Torpaq – uğrunda ölən varsa, Vətəndir…

Hər bir insanın qəlb evində ana kimi müqəddəs, ülvi və şirin bir hiss yaşayır. Bu, Vətənə olan sevgi hissi, yurda, doğma torpağa olan məhəbbət duyğusudur. Mübaliğəyə varmadan  deyərdim ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır – Vətən eşqi, Vətən sevgisi. Bəli, hər bir kəs dünyaya gözünü açdığı ilk anda onu həyata gətirən qadın, ananı görürsə, ilk qədəmlərini Vətən torpağında atır və atdıqca da Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Günlər, aylar bir-birini  əvəz etdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə, obasına bağlanır.

Dağları  qürurumuz, çayları qaynar qanımız, ormanları geniş ürəyimiz olan bir diyarda – Azərbaycan adlı ulu, qədim bir məmləkətdə doğulmaq, yaşamaq, işləmək, yaratmaq, onu kirpik gözü qoruyan kimi qorumaq, sevmək və bu sevgi uğrunda canından belə keçmək hər bir vicdanlı vətən  övladının, hər bir qeyrətli yurddaşımızın məslək işi, fəxarət dünyası, həyat amalı – ömür andıdır.

“Dədə-Qorqud” filmində gözəl bir epizod var. El ağsaqqalı Dədə Qorqud gəncliyə belə bir nəsihət verir: ”Torpağı həm əkib-becərmək, həm də qorumaq lazımdır”. Əgər torpağı əkib-becərməsənsə, onu qorumağına dəyməz, qorumasansa, onda əkib becərməyinə dəyməz. Doğurdan da ibrətamiz sözlərdir…

Vətəni sevmək, onun hər qarış torpağının qədrini bilmək, lazım gələrsə, bu doğma yurd üçün canından keçməyi bacarmaq bizim hər  birimizin müqəddəs borcudur.

Torpaq – uğrunda ölən varsa, Vətəndir…

Mətbuatdan, efirdən tez-tez səslənir, -1988-1993-cü illərdə 20 faiz torpağımızı itirmişik. Mənsə deyirəm!  Azərbaycan zaman-zaman torpaqlarını itirib, hal-hazırda 20 faiz torpağımız qalıb.

Tanrı dünyanı təmiz yaradıb onu qoruyan qələm, söz sahibləri və Mübariz İbrahimov, Etibar İsmayılov, Samid İmanov kimi qəhrəmanlardır. Şəhidlik zirvəsinə yüksələn bu qəhrəman  oğullar öz şücaəti ilə Azərbaycanı bütün dünyaya tanıtdı… Milli ruhumuzun yenilmədiyini dünyaya bir daha sübut etdilər.

Vətənə “Ana” deyirik. Həyatda kimsə həyat yoldaşından ayrılıb başqası ilə evlənə bilər, kimsə özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir, yeganədir və təkliyinə, yeganəliyinə görə də müqəddəsdir, ülvidir. Allahın özü kimi birdir,  təkcədir. Ananı seçmirlər, onu dəyişmək də olmaz. “Ana”  dediyimiz vətən də belədir. Onu da nə dəyişmək olar, nə də yenisini axtarmaq… Vətəni ancaq qorumaq, yolunda sipər olmaq gərəkdir. Çünki qorunmayan torpaqdan vətən olmaz. Axtarılırsa, iynə də tapılar, axtarılmasa, vətən də itirilə bilər…

Hazırda vətənimiz Azərbaycan öz ağır günlərini yaşayır. Ana vətənimizin qəlbində Qarabağ  dərdi, Qarabağ  nisgili ən ağrılı yerimizdir. Qarabağ  kimi dilbər guşəmiz düşmən tapdağı altında olduğu bir halda, biz özümüzü heç vaxt bəxtəvər hesab edə bilmərik. Buna bizim mənəvi haqqımız da yoxdur. Ya şəhid olmalı, ya da qəlb göynəyimiz olan Qarabağ torpağına qayıtmalıyıq. Cıdır düzünə,  İsa bulağına, İstisuya, Turşuya qovuşmalıyıq!

Əlbəttə, ən böyük arzumuz odur ki, Ulu tanrı ölümlə üz-üzə duran yurddaşlarımızı heç vaxt dünya işığına, həyatın şirinliyinə həsrət qoymasın, onları dünyanın ən qiymətli əşrəfi kimi hifz edib saxlasın. Lakin nə edəsən ki, müharibə müharibədir və o itkisiz, qansız-qadasız olmur.

Əgər Vətənimin – doğma Azərbaycanımın istiqlalını ən kiçik bir səhifəsi mənim qanımla yazıla bilərsə, mən  bütün cismimi ulu yurduma qurban verməyə hazıram və inanıram ki, qeyrətli övladları olan ölkəm qalib gələcək və xoşbəxtlik sevincini yaşayacaqdır.

Yadımdadır, Xocalı soyqırımı zamanı Ağdam cəbhəsindən ratsiya ilə əlaqə yaradılarkən paklığı, bakirəliyi  pozulmuş qızlarımızdan biri demişdi: “Siz neyləyirsiz təzədən bizi dəyişərək azad etməyi? Necə başınıza  papaq qoyub gəzəcəksiniz deyin?”

Yazıqlar olsun ki, hələ də biz bu sualı cavablandırmamışıq.

Qeyri-türk müəlliflər erməniləri zaman-zaman ittiham etmişlər. Məsələn, “Qədim Roma tarixi” səhifə 56-da  yazılıb: “115-117-ci  ilin metal manatlarında Ermənistan dövləti Roma imperatorunun ayaqları altında oturmuş qadın şəklində təsvir edilir”.

Oxucum, unutma: Bu gün haqq və ədalət, cinayət və cəza, qanun və demokrasiya deyilən nə varsa, gücün və zorun tərəfindədir. Tərəqqipərvər bəşəriyyət nə qədər ki, erməni kələkbazlığından – bu ağ  ləkənin qara boyasından tam təmizlənməyib, demək erməni kabusu Azərbaycan türkünün başı üstündən asılmış Damokl qılıncı olaraq qalacaqdır.

Bu gün vəzifəmiz erməni vəhşiliklərini – qara günlərimizi yaddan çıxarmamaq, həmişə hər cür təcavüzə hazır olmaqdır. Borcumuz bu vətəni hər cür hücumlardan qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək, 50 milyonluq dünya azərbaycanlılarının yeganə, müstəqil dövlətini – Azərbaycan Respublikasını, bu vətəni hər cür hücumlardan qorumaq və məmləkətimizi şərəflə yaşatmaqdan ibarətdir…

Ötən yüzilliklər ərzində ermənilər və erməni-daşnaq faşistləri Azərbaycan və Azərbaycan türkünə qarşı xəyanət yolu tutduqlarını dönə-dönə nümayiş etdirmişlər. Azərbaycan  torpaqlarında öz dövlətlərini qurmağa çalışmış və son anda buna nail olmuşlar. Bu terror və ilhaq prosesini davam etdirməkdə hələ də israrlıdırlar. Biz isə erməni-daşnaq  terrorundan özünü müdafiə zəminində əvvəlcədən heç nə düşünməmişdik və heç zaman təşkilatlanmamışdıq, ta ki, 2001-ci ilədək, Dünya Azərbaycanlılarının I Qurultayı keçirilənədək…

Ancaq və ancaq laqeydlik, biganəlik və unutqanlıq mövqeyi nümayıiş etdirərək ümidimizi Uca olan Allaha  bağlamışıq. Daha doğrusu,  Allah deyib durmuşuq…

Unutmayaq ki, Allahın bəndəsinə son ismarıcı isə “Səndən hərəkət, məndən bərəkət” demək olmuşdu. Ey 50 milyonluq dünya azərbaycanlıları, birləşin!

qar Hüseynov,                                                                                                      

S.Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbinin tarix müəllimi

 

Şərh Yaz