Unudulmaz xatirə günü

Noyabr ayının 5-də İsmayıllı rayon Mədəniyyət Mərkəzində fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü və Azərbaycan Dövlət Universitetində həndəsə kafedrasının müdiri işləmiş Maqsud Cavadovun xatirə günü təşkil olunub.
Unudulmaz xatirə günü
Tədbirə BDU-nun, AMEA-nın əməkdaşları, Maqsud Cavadovun qohumları və yaxınları, riyaziyyat müəllimləri və təhsil işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də həmin gün riyaziyyat fənni üzrə keçirilmiş olimpiada iştirakçısı olan şagirdlər qatılıb. Xatirə günündə hörmətli qonaqları və bütün iştirakçıları salamlayan rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov Maqsud Cavadovun Azərbaycan ziyalılığında və elmindəki mövqeyindən, riyaziyyat elmi sahəsindəki xidmətlərindən danışıb.
Unudulmaz xatirə günü
Unudulmaz xatirə günü
AMEA Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanov Maqsud Cavadovun həyatı və elmi fəaliyyətinə dair məruzə edib, bildirib ki, M.Cavadovu elm xadimləri Nəsirəddin Tusidən sonra Azərbaycanın ilk riyaziyyatçı alimi adlandırıblar. Müəllimi barədə ən xoş xatirələrini bölüşən M.Mərdanov tədbirin təşkilinə görə İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqova təşəkkürünü bildirib.
Bakı Dövlət Universitetinin professoru Sabir Mirzəyev, mexanika-riyaziyyat fakültəsinin dekanı Nizaməddin İsgəndərov, kafedra müdiri Vaqif Qasımov Maqsud Cavadovun təhsilin və elmin mahir təşkilatçısı olduğundan, gənc riyaziyyatçılara göstərmiş olduğu qayğıdan bəhs ediblər. M.Cavadovun sevimli tələbələrindən biri, Əməkdar müəllim İzhar Kazımov və böyük riyaziyyatçının qardaşı qızı Maisə Cavadova görkəmli alim haqqında xoş xatirələrini iştirakçılarla bölüşüblər. Onlar Maqsud Cavadovun Azərbaycanın riyaziyyat-həndəsə elminə verdiyi əvəzsiz töhfələrdən danışıblar.
Basqal tam orta məktəbinin VII sinif şagirdi Nilufər Qəhrəmanova alimlə bağlı çıxışında basqallıları doğma yurda, Basqala qayıtmağa çağırıb. Balaca məktəblinin çağırışı alqışlarla qarşılanıb.
Şair Hüseyn Arifin Maqsud Cavadovun 70 illiyinə, Ağasən Bədəlzadənin Basqala həsr olunmuş şeirləri ifa edilib. “Basqalı” rəqsi səslənib.
“Niyal” xalq çalğı alətləri ansamblı musiqi nömrələri ilə tədbirin iştirakçılarına xoş dəqiqələr bəxş edib.
Tədbirdə X-XI sinif şagirdləri arasında keçirilən riyaziyyat olimpiadasının qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.
E.Qasımova

Şərh Yaz