Narkomaniya və zərərli vərdişlərə yox deyək

Hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilmişdir. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və korrupsiya üçün münbit zəmin yaradan mühüm amillərdən biri olaraq məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərməklə gənclərin sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən ağrılı bir prosesə çevrilir.
Narkomaniya və zərərli vərdişlərə yox deyək
Narkomaniya ilə mübarizə bütövlükdə dövlətin, cəmiyyətin, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyəti, barışmaz münasibət formasında aparılmalıdır. Bu sahədə müəllimlərin və valideynlərin üzərinə daha çox məsuliyyət düşür. Ona görə də uşaq və yeniyetmələrin təlim-tərbiyəsinə, onların sağlam ruhda böyüdülməsinə diqqətin artırılması vacibdir.
19 oktyabr 2017-ci il tarixdə Basqal qəsəbə tam orta məktəbində təşkil olunmuş ”Narkomaniya və zərərli vərdişlərə yox deyək!” adlı tədbir də bu məqsədlə keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatının nümayəndəsi Bəhruz Xələfov, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi, polis baş leytenantı Rahim Orucov, sahə müvəkkili, polis mayoru Baba Həsənov, Basqal qəsəbə İƏD-nin işçiləri və qəsəbə tam orta məktəbinin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə Basqal qəsəbə İƏD-i üzrə nümayəndə Novruz Əsədov açıb. İcra hakimiyyəti aparatının işçisi Bəhruz Xələfov, sahə müvəkkili Baba Həsənov, məktəb direktoru Ağasəfər Qafarov, müəllim Yeganə Ağayeva ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulayıblar. Onlar gəncləri, eləcə də bütün cəmiyyəti bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləyiblər.
İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi, polis baş leytenantı Rahim Orucov mövzu ilə bağlı əhatəli çıxış edərək hazırda dünyada, ölkəmizdə, eləcə də rayonumuzda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş tədbirlərdən söhbət açıb.
Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar diqqətə çatdırıblar ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur. Yekunda şagirdlərin sualları cavablandırılıb.
Nərgiz Rəcəbova,
Basqal qəsəbə tam orta məktəbinin Uşaq birliyinin rəhbəri

Şərh Yaz