“Dağ çiçəkləri”

Üstünə

 

Şair, yerində gətir,

Sözü sözün üstünə.

Qoyma çıxa yalanı

Haqqın, düzün üstünə.

 

Dərd eləyib yaşını,

Əymə yana başını.

Tökmə gözün yaşını

Odun, közün üstünə.

 

Haqdan bil əsən yeli,

Seç qara daşı, ləli.

Sənə uzanan əli

Öp, qoy gözün üstünə!

 

Neçə yanmazlar yanıb,

Neçə sınmazlar sınıb.

Çoxunu güclü sanıb

Getmə azın üstünə.

 

Görərsən hər halında

Nə yazılıb alında.

Yeri haqqın yolunda,

İz sal izin üstünə.

 

Haqq verən dərdə əyil,

Çatsa son pərdə, əyil.

Əyilsən mərdə əyil,

Üz qoy üzün üstünə.

 

Alsan da min bir kamı,

Qalmaz damaqda tamı.

Sonda qoyulur hamı

Eyni bezin üstünə!

Nazir Ziya Talıstanlı 

 

Dost halımı soruşdu

 

Dost, halımı soruşursan:

– Dərdli kaman, tar kimiyəm.

Kallığımdan illər ötüb,

Dəriləsi bar kimiyəm.

 

Axtarmadım yoxluqda var,

Ömrüm – zaman görmüş divar.

İçimdə bir xəzinə var,

Şah budaqda nar kimiyəm.

 

Çəkdiyim ah, göyü dələn,

Gözümə bax, nura bələn.

Bənövşəyə qonaq gələn,

Yazı görən qar kimiyəm.

Şahməmməd  Dağlaroğlu

 

Varlığına min şükür…

 

Sən də sevə bilmədin, sən də boş verdin məni,
Öz əlinlə yadlara elə xoş verdin məni…
Unutdun haradasa, nəsə unutduğuntək,
Qayıdıb götürməyi hətta görmədin gərək.

Ovutdum bu bahar da göz yaşımı yağışla,
Bu yayı da titrədib, yola verdim  qarğışla.
Gah qovdum pəncərəmi döyəcləyən sərçəni,
Gah da xəlvətdə durub gözlədim, səpib dəni…

Beləcə yola verdim neçə gündüzü sənsiz
Mən bacara bilmədim özümlə, düzü, sənsiz.
Doğulur ağrılarım günəş batandan sonra,
Ölçürəm küçələri hamı yatandan sonra.

Oynayır gecələri kölgəm Ayla gizlənpaç,
Həsrət üçəcən sayıb qışqırır: “Qovuram, qaç!”
Dan yerisə sökülür sənə çatdığım anda…
… Daha tab gətirəsi can qalmayıb bu canda.

Bütün yalanlarınla qayıt, üzümə ağ ol,
Varlığına min şükür, qayıtmasan da sağ ol!

Turac Hilal

 

Hər tərəfimdən

 

Hər an özüm üçün məchullaşıram
Baxdıqca diqqətlə hər tərəfimdən.
Xəzəl qoxuludur köhnə tərəfim,
Çiçək ətri gəlir tər tərəfimdən.

 

Məni həm var etdi, həm yox “kafi-nun”,
Həm cahil Səlamam, həm aqil Məcnun.
Xeyir tərəfimdən Allahım məmnun,
İblis ləzzət alır şər tərəfimdən.

 

Çəkdim hesabımı bu günə kimi,
Ziyanla bərabər gördüm nəfimi.
Mələk sığallayır göy tərəfimi,
Dəli div doğrayır yer tərəfimdən.

 

Uçur könül evim, dağılır damı,
Xəyaldan alıram ta gerçək kamı.
Edam tərəfimdən qaçaqdır hamı,
Zəvvar əskik deyil pir tərəfimdən.

 

Səhərlərim mənə qanad çaldırır,
Axşamlarım yorub tora saldırır.
Həyat bir qolumdan tutub qaldırır,
Ölüm yerə dartır bir tərəfimdən.

Oqtay İsmayıllı

 

Qayıda bilsən

 

Qayıt, o getdiyin yollardan qayıt,

Götür gözlərimdən pərdə, dumanı.

Qayıt, yalvarıram, qayıt bircə yol,

Səndədir ömrümün qalan gümanı.

 

Qayıtsan qəlbinə bahar olaram,

Bitərəm yolunda bənövşə kimi.

Üzünə günəşli səhər olaram,

Dolaram qəlbinə bir məşəl kimi.

 

Qayıt, bu dünyanı təzədən duyum,

Bürüsün aləmi hayım, harayım.

Ürəyim evindir, evinə qayıt,

Şadlansın, canlansın ömür sarayım.

 

İlləri geriyə döndərə bilsəm,

Həsrəti qürbətə göndərə bilsəm…

Səni o göylərdən endirə bilsəm

Niyə qocalardım, nə imiş dərdim?

Baxıb sevgimizə qürrələnərdim.

 

Yamanca dönüksən, eləcə getdin.

Duymadın səni də bir gözləyən var.

Bilirəm, tənhasan, ancaq ki, səni

Hələ də qəlbində əzizləyən var.

 

Qayıt, xəyallarım həqiqət olsun,

Gəl ki, bu dünyanı təzədən duyum.

Ürəyim evindir, evinə qayıt,

Gəncləşsin, canlansın bir ömür payım.

Xalıq Yusifoğlu

 

 

Dənizə bax

 

Dənizə bax, coşub daşır,

Təlatümlər içindədir.

Dalğalar hey enir, qalxır,

Hərəsi bir biçimdədir.

 

Dənizə bax, o sahilə,

Bu sahilə çırpır özün.

Qəzəbiylə sillələyir

Qayaların üzün, gözün.

 

Qucaqlayır o limanı,

Bu limanı, coşur, daşır.

Öz-özünə sığışmayır,

Bənd-bərəni keçir, aşır.

 

Dənizə bax, gen açıbdır

Qollarını, sinəsini.

Dalğa vurub, külək kəsib

Köksündəki nəfəsini.

 

… Dəniz, coşma, dəniz, dayan,

Qəzəbini soyut bir az.

Asta-asta dalğalan ki,

Saymasınlar səni dayaz.

Rüstəm Məbudoğlu

 

 İnciyənəm

 

Nazımı götürə bilərsənmi, de,
Mən bir az kövrəyəm, tez inciyənəm.
Gərək hər kəlmənə şəkər qatasan,
Dəysə ürəyimə söz, inciyənəm.

 

Məhəbbət istəyən, qayğı umanam,
Dəyər gözləyənəm, sayğı umanam.
Mən ruh adamıyam, duyğu umanam,
Yağsa gözlərindən buz, inciyənəm.

 

Min arzu, min istək, diləklə dedim,
Sev məni ən ülvi ürəklə, dedim.
Könlümdə pöhrələn, çiçəklən, dedim,
Olmasan ömrümə yaz, inciyənəm.

Xatın

 

Səndədir, səndə

 

Sən yazdın alnıma yazımı, Allah,

Sən verdin qışımı, yazımı, Allah.

Sən verdin nəğməmi, sözümü, Allah,

Ümidim, pənahım səndədir, səndə.

 

Sənsən sevmək üçün mənə can verən,

Yazıb-yaratmağa ürək, qan verən.

Ömrümə, ruhuma hər nişan verən,

Ümidim, pənahım səndədir, səndə.

 

Sənin hökmündədir hər dərdə dəva,

Kimə nə layiqsə görərsən rəva.

Mənə zülüm versən sanmaram cəfa,

Ümidim, pənahım səndədir, səndə.

Gülxar Cəbiqızı

 

Sarınsın boynuna

 

Baxışların məni salıb dərdə, de,

Məni cantək sevdiyini bir də de.

Qorxmaq nədir, sevgi olan yerdə, de,

Sevgim onda qoy sarınsın boynuna.

 

Zirvələrdə çiçək bitsə dərərəm,

Həsrətinə dözüb sinə gərərəm.

Ürək versən, mən canımı verərəm,

Sevgim onda qoy sarınsın boynuna.

 

Sənsiz bağdan bircə gül də üzmərəm,

Gülü üzüb, sinəm üstə düzmərəm.

Həsrətinə bircə an da dözmərəm,

Sevgim onda qoy sarınsın boynuna .

 

Sevən ürək sevgisiylə mətindir,

Gözləyirəm gəl dadıma yet indi.

Sənsiz olmaq ağrılıdır, çətindir,

Sevgim onda qoy sarınsın boynuna.

Surə Cəbrayılova

 

Biləydim

 

Nəmli gözlərimdən qəmli üzümə

Axan göz yaşımı silə biləydim.

Sellənən yağıştək hopub torpağa,

Dərdimi onunla bölə biləydim.

 

Bilirəm, yanına gələ bilmərəm,

Kim bilər, kim bilməz, bilə bilmərəm.

Allahın yazısın silə bilmərəm,

Kaş tale yazısın silə biləydim.

 

Kimsə zəri atır, şeşi əlində,

Kiminsə bəxt zəri naşı əlində.

Qurusu od tutur, yaşı əlində,

Kaş, odu əlindən ala biləydim.

 

Dünyamız sonsuzdur, ömürsə zərrə,

Bir ömür yaşayır əzəldən hərə.

Mən ya dağ olaydım, ya da ki, dərə,

Təbiətlə birgə qala biləydim.

 

… Bunlar arzulardır, min bir arzu var –

İnsanı dünyada edir bəxtiyar.

Kaş, Mübariz kimi igid oğullar
Can verən torpaqda ölə biləydim.

Mirəli İsmayıllı

 

* **

Bu gün yenə eyni mən,

Fərqli rəqəmlərində təqvimin.

Bu gün yenə eyni dərd,

Hiss edirəm tək kimi.

Eyni otaq, eyni tavan,

Yenə eyni problemlər,

Eyni dəva, eyni zaval.

Həmin təkrar proseslər,

Eyni insanların üzləri.

Həmin saxta gülümsəmə,

Önümdədir öz izlərim.

Əldə deyil üzülməmək,

Tərpənir saatın əqrəbi.

Eyniliklərə doğru

Çıxışlar olsa da məqsədim,

Hey girişlərə doğru

Eyni şeylər qaralayıb,

Fərqli olmağa çalışım.

Eyni yerə qaçacağıq,

Fərqli yollarda yarışıb.

Bezdim eyni bezginlikdən.

Damar deyir: “Kəs məni!”

Qəlbim eyni üzgünlükdə

“Bir az da döz!” Səs gəlir.

Eyni qələm, başqa vərəq.

Xeyli sevgi, xeyli nifrət.

Yoxdu qaçış, başqa tərəf.

Xeyli son və xeyli siftə.

Key kimiyəm.

Bilmirəm heç neyniyirəm.

Bezdirirəm beynimi də.

O da dözmür eyniliyə,

Xəyal qurub kaş dedim.

Amma eyni reallıq

Heç nə yoxdur, yaş gedir.

Və bu deyil Xəyallıq.

Son dördlüyün ritmi

kimi dəyişə bilər hər şey.

Ümidin son qırıntısı deyir:

– “Hər şeyi tərk et,

Hər günün doğuşundakı,

Yeni şansları fərq et.

Eynilik xeyir gətirmir,

Axmaq, artıq dərk et!”

Xəyal Hüseynov

 

İstəmərəm

 

Hər yerindən duran adam loğman ola, istəmərəm,

Xəstə cana gətirdiyi dərman ola, istəmərəm.

 

Mən bilirəm nə cürədi onun ağrısı, acısı,

İcra olan hökm ola, fərman ola, istəmərəm.

 

Arzularım, istəklərim yaşa dolub ölməlidi,

Qəbrə, məzara qoyulan cavan ola, istəmərəm.

 

Gözə görünməsin deyə, evi könlümdə tikmişəm,

Xarabalığa çevrilə, talan ola, istəmərəm.

 

Görərəm ki, qırılıbdı, zədə düşüb simlərinə,

Deyib məni ağlayanım kaman ola, istəmərəm.

 

Gəlib mənə deyələr ki, günüm, ayım batmayacaq,

Düz çıxmaya bu xəbər də, yalan ola, istəmərəm.

 

İstəyərəm Tamam Nurun qapısını adil aça,

Naşı, nadan o naçara həyan ola, istəmərəm.

Tamam Qarayeva (Nur Tağlabiyanlı)

 

Yurd həsrəti

 

Artıq əriməyə başladı qarlar,

Çaylar sığışmırdı sahillərinə.

Baharla birlikdə köçəri quşlar,

Mənim vətənimə qayıtdı yenə.

 

Doğma kəndimizə gəldi qaranquş,

Dilində nəğmələr, qəlbində həvəs.

Qondu damımıza, qondu sevinclə,

Onun gəlişini duymadı heç kəs.

 

O geniş eyvan da yox idi artıq,

Dağılmış, itmişdi yurdu, yuvası.

Sonuncu gül kolu solmuş həyətdə,

Sönmüşdü baharın zərrin şüası.

 

Əsir kəndimizdən uçdu qaranquş,

Uçdu, qanad açıb qəmlə, kədərlə.

Deyirlər ağlaya-ağlaya o quş,

Özünə bir yuva axtarır hələ.

 

Mən də həsrətliyəm, mən də qəmliyəm,

Canım alovlanır, könlüm darıxır.

Nə qədər torpağın, nə qədər yerin,

Həsrəti məni də yandırıb-yaxır.

 

Biz baharı qaytarmırıq, bir az döz.

Qayıdar əvvəlki o şadlıq, bayram.

Sən itmiş yuvanı tikməkdən ötrü

Mən uçmuş evimi tikib, quraram.

Nizami Nadirov

 

 

Şərh Yaz