Kitab böyük xəzinədir

İnsan yaranışdan rahatlığı barədə düşünüb, yaşayış tərzinin, ətrafında olan hər şeyin yaxşı olmasını arzulayıb, bu yolda mübarizə aparıb, əmək sərf edib.

Biz tarixin nağıl və həqiqətlərini – odu necə əldə etmələrini, ova çıxmalarını, biri-birinə necə dost və ya düşmən olmalarını kitablardan oxumuş, kitab oxumuş insanların dilindən eşitmişik. Böyük Yaradan insanları yer üzünün əşrəfi, yaratdıqlarının ən şüurlusu və danışıq qabiliyyətinə malik yaradıb. Buna baxmayaraq, çox yəqin ki, onlar əvvəlcə biri-birini əl-qol işarələri, müxtəlif səs və hərəkətlərlə başa salmışlar. Daha sonralar isə rəsm çəkmək, yazmaq öyrənən ulularımız arzu və istəklərini başqalarına çatdırmağın yolunu axtarmış, kitab adlı bir vasitəni formalaşdıra bilmişlər. Elə o vaxtdan da kitab bilgi mənbəyi adını almışdır.

Babalarımız kitablardan öyrəndikləri hesabına  haqqı nahaqdan, əyrini düzdən, yaxşını yamandan, yalanı doğrudan seçib, fərqləndirə bilmişlər. Oxumuş, elmli adamın el içində böyük hörməti, nüfuzu olub. 1400 il əvvələ qayıtsaq Peyğəmbərimizin elm haqqındakı fikirləri bizləri bir daha kitab oxumağa, bilikli olmağa dəvət edər: “Qiyamət günü Allahın hüzurunda alimin mürəkkəbi şəhidin qanından qiymətlidir”, “Alimlər peyğəmbərlərin varisləridir”, “Elm Çində də olsa, ardınca gedin”, “Beşikdən qəbir evinədək elmi öyrənin”…

Elm hardadır? Əlbəttə, kitablarda. İran şahı Ənuşirəvanın “Kəlilə və Dimnə” kitabını Hindistandan hansı xərclər və əzablar bahasına gətirtdiyi barədə kitablardan oxumuşuq, elm fədailərinin kitaba olan sevgiləri, bağlılıqları barədə eşitmişik. Mirzə Ələkbər Sabirin kağız tapmayanda şeirlərini kömürlə divara yazmasını bilirik.

Məlum məsələdir ki, insan anadan savadlı doğulmur. Yaxın keçmişdə, hətta ötən yüzillikdə Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin hekayələrindən görürük ki, adi bir məktubu oxumaq üçün çoxunun savadı olmayıb. Məktubu bir kənddən digərinə, mirzə yanına aparıb oxutdurmuş, oxuması, cavab yazması müqabilində haqq ödənilmişdir.

Əlbəttə, zaman bir yerdə durmur və getdikcə inkişaf edir. Elmin inkişafı, kompyuterləşmə, sosial şəbəkələr hazırda məlumat mənbəyinə çevrilmişdir. Buna baxmayaraq, tam əminliklə deyə bilərəm ki, elm həmişə kitablarda olmuş və olacaqdır. Çünki, sosial şəbəkələrdə hər kəs ağlına gələni yazdığı halda, kitablar savadlı müəllifin, rəyçinin, redaktor, korrektor və kitabın çapı üçün məsuliyyət daşıyan digər mütəxəssislərin əlindən, nəzarətindən keçir. Odur ki, kompyuterdən götürülmüş hər məlumata inanmanın özü şübhə altına düşür.

Məktəbləri bitirdikdən sonra da mütaliə vacib məsələlərdən biridir. Bədii ədəbiyyatın mütaliəsi hər zaman mədəniyyət nümunəsi kimi qəbul olunmuşdur. Bu, həqiqətən də belədir. Bir insanın 11 il kitabla ünsiyyətdə olması və sonrakı 60-70 illik ömrünü kitabsız keçirməsi ağlagəlməz bir qəbahətdir. Çünki ziyalı, elmli adamlar həmişə kitabxanası olan evləri, ailələri daha varlı, daha mədəni və imkanlı bilmişlər.

Dünyanın, həyatın bütün sirləri və elmləri kitablardadır. Onları dəyərləndirmək, oxumaq və qorumaq lazımdır.

Onu da qeyd edim ki, mən sadə bir sənətkaram. Xarratlıq edir, əsasən ağac üzərində oyma işi ilə məşğul oluram. Son bir neçə ildə əl işlərimə tələbatın azaldığını hiss edib boş vaxtlarımı kitablara, onların mütaliəsinə verməli oldum. İsmayıllı Rayon Mərkəzi Kitabxanası işçilərinin dediyinə görə kitabxananın fəal oxucularındanam. Burada çalışanlar kitaba olan sevgimi bir qədər də artırdılar. Fürsətdən istifadə edib onlara təşəkkür və minnətdarlığımı bildirirəm. İndi asudə vaxtlarımı zövq aldığım rahatlıqla ancaq mütaliəyə sərf edirəm.

Fikrimi nəzmlə tamamlamaq istərdim:

 

Kitab bök xəzinədir,

Oxuyan əliboş getməz.

Hər vərəqi dürdü, zərdi,

Cahillər bunu dərk etməz.

 

Kitab müdrik bir qocadır,

Onunla vaxt ötər, itməz.

Kitab ilə gedilən yol,

Zirvələri aşar, bitməz.

 

Qəhrəman Adgözəlov

 

Şərh Yaz