3 nəfər Qarabağ müharibəsi əlili fərdi ev sahibi olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən hər bir aid ünvana dəqiq, müntəzəm və ardıcıl olaraq çatdırılır. Həmin ailələrin kommunal xidmət növlərinin ödənişində yaranan çətinlikləri aradan qaldırır, mənzil, təhsil və müalicə problemlərini həll edir.3 nəfər Qarabağ müharibəsi əlili fərdi ev sahibi olub      Qarabağ əlillərinə, veteranlarına, şəhid ailələrinə göstərilən qayğının, həssas yanaşmanın nəticəsidir ki, onlar daim ölkə rəhbərinə minnətdar olur, rayon İcra Hakimiyyətindən razılıqlarını bildirirlər.
Bu günlərdə icrası başa çatmış, Qarabağ müharibəsi əlilləri üçün tikilmiş 3 fərdi evin istifadəyə verilməsi də minnətdarlıq və razılıqla qarşılanıb.
Açılış mərasimi şəhərin Yuxarıbaş məhəlləsində II qrup Qarabağ müharibəsi əlili Kamal Nağıyev üçün tikilmiş evin qarşısında olub.
Tədbiri giriş nitqi ilə rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov açıb. O qeyd edib ki, Dövlətimiz, Prezidentimiz Qarabağ uğrunda döyüşüb əlil və şəhid olanların ailələrinə tükənməz qayğı göstərir. Heç kim öz problemi ilə birgə qalmır, hər bir məsələdə dövləti yanında görür, ailəsi üçün narahatlıq keçirmir, ümidli olur ki, hərtərəfli qayğının nəticəsində Qarabağ müharibəsi əlilləri Böyük qələbə uğrunda yenə də ön sıralarda olacaqlar. Bu gün istifadəyə verilən 3 fərdi ev də deyilən fikirlərin təzahürü kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Səfər Mehdiyev fərdi evə sahib olanları təbrik edərək deyib ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə ƏƏSM Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin müalicəsi, sağlamlığının bərpası, mənzil şəraitinin yaxşılaşdırılması üçün sistemli tədbirlər həyata keçirir. Yerli icra hakimiyyətləri ilə qurulan işgüzar fəaliyyətimiz, xüsusilə mənzil tikintisində daha əhəmiyyətli nəticələr verir. Bu gün 3 ailə fərdi ev alır, məişət rahatlığı tapır. Bu, ölkə rəhbərinin, möhtərəm Prezidentin hədiyyəsidir, mərhəməti və çoxistiqamətli qayğısıdır.
Ev alanlar adından Kamal Nağıyev çıxış edərək ən xoş sözlərlə dərin minnətdarlığını ifadə edib.
Yeni evlərin orderləri II qrup Qarabağ müharibəsi əlilləri Kamal Nağıyevə, Pərviz Həsənova və Elşən Əsgərova təqdim olunub.
Açılışdan sonra evlərə baxış keçirilib.
Namiq Kərimov

Şərh Yaz