Mən isə bir oğul kimi deyə bilərəm ki, Anamın tərəzisində vallah, zəfəran da çəkmək olardı.

Anam toyda- yasda gələnlərin altına nimdər əvəzinə yorğan döşəyənləri, yamaq-yırtıq bacarmayanları, ev-eşiyini səliqəsiz, tör-töküntülü saxlayan pinti qadınları sevməzdi: “Evdən də qadının işi qurtarar?” – deyə, onları qınağa çəkərdi.

Anam yeməyib yedirdən, geyməyib geydirən, hər şeyin yaxşısını özünə qıymayıb özgəsinə verən bir Şəxsiyyət idi. Diləyə gələnləri boş qaytarmazdı. Əlində olmadığı halda qonşudan alıb verərdi. Yayın istisində göllər, gölməçələr quruyub buxarlananda, çəpərlər dibinə su dolu qablar düzərdi. Deyərdi ki, Yaradanın sürünənləri var, uçan quşları var, həşəratları, cücüləri var. Onlar da yaşamaq istəyirlər…

Adını unutduğum məşhur bir avropalı sərkərdə söyləyib ki, ədalətdə, dövlət qurmaqda türklərə heç kəs çata bilməz. Məskunlaşdıqları məkanı tez bir zamanda cənnəti xatırladan laləzarlığa çevirmək, qurub-yaratmaq türklərin qanındadır. Türklər ailə qurmağa dövlət qurmaq kimi baxırlar. Ana –  türk ailəsinin təməl daşı sayılır. Necə ki, ədaləti, cəsarəti ilə tarixdə özünə ad qazanan TOMRİS ANA kimi.

44 günlük Vətən müharibəsi, Türk qadınlarının necə Qəhrəman, mübariz, vətənpərvər Oğul doğduqlarını dünyaya bir daha nümayiş etdirdi. Bugünkü analar Anam yaşayan qanlı-qadalı illərdə yaşamış anaların qızları, nəvə və nəticələridir. Mənfur düşmənimiz dövrü olaraq bu anaların hər birinin gözlərini faşistcəsinə dəfələrlə ağlar qoymuş, başlarına qara örpək bağlamağa məcbur etmişlər. 27 sentyabr hadisəsi zamanı analarımız yekdil qərara gəldilər, öz Sevimli Prezidentlərinin ətrafında birləşdilər. Təhlükə qarşısında qalan Vətənimizin harayına qalxdılar. Oğlanlarının başlarına qurbanlıq qoçlar kimi xına qoyub cəbhələrə yola saldılar. Əhməd Cavadın harayı kimi: “Südüm sənə haram olsun, sən baş əysən düşmənə” – deyib, xeyir-dua verdilər. Nəticədə, yağı düşmən üzərində tezliklə zəfər çalan Qəhrəman Oğlunun nəşini qarşılayan Analar, bu dəfə ağlamadan, sızlamadan qürurla sinələrini irəli verib toylarda olduğu kimi qol-qanad açıb oynadılar, şadyanalıq etdilər. Qırmızı duvağını yenicə açmış gəlin, körpə övladlarının gözləri önündə, doyunca kam almadığı ömür-gün yoldaşının tabutuna girdi, son mənzilinə qədər onunla birgə addımladı. Başqa bir Ana isə üç rəngli bayrağımıza bükülüb gətirilən oğlunun tabutuna doğru qarın-qarın iməklədi. Görənlər vəcdə gəldi bu səhnədən. İlk olaraq ağlımıza o gəldi ki, bəlkə Qəhrəman Oğul Anası Qalib Oğlunu belə qarşılayacağına niyyət etmişdi?!

“Oğlum şəhid olarsa, kaş gülləsi arxadan olmayaydı” – deyən Analar da olmuşdu. Bəli, bu deyim də, yalnız Türk Analarına məxsusdur.

Vaqif  Məmmədov

 

 

Şərh Yaz