Suyun gigiyenik əhəmiyyəti və yoluxucu xəstəliklərin yayılmasında rolu
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb.
Sağlamlıq insan həyatının vacib amillərindən biridir. Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq dayanıqlı inkişafın əsas səbəblərindən başlıcasıdır. Yer kürəsində hər kəsin təhlükəsiz və sərfəli içməli su əldə etmək imkanı olmalıdır. Su qıtlığı dünya əhalisinin 40 faizdən çoxuna təsir edir və iqlim dəyişikliyi nəticəsində bu rəqəmin artacağı proqnozlaşdırılır.
Hamı üçün təmiz suyun əlçatmazlığının təmin olunması arzu etdiyimiz dünyanın ən vacib elementlərindən biridir. Buna nail olmaq üçün planetdə kifayət qədər şirin su ehtiyatı vardır.
Su orqanizmin fizioloji tələbatını ödəməklə yanaşı, həm də gigiyenik əhəmiyyət kəsb edir. Hər il əksəriyyəti uşaqlar olmaqla minlərlə insan qeyri-kafi su təchizatı, sanitariya və gigiyena ilə bağlı yaranan xəstəliklərdən əziyyət çəkir.
Qeyd etmək lazımdır ki, yoluxucu xəstəliklərin əksəriyyəti məhz su ilə yayılır. Xəstə və yaxud bakteriya daşıyıcılarının ifrazatı ilə çirklənmiş su bu infeksiyalarla yoluxma amilləri arasında xüsusi yer tutur. Patogen mikroorqanizmlər uzun müddət suda qalma və çoxalma xüsusiyyətinə malikdirlər. Belə mikroorqanizmlər düşdükləri su mühitindən asılı olaraq 3 gündən 180 günədək yaşamaq xüsusiyyətinə malikdirlər.
Su vasitəsi ilə helmintozlar, vəba, qarın yatalağı, dizinteriya, parotit leptosiprivoz, tulyaremiya, hepatit A xəstəliklərinə yoluxma mümkündür.
Praktik olaraq bütün kəskin bağırsaq infeksiyalarının törədiciləri yüksək dayanıqlığı ilə fərqlənir. Su vasitəsi ilə yoluxan xəstəliklərin törədiciləri orqanizmə ağız vasitəsi ilə qəbul edilən qida, çirklənmiş su və çirkli əllərdən düşür.
Bağırsaq infeksiyalarının profilaktikası sanitar-gigiyenik tədbirlərin gözlənilməsi, su təchizatının düzgün təşkili, çirkli suların təmizlənməsi və zərərsizləşdirilməsi, yaşayış yerlərinin sanitariya təmizliyinə əməl edilməsi yolu ilə həyata keçirilir.
Su epidemiyalarının təhlükəsinin aradan qaldırılması və əhali arasında bağırsaq infeksiyalarının azaldılması su təminatı sahəsində olan inkişafla əlaqədardır. Buna görə də əhali arasında sanitar-maarifləndirmə işinin aparılması bağırsaq infeksiyalarının yayılmasının qarşısını almaq üçün həyata keçirilən ən vacib tədbirlərdən biridir.
Xanlar Qəmbərov,
İsmayıllı Rayon Gigiyena Epidemiologiya Mərkəzinin direktoru