Təmizlik sağlamlıqdır

Təbiət bütün fəsillərdə gözəldir. Nədənsə hamı hesab edir ki, ilin ən gözəl fəsli bahardır. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Havalar, torpaq isinir, ağaclar oyanır, bağlar bağçalar çiçək açır, yaşıllaşır. Yazın gəlişi demək olar ki, hamının əhval-ruhiyyəsinə müsbət təsir edir. Park və küçələrdə yazda aparılan abadlıq, quruculuq işləri insanlarda xoş əhval-ruhiyyə yaradır.Təmizlik sağlamlıqdır               Təbii olan və yaradılan gözəllikləri hər birimiz qorumalıyıq. Təbiəti, ətrafdakı gözəllikləri qorumaq yalnız dövlət müəssisələrində çalışanların, təhsil işçilərinin, fiziki-hüquqi şəxslərin işi yox, hər bir insanın, vətəndaşının borcudur. Təbiəti qorumağa ilk növbədə onun təmizliyinin qorunmasından başlamaq lazımdır.
Şəhər ərazisində əksər küçələrə məişət tullantıları üçün standart qutular qoyulmuş, tullantıların vaxtında daşınmasına diqqət artırılmışdır. Tullantılar küçələrə yox, zibil qutularına atılmalı, küçələr təmizlənməli, ağaclar əhənglə ağardılmalı, su arxları təmiz saxlanılmalıdır. Əbəs yerə deyil ki, İsmayıllını Azərbaycanın mirvarisi adlandırırlar. Füsunkar təbiətinin sorağına respublikamıza gələn turistlər də rayonumuza gəzməyə, istirahətə gəlirlər. Bütün bunları nəzərə alaraq şəhərimizin təmizliyi burada yaşayan və işləyən hər kəsi düşündürməlidir. Havasını udduğumuz təbiətin, ətraf aləmin təmizliyi özümüzün və gələcək nəslimizin sağlamlığı üçün çox vacibdir.
Yaz-yay mövsümünün başlaması ilə əlaqədar aprel ayından rayon Gigiyena Epidemiologiya Mərkəzinin işçilərindən ibarət reyd briqadaları şəhərin ayrı-ayrı məhəllələrində gəzintilər apararaq təmizlik işləri barədə maarifləndirmə işi aparırlar. Məktəblərdə də bu istiqamətdə işlər aparılır. Şagirdlərə gigiyena qaydaları öyrədilir, onlara oxuduqları məktəbdə, küçədə ictimai yerlərdə qəbul etdikləri qidaların tullantılarının küçələrə atmağın təbiətə nə qədər mənfi təsir göstərdiyi izah olunur.
Lakin hələ də bəzi sakinlər həyətdən çıxan tullantıları küçələrə və su arxlarına atırlar. Belə şəxslərə qarşı aidiyyəti qurumlarla yanaşı bütün ictimaiyyət mübarizə aparmalıdır. Məlumat üçün bildiririk ki, yeni kanalizasiya xəttində işlər başa çatıb. Fərdi ev sahibləri İsmayıllı Su – Kanal İdarəsinə müraciət edərək çirkab sularını həmin xəttə ötürə bilərlər.
Şəhərimizin sakinlərindən xahiş edirik ki, yaşadığı həyəti, məhəlləni təmiz saxlasınlar, ətrafdakılara, xüsusilə də uşaqlara düzgün vərdişlər aşılayan örnək olsunlar.
Elbrus Bağırov,
GEM-in əməkdaşı

Şərh Yaz