Fəxr edirəm ki, Qələbəni görmüş gəncəm                             

Ağlamaqla dərdə çarə tapılmaz,

Torpaq basılanda gözləmək olmaz.

Qiyamətə şəhid qisası qalmaz,

Çətin günlər gəldi-gedər, ötəndi.

Murovun o üzü bizim, Vətəndir.

Vətən və vətənpərvərlik kimi müqəddəs anlayışların mənası dildə deyilməklə o qədər də asan anlaşılacaq hiss deyil.

Vətən! Bu kəlmə insanın fikrinə gələndə belə ürəyi tir-tir titrəyir. Vətən bir zamanlar işğalçı düşmənin mundar ayaqları altında qalan torpaqlarımızdır. Vətən yalnız üstündə gəzib qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil, fəxrimizdir, qürurumuzdur. Biz vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevir və onun qarşısında özümüzü borclu sayırıq.

Qarabağ! Bildiyimiz kimi, Azərbaycanın ayrılmaz hissəsidir. 30 il bundan əvvəl mənfur düşmən bu yurdu zəbt etmişdi. Onların törətdiyi soyqırımı Azərbaycanın “Qan yaddaşıdır”. Bir zamanlar mən Bakıya gedəndə Şəhidlər xiyabanındakı əbədi məşəlin qarşısında dayanırdım. Bakı küləyinin təsiri altında məşəl daha da alovlanır, əzəmətli sürətdə yanırdı. Amma o yanğıda bir kədər vardı. Qisası hələ də alınmamış şəhidlərimizin kədəri. Məşəlin alov dilləri sanki  qisasın nə vaxtsa alınacağını deyirdi. Bu misalı təsadüfən gətirmədim. Çünki, I Qarabağ müharibəsində Vətən torpağı uğrunda Şəhid olanlardan əlavə 170-ə yaxın Azərbaycan vətəndaşı şəhid olmuşdur. Onların arasında qocalar, uşaqlar və qadınlar vardı. Onların hər birinin qisası rəşadətli Ordumuz tərəfindən artıqlaması ilə alındı.

Çox qürurluyam, fəxr edirəm ki, Qələbəni görmüş bir gəncəm. II Qarabağ müharibəsi zamanı hər birimizin ürəyi Qarabağda torpaq üçün, bizim üçün ölümlərini gözə alıb vuruşan əsgərlərimizlə idi.

Xalqımızın başına gətirilmiş bu müsibət ürəkləri dağlayır. Bəlli idi ki, bir gün qisasımız alınacaq. Bax o gün gəlib çatdı. Şanlı Ordumuz “20 Yanvar”, “Xocalı faciəsi”, “Xocalı soyqırımı”, “Aprel müharibəsi”, “İyul müharibəsi”nin qisasını öz şücaəti ilə aldı və Qarabağımızdan onları iti qovan kimi qovdu. Qartalımızın yaralı qanadına məlhəm olub, onu sağlamlığına qovuşdurdular. Ümumilli liderimiz Heydər Əliyevin: – “Mən həmişə fəxr etmişəm ki, Azərbaycanlıyam” sözlərini təkrarlayır və mən də fəxr edirəm ki, bu ürəyiyumuşaq millətin bir nümayəndəsiyəm. Çünki onlar bizim xalqı əliyalın, evlərindən heç bir şey götürmədən öz yurd yuvalarından didərgin saldılar. Ancaq bizim humanist xalqımız onlara vaxt əsasında bizim torpaqları tərk etməyə icazə verdilər. Mən çox sevinirəm ki, artıq işğaldan azad olunmuş torpaqlarımızda yerləşən məscidlərimizin minarəsindən azan sədaları yüksələcəkdir.

Bu Qələbə münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm! Qələbəmiz ömürlük olsun, inşallah!

QARABAĞ AZƏRBAYCANDIR!

Surə Ağazadə,

İsmayıllı rayonu,  Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüsü

Şərh Yaz