Yaddaşlarda yaşayan inşaatçı

Gələnlər-gedənlər sığmayır saya,

Dünya bu minvalla dolur, boşalır.

Nə qədər yaxşılar gəlir dünyaya,

Yenə yaxşıların yerı boş qalır…

M.Araz

İnsan həyat tərzi, ətrafdakılara münasibəti, əməyi və əxlaqı ilə ömür kitabını yazır. Bu kefiyyətlərinə görə yaxşı insanlar həyatdan köçəndən sonra da yaddaşlarda yaşayırlar.

Vicdan və şərəflə yaşamaq çox böyük işdir. Belə insanların ölümündən sonra da adı çəkiləndə qəlbindən işıqlı bir duyğunun keçdiyini, üzündə xoş bir təbəssüm yarandığını hiss edirsən. Xeyirxah əməlləri, xalqına, elinə gərəkliyi ilə nümunə olmuş insan barədə düşünməkdən rahatlıq duyursan. İsmayıllı rayon 86 saylı DSK-nin baş məsləhətçisi Eldar Əliyevdən İsa Əhmədağa oğlu Gidayev haqqında xatirə yazısı yazmaq fikrində olmasını eşidəndə bu xoş hissləri bərabər yaşadıq.

İ.Gidayev mənalı ömür yaşamış, Vətəninə layiqli vətəndaş ola bilmiş, 11 sentyabr  2018-ci ildə dünyasını dəyişmişdir. İndi ailədə, dostların yanında və çalışdığı inşaat sahələrində yeri görünür. O, Yeni  Azərbaycan Partiyasının üzvü, gözəl ailə başçısı, nümunəvi mütəxəssis, inşaatçı idi.

O, ailənin tək övladı idi. Xarakterindəki təvazökarlıq və sadəliyi valideynlərindən – atası Əhmədağa kişidən, Giləxanım anadan irsən pay almışdı. İnsanları sevmək, onlara gərəkli olmaq nümunəsini də valideyinlərindən götürmüşdü. Yaxşı ad qazanmaq və onu övladlarına miras qoymaq hər kəsə nəsib olmur. Amma bu insan övladlarına böyük bir xəzinə bəxş edib. Onun həyat yoluna nəzər salarkən, ömür kitabını vərəqləyərkən düşünürsən ki, el sevgisini qazanmaq, xalq gözündə ucalmaq üçün sadəlik, səmimiyyət və zəhmətsevərlik yetərli imiş.

İsa Əhmədağa oğlu Gidayev 1943-cü ilin iyun ayının 1-də Mollaisaqlı kəndində anadan olub. Doğma kənddə səkkizillik məktəbi bitirib, orta təhsilini isə Hacıhətəmli kənd orta məktəbində alıb. 1960-cı ildən Bakı şəhərində yerləşən tikinti təşkilatlarının birində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun dəmir-beton məmulatlarının hazırlanması və texnologiyası fakültəsində (indiki Azərbaycan Texniki Universitetində) təhsil alır. Həmin ilin noyabr ayında həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidməti tamamladıqdan sonra – 1964-cü ildən  ali təhsilini davam etdirir. 1970-ci ildə institutu inşaatçı-mühəndis ixtisası üzrə bitirir. Sevdiyi ixtisasa mükəmməl yiyələnməklə  inşaat mühəndisi kimi təyinatını İsmayıllıdakı Kolxozlararası Tikinti İdarəsinə alır. İşinin bilicisi və ustası olmaq onu idarənin baş mühəndis vəzifəsinə yüksəldir. İsmayıllının tikilib qurulmasında onun xidmətləri əvəzolunmazdır. Ömrü boyu işindən zövq alıb, qürur duyub. Bu fikirləri indi onun haqqında danışanlar söyləyir.

İsa Gidayevin səmərəli əmək fəaliyyətini, yüksək peşəkarlığını və digər mənəvi keyfiyyətlərini nəzərə alaraq 1982-ci ildə Göyçay rayonunda yerləşən Rayonlararası Tikinti Trestinə baş mühəndis təyin edirlər. Tikinti sahəsində xüsusi xidmətləri – ənənəsi, öz dəst-xətti olan inşaatçı olmaqla, İ.Gidayev genişmiqyaslı tikinti-quraşdırma işlərində yaxından iştirak edib. İnşaat işlərinin geniş xəritəsinə işini bilən, tələbkarcasına diqqət yetirib. İcra etdiyi işlərdə kefiyyətə xüsusi önəm verib. İnşaat yeniliklərini öyrənmək üçün daim öz üzərində çalışıb, yeni texnologiyanı öyrənib və işə tətbiq edib. 1983-cü ildə Moskva şəhərində idarəetmə üzrə ixtisasartırma kursunu da müvəffəqiyyətlə bitirib.

Ziyalı vətəndaş, xeyirxah insan olan İsa inşa etdiyi, yaratdığı ən xırda tikintiyə belə tükənməz sevgisini verib. Ölkədə aparılan tikinti-quruculuq sahəsində bu insanın çoxillik iş stajı və unudulmaz xidmətləri vardır. O, 1987-ci ildə Kommunal Təsərrüfat Nazirliyinin İsmayıllı rayonunda fəaliyyət göstərən Təmir-Tikinti İdarəsinə, 1990-cı ildə isə Kolxozlararası Tikinti Təşkilatının İsmayıllı rayon bölməsinə rəis vəzifəsinə təyin olunub.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Kolxozlararası tikinti təşkilatı “Azəraqrartikinti ASC”-nə çevrildi. İsa Gidayev ömrünün sonuna kimi bu sahədə – İsmayıllı rayon filialının rəisi vəzifəsində çalışdı. Bir inşaatçı kimi o, dinclik bilməyən adam idi.

Varlığını Vətən sevgisi təşkil edən bu insan Haqqın dərgahına qovuşandan sonra bir an belə unudulmayıb, minnətdarlıqla yad edilir.

Yaxşı insan yaxşı insana rast gələr, – deyirlər. İsa müəllimə də yaxşı ailə qismət olur. Həyat yoldaşı Məkkə xanımla dörd övlad böyüdüb, boya-başa çatdırıblar. Hamısı da qayğıkeş ata-ananın təlimi və tərbiyəsi sayəsində ali təhsil alıb. İsa ömrünün son anına qədər ailəsi, övladları, nəvələri ilə fəxr edib. Onlar da ataları, babaları, nənələri üçün nə lazımsa sağlığında ediblər. Bu gün hər iki valideyn öz  haqq dünyasındadır. Üstündə yetərincə zəhmət çəkdikləri torpaqda rahat uyuyurlar. Çünki həyatda yaxşı ad-san qazanan, ruhlarını şad edən övladları var.

– Ailənin ilki Pərviz Gidayevin özü və atası haqqında dediklərindən:

1 iyun 1977-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuşam. İsmayıllı şəhər 1 nömrəli  tam orta məktəbini  bitirmişəm . 1994-cü ildə Türkiyə Respublikasının Ankara şəhərindəki Ali Hərbi Akademiyaya daxil oldum. 1998-ci ildə leytenant hərbi rütbəsi ilə məzun oldum və İzmirdəki Mühəndis İstehkam Məktəbində təhsilimi davam etdirdim. Muhəndis-istehkam zabiti ixtisasına yiyələndim. 1999-cu ildə təhsil müddətim bitdi və Türk Ordusunun sıralarında mühəndis-istehkam taborunda taqım komandiri vəzifəsində xidmət etdim.

1999-cu ilin oktyabr ayından 2004-cü ilin sonlarınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (Mühəndis Xidməti) sıralarında, Heydər Əliyev adına Ali Hərbi Məktəbində taqım və bölük komandiri vəzifələrində, cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissənin bölük komandiri vəzifələrində xidmətimi davam etdirdim. 2004-cü ildə ehtiyata buraxıldım.

2005-ci ilin iyul ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Partlamamış Hərbi Sursat Əməliyyatları üzrə mütəxəssis vəzifəsinə qəbul olundum. 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində magistr təhsilini davam etdirdim,   “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi aldım. 2010-cu ildə ABŞ-ın Harisonburq şəhərində James Madison Universitetində Ali İdarəetmə kursunu tamamladım. Müxtəlif vaxtlarda İsveçrənin Cenevrə şəhərində ixtisasartırma kurslarında iştirak etdim.

2010-cu ildə ABŞ-ın Virciniya ştatında “Qadağan olunmuş silahların məhv edilməsı” jurnalında Azərbaycanda icra olunan humanitar minatəmizlənmə sahəsində olan yeniliklər və çətinliklər mövzusunda məqaləm nəşr olundu. 2014-cü ildən indiyədək ANAMA-nın Planlaşdırma və İnkişaf şöbəsinin rəisiyəm. 2018-ci ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşam.

Övlad üçün atası haqqında danışmaq hər zaman çətindir. Çətinlik – bir ömür yaşanmış insanın həyatını sətirlərdə düzgün ifadə edə bilməmək qorxusudur. Bəlkə də atamı yaxından tanıyan digər şəxslər haqqında daha dolğun fikirlər ifadə edə biləcəkdir. Sağlığında hər şey haqqında əvvəlcə onun fikrini  bilmək istəyərdik, indi isə mən atam haqqında fikir bildirməliyəm. Ləyaqətlə yaşanan bir ömür, atam  haqqında xoş xatirələrimi  bölüşməliyəm…

Atam gənc yaşlarından hər cür zəhmətə qatlaşır, ali təhsil ala-ala  gecə növbəsində işləyir. Gənc yaşlarından  müdrikliyi ilə seçilir və zəhmətkeş, əməksevər bir insan kimi formalaşır.

Ali təhsili başa vurduqdan sonra doğma İsmayıllı rayonunda əmək fəaliyyətinə başlamışdır. Qısa müddətdə kollektiv arasında hörmət qazanır. Elinə-obasına ürəkdən bağlı olan bir şəxsiyyət kimi tanınır. İctimai işlərdə də yaxından iştirak edir. Vəzifəsindən, həyatda tutduğu mövqeyindən asılı olmayaraq hamıya hörmətlə yanaşır, hər kəsi savadına,  bilik və bacarığına, insani keyfiyyətlərinə görə qiymətləndirir…

Səmimiyyət, sadəlik, qayğıkeşlik və prinsipiallıq onun təbiətinin ayrılmaz xüsusiyyətlərindən idi. İsa  müəllim  dərrakəli, zəkalı insan idi. Hər şeydən əvvəl sözünün bütövlüyü, dəyərli məsləhətləri, nümunəvi əməlləri ilə övladlarından başqa, rayonun əksər gənclərinə də örnək bir şəxs idi. Həyatsevər, şən, deyib-gülən və yeri  gələndə sərtlik göstərə bilən, hazırcavab, qonaqpərvər, övladlarına qarşı isə çox tələbkar idi. Böyüklə böyük, uşaqla uşaq idi. Mənəvi aləminin zənginliyi, xarakterinin bütövlüyü, sədaqətli, geniş, müşahidə qabiliyyəti ilə  çoxlarından seçilən bir düşüncə sahibi  idi.

İstər əmək  fəaliyyətində, istərsə də övladlarının böyüməsində, tərbiyəsində, onların layiqli vətəndaş kimi yetişməsində, onunla əl-ələ verən, ona dayaq olan anam Məkkə xanımın da əməyi  danılmazdır.

İnsan var ki, dünyasını dəyişəndən sonra unudulur, insan da var ki, dünyasını dəyişsə də unudulmur, xatirələrdə yaşayır. Hər zaman ailəmizdə, qohumlar arasında İsa müəllimin yeri görünür. Düşünürəm  ki, o tək bir evdən, ailədən yox, eldən getdi. Şərəf və ləyaqətlə yaşayan insan heç vaxt unudulmur. İsa  müəllim hər zaman onu tanıyanlar tərəfindən, ailəsi tərəfindən hörmətlə yad edilib anılacaq, qəlblərimizdə şirin xatirəyə çevriləcək. Onu tanıyanlar yaşadıqca,  o da yaşayacaq…

Ailənin ikinci övladı Nürəddin Gidayevdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Ruşan İƏD üzrə nümayəndəliyində baş məsləhətçi vəzifəsində işləyir. Elini, torpağını, vətəndaşı olduğu  Azərbaycanı sevən vətən oğludur. Ali təhsilli  iqtisadçıdır.

İsa müəllimlə Məkkə xanımın üçüncü övladları Anardır. Haqqında təkcə bir kəlmə demək kifayət edər –  Dövlətə  sədaqət andı içmiş DTX əməkdaşıdır.

Barəsində söhbət açacağımız ailənin sonbeşiyi ali təhsilli Rəşaddır. Sakit, səbirli, dinləməyi  bacaran, atası İsa müəllimin xarakterik xüsusiyyətlərini yaşadan, özünü tikib-yaratmaq sahəsində görən   “Azəraqrartikinti” ASC-nin İsmayıllı rayon filialının müdiri, 86  saylı İsmayıllı DSK-nin həlledici səs  hüquqlu üzvüdür.

Bu dörd ailədə bu gün İsa baba ilə Məkkə nənənin 9 nəvəsi onların arzularına işıq saçacaq bir amalla böyüyürlər. Yolları nurlu, həyatları uğurlu, fərəhli olsun.

İsa Gidayevin İsmayıllı rayonunun ictimai-siyasi sahəsindəki fəaliyyəti, eyni zamanda rayonun quruculuq abadlıq sahəsində gördüyü işlər yüksək qiymətləndirilmiş, dəfələrlə mükafat və təltiflərə layiq görülmüşdür…

… Allahın bəşər övladına bəxş etdiyi vəzifələrin ən böyüyü insanlıqdır. İnsan deyilən varlıq doğulub dünyaya gəlir, uşaqlıq, gənclik dövrü keçirir.  Sevir, sevilir, ailə qurur, hansısa işlə məşğul olur. Yaşa dolur və nəhayət dünyadan köçür. Görəsən, insanların hamısı  bu həqiqətləri bilirlərmi?… Bəli, dünya belə qurulmuş və belə də davam etməkdədir. Qalan əməllərdir. İsanın yaxşı əməlləri kimi. Onun əqidəsində halallıq, saflıq, paklıq var idi, o, mərdlik dünyasının zirvəsində dayanan əsl kişilik rəmzi idi.

Bu dünyada insanı tanıtdıran iki fəzilətin ikisi də İsa Gidayevdə var idi. Bunlardan biri səxavət, o biri isə mehribanlıq idi. Onun səxavətindən sağlığında da, bu gün də danışırlar. O, səxavətli olduğu qədər də, mehriban idi. Ürəyi dərya, dili düz, könlü tox, özü saf və  sadə idi.

Rayon Ağsaqqallar şurasının sədri, veteran jurnalist və Dövlət qulluğu veteranı Valeh Salehovun dediklərindən:

– İsa Gidayev barədə söz demək, keçmiş zamanda danışmaq, mənim mənəvi, dostluq, qardaşlıq borcumdur. Eldar Əliyev telefonda məndən soruşdu ki, İsa Gidayevi necə tanımısan? Dost kimi, idarə müdiri kimi, vətəndaş kimi və ya ictimaiyyət nümayəndəsi kimi? Cavab verdim ki, bütün bunlardan da, artıq insani kefiyyətlərə, böyüklüyə, xeyirxahlığa malik bir Azərbaycan vətəndaşı, qədirbilən bir İsmayıllı sakini kimi tanımışam.

Dostluqda dəyanətli, sədaqətli idi, qonşuluqda mərhəmətli, mütəxəssis kimi dərin bilikli, inşaatçı-mühəndis kimi bacarıqlı, kollektivdə, yaşadığı ərazidə, məhəllədə, ailədə səmimi və mehriban idi. Ona ehtiyacı olan insanlara qarşı həmişə diqqətli idi.

Göyçayda Kolxozlararası Tikinti Trestinin baş mühəndisi olanda da, kiçik Təmir-Tikinti İdarəsinin müdiri olanda da İ.Gidayevin xarakterində heç bir dəyişmə baş vermirdi. Təkəbbür, lovğalıq, vəzifəyə, mənsəbə görə səs tonunu, danışıq tərzini dəyişmək ona tamamilə yad idi. Fikri, düşüncəsi, mövqeyi yalnız yaxşılığa, xeyirxah əməllərə, köməksiz insanlara əl tutmağa yönəlmişdi.

Hər kəsin həyatında çətin anlar, problemlər olur. Bunlar İsa Gidayevdə də olurdu. Lakin öz dərdini danışmaqla kiməsə ağırlıq gətirməzdi. Əksinə, rəhbərlik etdiyi kollektivlərdə hamının qayğısına qalardı, kiminsə problemindən yan keçməzdi. İdarəetmədə inzibatçılığa əsaslanmazdı, nəfsi tox idi. İti nəfsi olanlarla heç zaman dostluq etməzdi. Özünün də hər kəsə yanaşması heç bir maddi marağa əsaslanmazdı. İşçisini qiymətləndirmədə çox ədalətli, çox da obyektiv idi. Dəyərli dostumun yüksək insani keyfiyyətlərini öz üzərimdə də dəfələrlə hiss etmişəm. 90-cı illərin əvvəllərində maddi ehtiyaclı vəziyyətdə idim. İsa Gidayev təklif etdi ki, bir yerdə Göyçaya gedək, döşəmə taxtası və başqa tikinti materialları almalı idim. Mən ona sadəcə Göyçaya getməkdə yoldaş oldum. Qayıdandan sonra İsa mənə 2 kubmetr taxta verdi. Uşaqları təhsilə yola salanda iki il sentyabrda bir kub metr taxtanı satmışam. Bu yeganə hal deyil, tək mənə olan münasibəti də deyil. “Əl tutmaq Əlidən qalıb” hikmətinə əsaslanan dostum İsa həyatının mənasını insanlara dəstək durmaqda görürdü.

El ağsaqqalı səviyyəsinə ucalmış İsanı ölümünə az qalmış daha çox parkda nəvələri ilə görürdüm. Nəvələr artıq onun həyatının əsas hissəsinə çevrilmişdi. Onları əyləndirməkdən həzz alırdı. Övladlarını da yaxşı tanıyıram. Fəxr edirdi ki, onun belə oğulları var – fəal, ağıllı, işgüzar, bir-birinin yolunda çıraq, dövlətçiliyə bağlı. Çox yaza bilərdim İsa Gidayev haqqında. Qeydlərimi burada saxlayır və  Eldar Əliyevə təşəkkürlə yekunlaşdırıram.

Uzun müddət rayonun tikinti təşkilatlarında, kolxozlararası tikinti sahəsində və 63 saylı (sonralar 27 saylı) Səyyar Mexanikləşdirilmiş Dəstənin rəisi vəzifəsində çalışan, hazırda təqaüddə olan Şirxan Əliyevin İsa Gidayev haqqındakı fikirləri:

– Xətrini doğmalarım qədər istədiyim, uzun müddət tabeliyimdə işçim olmuş Eldar Əliyev ara-sıra mənə zəng etməklə, vəziyyətimlə maraqlanaraq hal-əhval tutur. Adəti üzrə məni, ailə üzvlərimi soruşduqdan sonra mərhum inşaatçımız, unudulmaz insan İsa Gidayevlə bağlı yazı hazırlandığını deyərək görüşməyimizi təklif etdi və alındı:

– İsa Gidayevi 1976-cı ildən tanıyıram. Düzünü deyim ki, İsmayıllıda qərib olduğum üçün göydə Allahıma, yerdə İsa Gidayevə mehrimi salmışdım. Yeganə sirdaşım, dar günümün dayağı idi o. Bir müddət mən rəis, o isə baş mühəndis vəzifəsində çalışdıq. Bir sirri də açım, çünki həqiqət belə idi. Mənə İsa Gidayevin tezliklə baş idarəyə – Trestə rəhbərlik vəzifəsinə hazırlanması tapşırığı verilmişdi. Mən də, onun əsl kadr kimi yerində olduğunu, gözəl mütəxəssis kimi fəaliyyətindən razı olduğumu bildirmişdim, layiq olduğunu söyləmişdim. Bəli, İ.Gidayev Trestdə baş mühəndis təyinatı alanda mən də, sevinənlərdən biri idim. Özümü daha arxalı hiss edirdim. O da etimadı doğrultdu. Sanballı kadr olduğunu təsdiqlədi. Sonrakı illərdə iş yoldaşlığımız qardaşlıqla əvəz olundu. İsmayıllı rayonunun tikinti idarələrində hər ikimiz rəis kimi əmək fəaliyyətimizi davam etdirdik. Hər ikimiz böyük uğurlara imza atdıq. Ancaq nə etmək olar ki, bir gün dünyaya gələn günlərin birində də  bu dünyadan getməlidir. Nə yaxşı ki, kişi kimi, təmiz, vicdanlı insan kimi xatırlanır İsa. Allah qəbrini nurlu etsin. Daima qəlblərdən silinməyən sirdaşım, qardaşım! Ruhun şad olsun!

Uzun müddət İ.Gidayevlə  bir yerdə çalışmış, sonralar dost kimi bir-birinə yaxın olmuş İbrahim Mirzəlizadənin dediklərindən:

– Dünyasını dəyişən hər kəsin xatirəsi sağlığında onu yaxından tanımış insanlar üçün əziz və müqəddəsdir. Bununla bərabər, yaxından tanıdığın, ünsiyyətdə olduğun, çörək kəsdiyin insanların itgisi də ağrılı olur. Yaxşı tanıdığım, sonradan dost olduğum İsa Gidayev haqqında xatirələrim çoxdur. İsa müəllimlə işlədiyim o anlar bu gün gözlərim önündə canlanır. Mən ondan çox şey öyrənmişəm. – düzlüyü, halallığı, işçini, ailə üzvlərini necə sevməyi, dosta sədaqəti, təmizliyi. İsa müəllim həlim olduğu qədər də tələbkar idi. Hər hansı işdən razılığı simasında yaranan təbəssümündə, gözlərində artan işıqda əks olunurdu. Dost olmağımıza baxmayaraq, ondan həmişə çəkinərdim. Bu da fikrimcə, hörmət əlaməti idi. İsa sayılıb-seçilən idarə rəhbəri idi. Qürurlu, əyilməz, iradəli şəxs idi. Vətəninə, elinə, övladlarına, dostlarına olan borcunu ləyaqətlə ödədi. Heç kəs dünyanı tutub qalmır. Nə yaxşı ki, insan dünyadan köçəndə onun əməlləri, xatirəsi yaşayır. İsa yaddaşımızda gözəl, xeyirxah insan kimi qalıb. Onun işıqlı xatirəsi həmişə əzizdir.

İsa Gidayev əqidəsi möhkəm, sözübütöv, məsləki dəyişməz insan idi. Onun dövlət və xalq qarşısında xidmətləri işdəki fəaliyyəti ilə bitmirdi. O, insanlar arasında yüksək əhval-ruhiyyə yaradırdı. Mənəvi dəyərlərimizi sevir və təbliğ edirdi.

İsa Gidayev 75 illik ömrünün verdiyi imkanlardan istifadə edərək ona  tapşırılan vəzifələrin öhdəsindən layiqincə gələ bilmişdir. Odur ki, doğmalarının, həmkarlarının yaddaşında əsl insan kimi qalıb. Ruhu şad olsun bir daha!

Hazırlanmış yazını təhlil edərkən Eldar Əliyev bəzi qeydlər zamanı kövrəldi və özünün də qısa xatirəsini yazılanlara əlavə etdi:

– Yaşadığımız ömürdə saysız insanlarla qarşılaşır, ünsiyyət qurur, yaxınlaşır və sonda ayrılaraq hər kəs öz yoluna davam edir. Lakin bəzən elə olur ki, adi təsadüfdən tanış olduğun insandan ömür boyu ayrıla bilmirsən. Ona olan insani duyğular uzun illər yaşayır.

Artıq 61 illik ömürdə bu saysız insanlar arasında mənə ən əziz olanlardan (heç bir qohumluq tellərimiz yoxdur) birini, siması əziz bir insan kimi qəlbimi fərəhləndirən, yaşamağa ümid verən, daima qəlbimdə yaşayan İsa Gidayevi xatırlayıram.

1984-cü ildən tanıyıram İsa müəllimi. Həmin illərdə 63 saylı SMD-də işləyirdim. Çox hörmət etdiyim rəisimiz məni İsa müəllimin yanına bir qulluğa göndərmişdi. Salam-kəlamdan sonra hey bizim rəisin, Şirxan Əliyevin idarəçilik və insani kefiyyətlərindən danışdı və ona daima hörmət etməyi mənə dönə-dönə tapşırdı. Qulluq da həll olundu. Həmin zamanlar İsa müəllim (səhv etmirəmsə) Təmir-Tikinti İdarəsinin rəisi idi.

Düzü, sonrakı illərdə aramızda heç bir asılılıq olmasa da bu insanı əziz bildim. Onun rayondakı nüfuzu və insanlara olan münasibəti onu dayı gözündə görməyimlə nəticələndi. Bəli İsa dayı…

Dünyada hər qəbildən insanlar yaşayıb, son ayaqda hamısı rəhmətlə yola salınmayıb. Haqqında xatirələri keçmiş zaman halında səslənən İsa dayımın son mənzilə yola salınan zamanındakı insan izdihamı, elin, camaatın ona olan sevgisinə bir cavab idi. Rəhmət sədaları da öz yerində…

Xatirələri çözələdilər:

Eldar Əliyev,

Hacıməmməd Məmmədov

Şərh Yaz