Müqəddəs hiss və müqəddəs amal

Dünyada ən şərəfli peşə Vətəni, torpağı, dövləti qorumaq peşəsidir.
Heydər Əliyev

Müqəddəs hiss və müqəddəs amal                                           Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılıqdır. Bu anlayış tarixin müəyyən dönəmlərində fərqli mənalarda işlədilib. Avropada XVIII əsr vətənpərvərliyi dövlətlə yanaşı kilsəyə bağlılığı da bildirən amil kimi qəbul edilmişdi. Kilsə adamları əsasən vətənpərvərliyi tamamilə dini müstəviyə çəkirdilər. Bununla da onlar insanlarda dövlətə olan bağlılığı qoparmağa çalışırdılar.
Vətənpərvərlik Vətəni sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hisləridir. Bu gün Azərbaycanda vətənpərvərlik anlayışını bildirən məna torpağa, vətənə bağlılığı ifadə edir. Bu hiss insanda anadangəlmə olsa da digər hislər kimi tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim- tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən biridir. Bu sahədə müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Mən ədəbiyyat dərslərində şagirdlərə ölkəmizin tarixi, tarixi şəxsiyyətləri haqqında sistemli, onların başa düşəcəyi tərzdə məlumatlar verirəm. Bu da onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətləri haqqında şagirdlərə verilən məlumatlar, biliklər güclü təsir qüvvəsinə malikdir. Şagirdlər arasında aparılan vətənpərvərlik tərbiyəsi isə onların vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən mühüm mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Erməni faşistləri tərəfindən ərazisinin 20 faizi işğal altında olan Azərbaycanda hərbi vətənpərvərlik hislərinin inkişaf etdirilməsinə daim ehtiyac var.
Hərbi vətənpərvərlik hissi insanın öz doğma Vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir.
Bizim məktəbimizdə “Cəsurlar”, “Şahin” hərbi-idman oyunlarının keçirilməsi şagirdləri Vətənin müdafiəsinə hazırlayır, həm də onlarda milli ruhu qaldırır. Oyunlar zamanı tələb olunan bütün fiziki və əqli hərəkətlər, çeviklik, cəldlik şagirdlərə müsbət təsir göstərir. Məktəbdə Qarabağ döyüşü iştirakçıları ilə, hərbi xidmətini başa vurub qayıtmış gənclərlə görüşlər keçirilir ki, bu da şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Hərbi vətənpərvərlik mövzusunda keçirdiyimiz görüşlər, söhbətlər, ədəbi-bədii gecələr, müzakirələr və sair tədbirlər vətənpərvərlik tərbiyəsində ən təsirli formalardandır. Bunlar həyata keçirilən zaman hər bir gənc Vətən qarşısında məsuliyyətini başa düşür, Vətəni qorumağa, onu sevməyə bütün varlığı ilə hazır olur. Onların müqəddəs hissi Vətəni sevmək, müqəddəs amalı isə işğalda olan torpaqlarımızı azad etməkdir.
Bizim hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə məhəbbət hissi yaşayır. Bu hiss özümüzdən asılı olmadan dünyaya göz açdığımız anda anamızı gördükdə, vətən torpağına ilk qədəmlərimizi basdıqda yaranır.
Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığı ilə Vətəni öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Vətən çağıranda torpaqlarımızın düşmən tapdağından azad olunmasında, həmin torpaqlarda üçrəngli bayrağımızın ucaldılmasında fəal iştirak etsin.
Vətənpərvərlik özü üçün deyil, el üçün yaşamaqdır, bu gün üçün deyil, gələcək üçün yaşamaqdır. Vətənpərvərlik əsil mənasıyla Vətəni sevmək və Vətən üçün hər cür fədakarlıq göstərmək hisləridir.
Vətən, torpaq uğrunda canından keçənlər, şəhidlik zirvəsinə ucalanlar ölmürlər. Aylar, illər, fəsillər keçdikcə onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsildən-nəsilə ötürülür. Xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.
Doğma Vətənimiz Azərbaycan müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana ki, övladları arasında heç bir fərq qoymur. Dərslərdə yeri gəldikcə şagirdlərə izah edirəm ki, ana Vətənimizin tarixinin səhifələrini vərəqləsək Azərbaycan torpaqlarının necə bölüşdürüldüyünün şahidi olarıq. Vaxtilə Azərbaycan böyük bir əraziyə malik olmuşdur. Səfəvilər dövləti Dəmirqapı Dərbənddən İran körfəzinə qədər böyük bir ərazini əhatə edirdi. Bu dövlətin əsasını Şah İsmayıl Xətayi qoymuşdur. Bu torpaqlar ondan bizə əmanət idi. Əsrlər boyu Respublikamızın ərazisi hərbi yürüşlərə və qəsblərə məruz qalmışdır. Məhz bunun nəticəsidir ki, ölkəmiz öz ərazisinin böyük bir hissəsini itirmişdir. Azərbaycan torpaqlarını bölüşdürmək uğrunda 1804-1813-cü illərdə baş verən Rusiya və İran müharibəsi Rusiya imperiyasının qələbəsi ilə başa çatdı. 1813-cü il oktyabr ayının 12-də Gülüstan müqaviləsinə əsasən Vətənimiz iki yerə bölündü. 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinə əsasən 280 min kvadrat kilometrə malik olan Cənubi Azərbaycan torpaqları İrana, 130 min kvadrat kilometr sahəyə malik olan Şimali Azərbaycan torpaqları Rusiyaya verildi.
Rusiyanın işğalçı siyasəti bununla bitmədi. 1860-cı ildə Dağıstan vilayəti yarananda dədə-baba torpaqlarımız olan Dərbənd onun tərkibinə qatıldı. Ermənilərin torpaqlarımıza kütləvi şəkildə köçürülməsi nəticəsində Rusiyanın təziqi ilə sahəsi 9 min kvadrat kilometr olan İrəvan xanlığı ermənilərə verildi. Bütün bunlar bəs deyilmiş kimi bizimlə Qarabağ savaşına başladılar. 1988-1994- cü illər ərzində Rusiyanın ermənilərə köməyi nəticəsində Qarabağı və onun ətrafında olan 7 rayonu itirdik. Torpağı erməni faşistləri tərəfindən tapdalanmış, sərvəti talanmış bu elin həsrəti hamımızın qəlbini göynədir.
Ən yeni tariximizin qanlı səhifəsi 20 Yanvar hadisələri dövründə də M.Qorbaçovun göstərişi ilə Vətənimizin paytaxtı Bakıya daxil olan azğınlaşmış silahlı dəstələrin qarşısına ürəkləri Azərbaycanla bir vuran mərd oğul və qızlarımız çıxdılar. İmperiya ordusunun quduzlaşmış, təpədən-dırnağa qədər silahlanmış qüvvələri Bakını gülləbaran etdilər. Avtomat, pulemyot səsinə evlərin eyvanlarına çıxan, küçələrdə, metro stansiyalarının qarşısında olan əliyalın, dinc əhali vəhşicəsinə güllələndi. Tanklar yollardakı minik maşınlarını tırtılları altına alıb xıncım-xıncım etdi. Bakı 1918-ci ildəki erməni daşnaqlarının vəhşiliklərinin təkrarını yaşadı. Lakin xalqımız özünü itirmədi. O hüzünlü günlərdə bir oldu. Şəhidlərimizi layiqincə yola saldı. Vətən uğrunda canlarında keçən övladlarımızın qəhrəmanlığını tərənnüm edən neçə-neçə şeirlər, poemalar, povestlər, məqalələr yazıldı, filimlər çəkildi. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün ölkəmizin hər yerində abidələr ucaldıldı, onların adları məktəblərə, uşaq bağçalarına, küçə və parklara verildi.
Sovet ordusunun 366-cı alayının iştirakı ilə 26 fevral 1992-ci il tarixdə sərt, şaxtalı bir qış gecəsində ermənilər Xocalı faciəsini törətdilər. Onların törətdiyi belə bir dəhşəti, müsibəti, vəhşiliyi hələ yer üzü görməmişdi. Ev-eşiklərə o gecə od vuruldu, torpaq qana qərq edildi. Düşmən rəhm diləyən qocaya, qadına, körpəyə aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirildilər. Qız-gəlinlər əsir alındılar. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsübəti ancaq insanlığını, mərhəmət hissini itirən vəhşiləşmiş ermənilər törədə bilərdilər.
Böyük dövlətlərin tarix səhnəsindəki siyasi gedişləri nə qədər güclü olsa da başımıza gələn müsübətləri xalqımızın qan yaddaşından silə bilmədi. Xalqın Araz boyunca tikanlı məftilləri qırıb birləşmək arzusu şeirlərə, mahnılara çevrildi. Bu barədə cild-cild əsərlər yazıldı. Gün gələcək bu istək mütləq həyata keçəcək. Zorla işğala məruz qalan Dağlıq Qarabağı, musiqimizin beşiyi gözəl Şuşanı, gözəlliklər məskəni Kəlbəcəri, igidlər oylağı Laçını, Qubadlını, Zəngilanı, Ağdamı, Cəbrayılı, Füzulini, indiki ermənistan ərazisindəki adları məqsədli şəkildə dəyişdirilərək “erməniləşdirilən” yurd yerlərimizi azərbaycanlıların qan yaddaşından silmək mümkün deyil. O yerlərdə ata-babalarımızın narahat ruhları dolaşır və qarşısı alınmaz bir qüvvətək bizi o yerlərə qayıtmağa sövq edir.
2016-cı ilin aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı, qüdrətli Azərbaycan ordusu, cəsarətli Azərbaycan əsgəri öz torpaqlarını azad etməyə qadirdir. Yüzlərlə igidlərimiz aprel döyüşləri zamanı öz cəsarətlərini, mübarizliklərini vətənin hər qarış torpağı uğrunda canından, qanından keçməyə qadir olduqlarını sübut etdilər. Hər bir azərbaycanlı əsgər, hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ən uca addı şəhidlik. Bu adı qazanmaq üçün ən şirin nemətdən, canından keçməlisən. Vətən uğrunda canından keçmək üçün səndə cəsarət, Vətənə sevgi, məhəbbət olmalıdır. Şəhid adı həm cəmiyyətdə, həm də Allah yanında müqəddəsdir. Azərbaycan vətəndaşları olan yüzlərlə igidlərimiz bu müqəddəs adı qazanıblar. Şagirdlərə izah edirəm ki, torpaqlarımızı işğaldan azad etmək üçün bu ümumvətən savaşı həm də şəxsi qisas savaşına çevrilməlidir. Hər şəhidin boynumuzda borcu var. Bu borcu ödəmək üçün aprel müharibəsindəki kimi yenə qələbə qazanan ordumuzun sıralarında döyüşməyə, qələbə qazanmağa, Qarabağımızı azad etməyə müqəddəs amal, haqq uğrunda döyüşməyə hər bir Azərbaycan vətəndaşı hazır olmalıdır.
Xalqımızın hər bir nümayəndəsi vətənpərvər olmağı bacarmalıdır. Yazıçı qələmi, əsərləri, kitabları, müğənni mahnısı, şair şeirləri, şagird və tələbələr elmi, alim kəşfləri və kitabları, vətəndaşı dövlətə olan borcları və sədaqəti ilə vətənpərvər olmalıdır. İstənilən halda hər bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır.
Azərbaycan torpaqları bütün azərbaycanlıların ümumi evi, sərhəd isə onun qapısıdır. Bu qapı dost kimi gələnlərin üzünə açıq, düşmən kimi gələnlərin üzünə bağlıdır. Г‡ox yaxşı deyib babalarımız: “ Vətən sərhəddən başlanır”. Vətən məndən, səndən, ondan başlanır. Demək, sərhəd dedikdə, mən, sən, o nəzərdə tutulur. Azərbaycan ərazisində yaşayan hər bir Azərbaycan vətəndaşı bu torpağın düşmən çəpəri və yaxud sərhəddinin keşiyində duran şanlı əsgərdir.
Düşmən bizim sərhədlərimizi parçalasa da ürəyimizi, beynimizi, əyilməz ruhumuzu, xalqımızın şanlı keçmişini bölə bilmədi. Nə qədər ki, el yolunda şam olub əriyən, yalnız özləri üçün deyil Vətən üçün, millətimizin, xalqımızın xoşbəxt gələcəyi üçün yaşayan oğul və qızlarımız var, demək, Azərbaycan da əbədi yaşayacaq və daima inkişaf edəcəkdir!
Xatirə Nuriyeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz