Azərbaycan – güclü idman dövləti

Rayon İcra Hakimiyyəti, YAP İsmayıllı rayon təşkilatı, Gənclər və İdman İdarəsi rayon gənclərinin iştirakı ilə Milli Olimpiya Komitəsinin son 18 illik fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O qeyd edib ki,
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir.Bir sözlə Azərbaycan iqtisadi inkişafına, sosial –“ sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə dünya dövlətləri arasında etibarlı tərəfdaşa, güclü, qüdrətli dövlətə çevrilmişdir.
Azərbaycan - güclü idman dövləti
Sadalanan bu pozitiv inkişaf tendensiyaları ölkəmizdə bütün sahələrin paralel tərəqqisini təmin edir. Respublikamızda bütün sahələrə olduğu kimi, 1997-ci ilin iyul ayının 31-dən, yəni Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra idmana, onun kütləviləşməsinə xüsusi diqqət və qayğı göstərilir. İdmanın inkişaf etdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlər nəticəsində Azərbaycan nəinki Avropanın, həmçinin dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü, səyləri və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində beynəlxalq standartlara cavab verən idman arenalarının, müasir tipli olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını buna bariz nümunədir. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb.
Ölkəmizin I Avropa Oyunları kimi planetin bir nömrəli mötəbər idman yarışının uğurla keçirilməsi, bu idman bayramının yüksək təşkilatçılığı, idmançılarımızın bu oyunlarda möhtəşəm çıxış edərək 21 qızıl, 15 gümüş, 20 bürünc medalla komanda hesabında 50 ölkə arasında ikinci yeri tutması, gələcəkdə keçiriləcək bir sıra dünya əhəmiyyətli idman yarışlarına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır. Bütün bu uğurlar və yüksək nailiyyətlər məhz İlham Əliyevin misilsiz xidmətləri və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, bacarığı və ölkə idmançılarının fədakarlığı sayəsində mümkün olmuşdur.
Tədbirdə çıxış edənlər getdikcə güclənən olimpiya hərəkatı nəticəsində Azərbaycanın dünyada güclü iqtisadi əsaslara söykənən, həm də güclü idman dövləti kimi tanınmasından qürür duyduqlarını bildiriblər. Natiqlər inam və iftixarla qeyd ediblər ki, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və bu sahədə aparılan uğurlu dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaqdır.
İlqar Əhmədli

Şərh Yaz