İsmayıllı rayonunun yaranmasının 85 illiyinə həsr olunmuş elmi konfrans

İsmayıllı rayonu inzibati ərazi vahidi kimi 1931-ci il noyabr ayının 24-də təşkil olunub. 85 ildir ki, bu bölgə ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, ədəbiyyat, mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə fərqlənən yetirmələri ilə tanınır.
Rayonun 85 illik həyatı üçün bayram olan bu günün qeyd olunması ilə əlaqədar tədbirlər planı hazırlanıb. Planlaşdırılanların həyata keçirilməsi forma və məzmunca müxtəlif tədbirlərlə təmin olunur.
İsmayıllı Rayon İcra Hakimiyyətinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci ilə birgə təşkil etdiyi elmi konfrans bu tədbirlərin ən diqqətçəkəni olub.
İsmayıllı rayonunun yaranmasının 85 illiyinə həsr olunmuş elmi konfrans
İsmayıllı rayonunun yaranmasının 85 illiyinə həsr olunmuş elmi konfrans
Konfransın plenar iclası 20 may 2016-cı il tarixdə “Qala” şadlıq sarayında açılıb.
Tədbiri giriş nitqi ilə kollecin direktor əvəzi, moderator Sevda Qasımova açıb.
Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov “İsmayıllı 85 ildə” mövzusunda məruzə edib. Məruzədə rayonun siyasi tarixində ən əhəmiyyətli mərhələlər olan ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin İsmayıllıya səfərlərindən ətraflı bəhs edilib. Qeyd olunub ki, bölgənin əhalisi əməksevərliyi, milli-mənəvi dəyərlərə əsaslanması, vətənsevərliyi, dövlət siyasətinə sədaqəti, verilən qiymətə layiq fəaliyyəti ilə seçilir. Rayonun 85 illiyi ilə əlaqədar onun inkişafında xidməti olan hər kəs bu günkü nəsillərə tanıdılır. Bölgənin 85 illiyinə həsr olunmuş kitab buraxılmasına hazırlıq görülür. Rayonun tarixi yerlərinə, yaşayış məskənlərinə gənclərin səfərləri, tarixi öyrənmələri sistemli hal alır.
Tarix elmləri doktoru, Milli Televiziya və Radio Verilişləri Şurasının sədr müavini, Girdiman dövlətinin kamil tədqiqatçısı professor Qafar Cəbiyev İsmayıllının müasir tarixinə, yaxın keçmişinə obyektiv qiymət verib. İndiki İsmayıllı ərazisində baş vermiş tarixi prosesləri şərh edib. Onun çıxışında bugünkü İsmayıllının təməli, özülü çox aydın hiss edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Kübra Əliyeva, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya üzrə direktor müavini Həbibə Əliyeva, Azərbaycan Texniki Universitetinin ictimai fənlər kafedrasının müdiri Şikar Qasımov, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək ictimai birliyinin sədri Fariz Xəlili, “Bilik” fondunun əməkdaşı Hacı Nərimanoğlu, jurnalist İntiqam Mehdizadə, veteran jurnalist Valeh Salehov və başqaları çıxış ediblər.
İsmayıllının 85 illik tarixinin müxtəlif mərhələlərinə toxunan natiqlər onun müasir tarixinə xüsusi diqqətlə yanaşıblar. Qeyd ediblər ki, prezident İlham Əliyevin qayğısı sayəsində bugünkü gənclik
Azərbaycanın daha xoşbəxt həyatını yaşayacaq.
Plenar iclasdan sonra konfrans üç bölmə üzrə – “İqtisadiyyat, ekologiya və turizm”, ”Mədəniyyət və filologiya”, ”Tarix etnoqrafiya, sosialogiya və din” mövzularında davam etdirilib.
Bölmə iclaslarına Mədəniyyət mərkəzi, İsmayıllı Dövlət Humanitar Texnologiya Kolleci və İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyi ev sahibliyi edib.
Konfrans Mədəniyyət mərkəzinin akt zalında yekunlaşdırılıb. Moderatorlar bölmə iclaslarının nəticələri barədə hesabat veriblər.
Sonda İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı konsert proqramı nümayiş etdirilib.
Gülər Baxışova

Şərh Yaz