Əbədiyaşar lider

Azərbaycan xalqı ümummilli liderin, Azərbaycan tarixinin memarı Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdi.

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadimi rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyinə, inkişafa, tərəqqiyə qədəm qoydu.

O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi liderdi. Heydər Əliyev Azərbaycan tarixinin parlaq şəxsiyyətidir və müstəqil Azərbaycan Respublikası onun şah əsəridir. Heydər Əliyev gəncliyində Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdu, memar olmaq istəyirdi. İkinci dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməsə də, Heydər Əliyev tarixin memarı oldu.

Tarix yaradan şəxsiyyət kimi əvvəlcə sovet dövründə, sonradan isə müstəqillik illərində Azərbaycan dövlətinin memarı oldu. 1969-cu ilin 14 iyunu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olundu. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövləti həqiqi inkişafa həmin gündən başladı. 1993-cü il iyunun 15-i isə müstəqil Azərbaycanın Qurtuluş günüdur.

Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Sonralar o günləri cənab prezident belə xatırlayırdı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım çətinlikdədir, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır, şübhəsiz ki, gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Hadisələrin sonrakı gedişatı göstərirdi ki, hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. Bu tarixi məsuliyyət isə Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə keçməsi haqqında 24 iyun 1993-cü il tarixli qərarı ilə hüquqi baxımdan təsbit edildi. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş, vətəndaş itaətsizliyi şəraitində yaşayan, qoluzorluluğun və özbaşınalığın tüğyan etdiyi, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olması yolundan mühüm tarixi əhəmiyyət daşıyırdı.

Bu dövrdə dünyanın diqqət mərkəzi Azərbaycana yönəlmişdi. Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, güclü rəhbəri olmadan bu fəlakətlərdən xilas ola bilməz.

1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi onun daxili və xarici siyasət fəaliyyətinin də yeniləşməsinə və ölkənin strateji maraqları əsasında yenidən qurulmasına şərait yaratdı. O, Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi, xanlıqlara bölünməkdən, bötövlükdə məhv olmaqdan qurtardı. Çox qısa müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi. Əhalidə saxlanılan külli miqdarda silah-sursat yığıldı. Müharibədə uzun müddətli atəşkəsə nail olundu.

Şübhəsiz, Azərbaycanın müstəqilliyini istəməyən bəzi ölkələr Azərbaycana qarşı törədilən bütün əməllər onun müstəqilliyinə yol verməmək üçün idi. Dövlətin və xalqın müstəqilliyini qoruyacaq bir şəxsin yenidən ölkə rəhbərliyinə qaytarıldığı və xalqın dəstəyini qazandığını görənlər əbəs yerə əl-ayağa düşərək dalbadal təxribat, terror, sui-qəsdləri düşünmək sadəlöhvlük olardı. Çünki, onların bədnam niyyətlərinə son qoyan böyük siyasi xadimin yenidən dövlət sükanı arxasına keçdiyini gözəl anlayırdılar. Bu dövrdə artıq Azərbaycanın dostları da, bədxahları da əmin oldular ki, müstəqilliyimizi geriyə döndərəcək heç bir qüvvə mövcud deyildir. Azərbaycan xalqı öz rəhbərinə inanır, güvənir və dəstəkləyir. Müdrik və uzaqgörən rəhbər isə xalqını müstəqilliyin çətin, mürəkkəb və keşməkeşli yol ilə inamla irəliyə aparır.

1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycan müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi-tərəqqi dövrü başlamışdır. Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açmış, Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərmişdir. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi-tərəqqi dövrü başlamışdır. Azərbaycan getdikcə dünya ölkələri içərisində öz layiqli yerini tutumuş və nəhayət, Ulu öndərin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalanmışdır.

Qısa bir müddətdə isə Azərbaycan İslam Konfransı Təşkilatının Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, NATO kimi təşkilatların nüfuzlu üzvü olmuşdur. 2001-ci il Dünya Azərbaycanlıların I Qurultayında isə Heydər Əliyevin söylədiyi fraza kiçikdən tutmuş böyüyə qədər daima hər bir kəsin yaddaşındadır: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərinin təmininə hesablanmış məqsədyönlü siyasəti, coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı. Heydər Əliyev, Azərbaycanı qlobal sarsıntılar dövrünün çətinliklərindən sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özlərinə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur.

Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Gördüyü bütün təqdirəlayiq işlər ilə xalqın rəğbətini qazanan, Azərbaycanın milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev Ulu öndərin layiqli davamçısı kimi, lider olaraq qəbul edilir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. Bu münasibətlə Prezident İlham Əliyev belə demişdir: “Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir”.

Qüdrət Kazımov

 

Şərh Yaz