TEZLİKLƏ QARABAĞIMIZI GÖRMƏK ARZUSUNDAYAM                  

Hörmətli redaksiya, Qarabağımızla bağlı qəzetlərdə, sosial şəbəkələrdə gedən yazıları maraqla izləyirəm. Qələbəmizdən qəlbim riqqətə gəlir. Qazanılan qələbədə payları olan qardaşlarım Rüfət və Rəsulun yollarını səbirsizliklə gözləyirik. Duyğulanaraq yazdığım bu məqaləni qəzetinizdə dərc etməyinizi xahiş edirəm.

 

Gözəl Qarabağımızın 30 illik əsirlik tarixi, mənim dünyaya göz açdığım tarixdən 7 il çoxdur. Amma, anamın mənim üçün çaldığı laylalarından tutmuş bugünkü çağıma kimi, həmişə Qarabağ həsrəti ilə yaşayan bir mühitdə böyüyüb, tərbiyə almışam. Əgər bu həsrət munis bir körpə ikən qətrə-qətrə anamın südü ilə bütün bədənimin əriş-arğacına hopubdursa, ağlımın söz kəsb etdiyi anlardan isə məktəbdə müəllimlərimdən, məni əhatə edən mühitdən öyrənmişəm. Öyrənmişəm ki, mənsub olduğum türk milləti 200 ildən çoxdur ki, arzuolunmaz “Qarabağ düyünü” adlı bir problemlə üz-üzə qalıb, ondan əziyyət çəkir. Bir çox ailələr kimi bizim ailə də, bu problemin ağrılarını daim öz üzərində hiss etmişdir. Əslimiz, kökümüz Qarabağdan çox-çox uzaq olan bir məsafədə yerləşən İsmayıllıdan olsa da, özümüzü həmişə  qarabağlı sanmışıq. Arzu etmişik ki, kaş İsmayıllımıza sərbəst gedib-gəldiyimiz kimi, Qarabağımıza da eləcə asan gedib-gələ biləydik.

Seçdiyim ixtisas kimi tarixi keçmişimizi də öyrənməyi çox sevirəm. Xüsusilə Qarabağla bağlı olan olayları dərindən öyrənmək istəmişəm. Dərslərimdən imkan tapıb vaxt əldə edən kimi, kitabxanalara getdim, tarixi mənbələrin dərinliklərinə baş vurdum. Nəhayət, yəqin etdim ki, dünyanın baş sındırdığı bugünkü “Qarabağ problemi” adlı məsələ, heç də erməni ağlının məhsulu deyil. Bu, türkü sevməyən, onun inkişafını həzm edə bilməyən bir neçə nəhəng dövlətlərin öz aralarında sövdələşdikləri razılıqdır. Mən, mövzumuza tam aydınlıq gətirmək üçün, bir qədər tarixə istinad etməli olacağam.

1815-ci ildə, Vyana  şəhərində İngiltərə, Fransa, Avstriya-Macarıstan və Rusiya dövlətləri bir araya gələrək konfrans keçirirlər. Tarixdə ilk dəfə olaraq gündəmə “Şərq məsələsi” adlı bir termin gətirilir ki, bunun da əsas məğzi Osmanlı imperiyasının dünyada artmaqda olan nüfuzunu zəiflətmək, onu sıradan çıxarmaq və torpaqlarını öz aralarında bölüşdürüb onlara sahib çıxmaq olubdur. Bu işi, katalizatorluq edib sürətləndirmək üçün, yalançılıqda, oğurluqda, yaltaqlıqda, satqınlıqda və digər eybəcərliklərdə ad çıxarmış erməni toplumu seçilir. Guya yuxarıda adları çəkilən güclər, ermənilərə öz dövlətlərini qurmaqda onlara köməklik göstərəcəklər. Məhz, 1813-cü, 1828-ci illərdə bağlanılan “Gülüstan” və “Türkmənçay” müqavilələri, 1890-cı ildə “Daşnaksütyun” adlı erməni partiyasının yaradılması, 1912-ci ildə isə “Şərq məsələsi” termininin “Erməni problemi” ilə əvəzlənməsi, həmin konfransın əsas tərkib hissəsidir. 1914-cü ildə, Birinci Dünya müharibəsi dövründə, Türkiyədə yaşayan ermənilər öz yaşadıqları dövlətə xəyanət edərək, Anadoluda erməni dövləti yaratmaq məqsədilə imperialist dövlətlər tərəfindən təklənən Türkiyəyə arxadan zərbə vurdu. Onların bu cəfəng arzuları ürəklərində qalsa da, məkrli niyyətlərindən əl çəkmədilər. Nəticədə,1920-ci ildə şərqdə ilk olaraq yaradılan Azərbaycan Demokratik Respublikasını devirib hakimiyyətə gələn erməni-bolşevik quldurlarının köməkliyi ilə, əvvəlcə əzəli və əbədi Azərbaycan torpaqları üzərində özlərinə “Ermənistan” adlı bir dövlət, 1923-cü ildə isə Qarabağın dağlıq hissəsində Muxtar vilayət qurmağa nail oldular. Bununla kifayətlənməyən ermənilər, 1988-ci ildən başlayaraq o zamankı SSRİ imperiyasının başçısı Qorbaçovun himayədarlığı ilə, bölgədə yenidən fəallaşdılar və torpaqlarımızın daha 20 faizini  işğal altına aldılar. Beynəlxalq qurumların etiraz və qərarlarına baxmayaraq bu işğal 30 il davam etdi. İnsanlar öz ata-baba yurdlarından qovuldular, qətlə yetirildilər, əsir alındılar…

Göründüyü kimi 200 il tarixi olan bu münaqişələr dövründə, dünyanın dilbər guşələrindən biri olan gözəl Qarabağımız dəfələrlə ermənilər və digər qəsbkarlar tərəfindən dağıdılmış, oda qalanmış, yerlə yeksan edilmişdir. Ulu öndər Heydər Əliyev Cənabları, Onun layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyev dünyanın ən mötəbər kürsülərindən erməniləri dəfələrlə ədalətə, sülhə, barışığa, beynəlxalq hüquqa hörmət etməyə çağırmış, işğal altında olan torpaqlarımızın geri qaytarılmsını tələb və xəbərdarlıq etmişdilər ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa olsun torpaqlarımızı mütləq işğaldan azad edəcəkdir. Ermənilər buna inanmadılar, lağ etdilər, qorxaqlıq sandılar. Mədəniyyət beşiyimiz Şuşanı paytaxt elan etdilər. Cıdır düzündə yallı getdilər, acıq verdilər. Başda Fransa olmaqla özlərini ədalət keşikçisi, demokratiya mərkəzi sanan bir çox dövlətlər bu ədalətsizliyə haqq qazandırdılar, susdular, etiraz səslərini ucaltmadılar.

27 sentyabr 2020-ci il tarixində ermənilərin iyun, avqust aylarından sonra törətdikləri növbəti təxribat, Azərbaycan türklərinin səbir kasasının dolub daşmasında sonuncu gün oldu. Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqa etdiyi bir müraciətilə bütün kütlə bir göz qırpımında onun ətrafında birləşdilər və çox qısa bir müddətdə 200 illik həsrətə 44 gündə son qoyuldu. Biz, qalib gəldik!

Qalib bir dövlətin qalib bir vətəndaşı kimi fəxrlə deyə bilərəm ki, bu parlaq qələbədə mənim də haqqım var. Mən, “Füzuli uğrunda”, “Vətən uğrunda” medalları ilə təltif edilən, bu gün də hərbi xidmətdə qalıb Qarabağımızın keşiyində ayıq-sayıq  dayanmaqda davam edən iki cəsur, igid, qorxmaz oğlanların yeganə bacısıyam. Mən, qanları, canları bahasına bizə qələbə çaldıran bütün şəhidlərimizin də bacısıyam. Mən onlarla qürur duyuram.  Şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür və can sağlığı arzu edirəm. Onları, cəbhədəki qardaşlarıma göndərilən   naməlum bir qız əli ilə salamlayıram.

Prezidentimizin dili ilə desək, artıq “Qarabağ Azərbaycandır!” O, yad əllərdən, işğaldan qurtulub öz əsl sahiblərinə qovuşmuşdur. İndi qaldı uzun illərin əsirliyindən, işğallarından, talanlarından incik düşmüş yaralı Qarabağımızın, gözəl Şuşamızın yaralarına məlhəm çəkib, çox qısa zamanda onu dirçəltmək, ayağa qaldırmaq, keçmiş şöhrətini özünə qaytarmaq.

Müharibənin gedişi və ondan sonrakı dövrdə Müdafiə Nazirliyinin teleekranlara təqdim etdiyi görüntülərə baxdıqca, insan dəhşətə gəlir. Minilliklərlə əcdadlarımızın yaşadıqları kənd və qəsəbələrdən, şəhərlərdən əsər-əlamət qalmayıb. Evlərin dam örtükləri, pəncərə və qapıları sökülərək daşınıb, divar hörgüləri vəhşicəsinə dağıdılaraq kimlərəsə satılıb, kimsəsiz qalmış həyət-bacalarda yabanı halda bitən ağaçlar, kollar boy atıb oranı xarabalığa çevirib. Yollar, bulaqlar, tarixi abidələr dağıdılıb, müsəlman din və mədəniyyətinə aid olan müqəddəs tikililərimiz təhqir edilib, albanlara məxsus keçmiş dini məbədlər saxtalaşdırılaraq erməniləşdirilib, qiymətli eksponatlarını oğurlayıb aparıblar. Ağır və yüngül sənaye mərkəzinə çevrilməkdə olan Ağdam şəhəri, muzeylər, musiqi, sanatoriyalar mərkəzi gözəl Şuşamız, tariximizdən xəbər verən Füzuli şəhəri, Cəbrayılın, Zəngilanın, Qubadlının, Laçının, Kəlbəcərin tariximizi əks etdirən bütün abidələri, evlər, məişət və sənaye obyektləri, bir sözlə insan əli ilə yaradılan hər şey, vəhşi təbiətli erməni millətinin caynağı ilə məhv edilib. Bütün dünya bu vandalizmi öz gözləri ilə gördü. Hər şey tarimar edilib, hər şey məhv edilib, yandırılıb, daşı-daş üstə qalmayıb.

Sükuta dalmış bütün bu xarabılıqları addım-addım gəzən Möhtərəm Prezidentimiz İlham Əliyev Cənabları, Qarabağımızı kökündən dirçəldərək onu abad bir diyara çevirəcəyi təklifini ilk olaraq özü irəli sürdü. Bütün səfərlərinin sonunda xalqına hesabat verərək, dəmir yumruğunu sıxıb düşmənə bildirdi ki, Biz Qarabağımızı dirçəldəcəyik! Biz Şuşamızı dirçəldəcəyik!

Qarabağ, dünyaya yenicə göz açmış məsum körpəyə bənzəyir. Onu dirçəltmək, ayağa qaldırmaq, saysız-hesabsız yaralarının ağrısını özündə duyub sığal çəkmək hamının, xüsusən biz gənclərin borcudur. Yuxarıda qeyd etdiyim kimi bu yolda ilk möhtəşəm addımı Prezidentimiz özü atdı. “Yol – iqtisadiyyatdır” – demişdir Ulu Öndərimiz Heydər Əliyev Cənabları. Bu müdrik kəlamı Ali Baş Komandanımız verdiyi sərəncamlarla, göstərişlərlə bir daha təsdiq etdi. Şuşaya, Füzuliyə, Laçına, Kəlbəcərə, Zəngilana, Qubadlıya, əzəli və əbədi torpaqlarımız olan Zəngəzur üzərindən Naxçıvana, qanı qanımızdan, canı canımızdan, dili bir, dini bir olan qardaş Türkiyəyə yol çəkilişlərinə, neçə-neçə Beynəlxalq aeroportların inşaasına və digər sahələrin inkişafına ayrılan milyonlarla vəsait buna əyani sübutdur. Prezidentimizə bir daha alqış!

Danılmaz faktdır ki, iqtisadiyyatı güclü olan dövlət daha qüdrətlidir, daha qüvvətlidir. Zaqafqaziyada aparıcı dövlət olan respublikamız, çox keçməz ki, Möhtərəm Prezidentimizin apardığı məqsədyönlü siyasəti nəticəsində dünyanın qabaqcıl dövlətlərindən biri olacaqdır. Bir gənc mütəxəssis kimi Qarabağımızın işğaldan azad olunmuş rayonlarında tikinti-sənaye quruculuğunun inkişaf etdirilməsinə dair mənim də öz subyektiv fikir, mülahizə və təkliflərim var. Onlardan ən ümdəsi odur ki, amanın günüdür, gəlin işğaldan, dağıntılardan, istismardan, biganəlikdən, satqınlıqdan, xəyanətdən yorğun düşmüş küllü Qarabağımıza əsl sahib çıxaq. Onu yad ünsürlərdən, yad ürəklərdən, adı bizim qəlbi özgəsinin olan satqın riyakarlardan qoruyaq. Gəlin, Şəhidlərimizin qanı-canı bahasına qapısını açdığımız Qarabağ qapılarını, rüşvətxor, dünyagir, sərvət toplamaq hərisliyi ilə hər cür alçaqlığa əl atan təkəbbürlü məmurların üzlərinə bağlayaq. Gəlin, yerlibazlıq, qohumbazlıq, tərəfkeşlik, mənsəbpərəstlik kimi rəzilliklərdən əl çəkək. Gəlin, Qarabağ qapılarını vətən naminə canlarını qurban verən Mübariz İbrahimov kimi, Polad Həşimov kimi, qəlbində düşmənə nifrət yanğısını gəzdirən, yaşadan, qanında dönməz türk qanı olan insanların üzlərinə taybatay açaq…

Təbiət Qarabağ adlı diyarı yaradanda, öz səxavətini ondan əsirgəməyibdir. Bu tarixi diyar, Kiçik Qafqaz sıra dağlarından başlamış Kür və Araz çayları arasındakı ərazini əhatə edir. İqlimindən tutmuş coğrafi məkanına, yeraltı və yerüstü sərvətlərinə, fauna və florasına, dağları və çaylarına qədər, hər fəslin özünə məxsus qaydada keçməsinə kimi hər şey, Ulu Tanrının bu bölgədə yaşayan mübariz azəri türklərinə verdiyi ən böyük mükafatıdır.

Mən böyük ümidlə inanıram ki, Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının müdrik başçılığı ilə Qarabağmızda başladığımız möhtəşəm quruculuq işləri tezliklə başa çatacaq, sakinlər öz ata-baba yurdlarına qaytarılacaq, həyat 30 il öncə olduğu kimi yenidən coşub daşacaqdır. Zəngilanımıza, Cəbrayılımıza, Qubadlımıza, Laçınımıza, Kəlbəcərimizə, Füzulimizə, Xocavəndimizə, Xankəndimizə, Suqovuşanımıza, Xocalımıza qorxusuz-hürküsüz hər cür nəqliyyat növü ilə sərbəst gedib-gələ biləcəyik. Ən əziz bayramlarımızı, ən böyük tədbirlərimizi, ən möhtəşəm festivallarımızı, “Vaqif Poeziya günlərini”, “Xarıbülbül” festivalımızı, Beynəlxalq Muğam Müsabiqələrini və digər xoş günlərimizi gözəl Şuşada keçirəcəyik, onların hər birində geniş ürək açıqlığı ilə iştirak edəcəyik. Qəlbim tezliklə Qarabağımızı görmək arzusu ilə döyünür.

Ülkər Piriyeva,

Azərbaycan Dövlət İqtisad Universitetinin magistr üzrə tələbəsi                                                               

 

 

 

 

Şərh Yaz