Ürəyimiz təmiz olarsa…

Geniş ürəyə, təmiz qəlbə, saf düşüncəyə, yüksək əxlaqa sahib olmaq ulu Yaradanın insana verdiyi dəyərli keyfiyyətlərdir. İnsanı digər canlılardan fərqləndirən də məhz bu meyarlardır. Ürəklə bağlı deyimlər, fikirlər fərqli olduğundan o qənaətə gəlmək olar ki, ürəklər də fərqlidir. Hər birimiz ürəyin bədəndə bir orqan olub öz funksiyasını yerinə yetirdiyini bildiyimiz halda, bir çox məqamlarda olanları və olacaqları ürəklə əlaqələndirir, ürəyin sanki daha böyük imkan və bacarıqlara malik olduğunu təsdiqləyirik.
“Ürəyimdən keçdi”, “ürəyimə damdı”, “ürək verdim”, “ürəyimlə bacarmadım”, “ürəyim təmizdir” və bu kimi deyimlər məni bu mövzuya toxunmağa sövq etdi. “Təmiz ürək” ifadəsi üzərində dayanıb bu qərara gəlmək olar ki, insanda olan müsbət, eləcə də mənfi xüsusiyyətlər bədəndə dövr edən qanın tərkibindədir. Yəni məhəbbət, mərhəmət, xeyirxahlıq, səxavət kimi keyfiyyətlərə məkan olan ürəkdə nifrət, kobudluq, zalımlıq, xəsislik də yer tuta bilər.
Əlbəttə, əgər söhbət insani keyfiyyətlərdən gedirsə, qəbul etməliyik ki, ulu Yaradan insanı yaratdıqda ona xoş görkəm, xoş xasiyyət bəxş etmiş, onu xeyirxahlığa istiqamətləndirmişdir. Bizlərə bir həqiqət də bəllidir ki, Şeytan adlı, lənətlənmiş mələk isə bəşər övladını xeyirxah, xoş əməllərdən, düz yoldan çəkindirib naqisliklərə yönəldir. Bax, ürəyin təmizliyi məsələsi də elə buradan, insanın Allah, yoxsa ki, Şeytan yolunda olmasından asılı vəziyyətə düşür.
Allahı sevən, şəxsinə hörmət etməyi bacaran insan ömrünü xeyirxahlıqla bəzəməli, əməllərinin xoş niyyətə köklənməsinə çalışmalıdır. Ürəyi təmiz olan, əsl insan əməlisaleh olmalı, özünə rəva görmədiyi hər hansı bir işi başqalarına da rəva görməməli, başqalarının dərdinə şərik olmalı, ehtiyacı olanlara mümkün qədər kömək etməlidir. Alicənablıq, qəlbiyumşaqlıq xeyirxah əməllərdən doğar. Odur ki, geniş ürəyə, təmiz və yumşaq qəlbə sahib olanlar hər addımında özünə, soyuna, kökünə nüfuz qazandırmağa can atar. Qəlbi daş olanlar isə bu kimi hiss və duyğulardan uzaq olub ətrafdakılara necə olur-olsun zərər vermək, qəlbə, çörəyə dəymək kimi mənfi hərəkətlər edib, üstəlik bundan ləzzət də alarlar.
İnsanı idarə edən onun qəlbi və hissidir. Bu məsələdə ağılın da diqqətəçarpan rolu var. Xeyirxah olmaqla yanaşı, zəka və savad sahibi olmağın həm insanın özünə, həm də ətrafdakılara –“ cəmiyyətə faydası dəyə bilər.
Buradan hasil olan nəticə odur ki, insan təmiz ürək, ağıl, zəka sahibi olduqda qarşılaşdığı bütün məsələlərə vicdanla yanaşar və istənilən problemi müdrikliklə həll edər.
Qəlb –“ duyğu məkanıdır. Duymayanlar isə ələ-ayağa ilişən, cəmiyyətin saflığını pozan ölü canlılardırlar. Təəssüflər olsun ki, bu gün “Allahdan buyruq, ağzıma quyruq” –“ deyib yaşayanlar, insanlığı daxili zənginlikdə deyil, geyimdə, görünüşdə, vəzifədə görənlər də vardır. Bir zamanlar üzləşdiyi vəziyyətdə: “Ye, kürküm, ye!” –“ deyən Molla Nəsrəddin bu gün sağ olsaydı: “Ye, villam, ye maşınım və ya, ye vəzifəm”- deyərdi.
Onu da qeyd edim ki, insanın daxili saflığını görmək üçün açıq gözdən əlavə, qəlbin təmizliyi də lazımdır. Bu keyfiyyətə sahib olmadan qarşıdakı insanın saflıq, xeyirxahlıq dünyasını görmək, dəyərləndirmək mümkün deyil. İnsana yuxarıdan aşağı baxıldığı halda bir çox əxlaqi tarazlıqlar pozulur. Özünü başqalarından üstün tutmaq da eyni nəticəni verir. Ən yaxşısı odur ki, insan qəlbinin gözü ilə baxsın və özünə rəva bilmədiklərini başqalarına istiqamətləndirməsin. Düşünən insan bir an belə unutmamalıdır ki, insanlıq özünü hər kəsin əməlində büruzə verir. Xoş qəlb və əməl sahiblərindən görüb-götürdüklərimizi övladlarımıza, gələcəyimiz olan gəncliyimizə əmanət olaraq ötürməli və bir qəlbi qırmadan yüzlərlə qəlbdə yer tutmağa can atmalıyıq.
Bunu bizdən bizi insan şəklində xəlq edən, hər şeyə qadir olan uca Yaradan tələb edir. Unutmayaq ki, Yaradan qəlbi təmiz olanları sevir, pis niyyətliləri, qəlbə dəyənləri yox.
Hacıməmməd Məmmədov

Şərh Yaz