Hər bir gəncə çatdırılmalıdır

Bu gün Azərbaycan xalqı uzun illər həsrətini çəkdiyi müstəqillik dövrünü yaşayır. XX əsrin 90-cı illərində vətənin qeyrətli övladlarının inadlı səyi, mübarizəsi və qanı bahasına misilsiz qələbə qazanıldı. Müstəqil Azərbaycan Respublikası dünya xəritəsində öz yerini tutdu. Azərbaycan ikinci dəfə müstəqil dövlət oldu. Ancaq bu müstəqilliyi istəməyən qüvvələr daxili əlaltıları ilə birlikdə bu işə mane olmağa çalışırdılar. İstər yaxın qonşular, istərsə də uzaq düşmənlər Uca Yaradanın zəngin sərvət, əsrarəngiz təbiət bəxş etdiyi cənnətməkan Azərbaycan kimi yağlı bir tikəni əldən vermək istəmirdilər. Bunun üçün bizi hər cür yollara – müharibəyə, daxildən parçalanmaya sövq etdilər. Ermənilərin bizə olan torpaq iddiası nə qədər qanın axıdılmasına səbəb oldu. Hələ də 20 faiz torpağımız erməni işğalı altında qalmaqdadır.
Ulu öndər Heydər Əliyevin səyi nəticəsində atəşkəs elan olundu. Ölkə hərtərəfli inkişaf etməyə başladı. Neft sazişləri bağlandı, ölkədə tikinti abadlıq işləri, kənd təsərrüfatı inkişaf etməyə başladı. Bu gün də ölkəmizə qarayaxmalar davam edir.
Mövcud şəraitdə xalqın qarşısında duran ən mühüm vəzifə müstəqilliyimizi qorumaq, möhkəmləndirmək, əldə saxlamaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Tarixin qarşıya qoyduğu bu müqəddəs vəzifə hər bir vətəndaşın öhdəsinə düşür. Əgər bu taleyüklü vəzifəni yerinə yetirməsək, təbii ki, qazandığımız bütün uğurları itirə də bilərik. Bugün əksər beynəlxalq təşkilatlar da ölkəmizin artan nüfuzuna, iqtisadiyyatına qısqanclıqla yanaşır, onun nailiyyətlərini görmək istəmirlər. Ölkəmizə olan ikili standartlar hələ də davam edir, hər hansı bir kiçik nöqsanı aləmə car edirlər. Ermənistandakı vəhşiliklər barədə isə susurlar. Ona görə də hər birimiz ayıq olmalı, uğurlarımızı geniş dünya ictimaiyyətinə çatdırmalıyıq. Bununla belə, milli-mənəvi dəyərlərimizə , tariximizə diqqəti artırmalı, dost və düşmənlərimizi tanımalı, bütün gücümüzü, istedad və bacarığımızı Vətəni, dövlətçiliyimizi qorumağa sərf etməliyik.
Bugün rayonumuzda da ictimaiyyət arasında ideoloji işin yüksək səviyyədə qurulması məqsədilə çox və səmərəli işlər görülməlidir. Hər bir veteran və ziyalı çalışdığı sahədə bu istiqamətdə işlər görməlidir. Xüsusilə, gənclər arasında iş daha da canlandırılmalıdır. Gənclərlə söhbətlər, disputlar bu işin canlanmasına çox kömək göstərə bilər. Müasir şəraitdə elektron vasitələrlə yayılan məlumatlar gəncləri yolundan tez sapdıra bilər. Rayonumuz haqqında yayılan bəzi yalan informasiyanı yerindəcə yoxlayıb onun iftira olduğunu sübut etmək üçün nə çox vaxt, nə də vəsait lazım deyil.
Uzun illər Rus imperiyası tərkibində yaşadığımız illərdə çar üsul-idarəsinin şovinist siyasəti nəticəsində torpaqlarımız azalmış, xalqımızın dilinə, dininə, adət-ənənələrinə qəsd edilmişdir. Sovet hakimiyyəti dövründə də bu siyasət davam etdirilmişdir. Bu zamanlar da represiyalar, sürgünlər, həbslər, dinə və adət ənənələrə hücumlar davam etdirilmişdir. Rusiyadakı qızları Azərbaycana gətirərək ruslaşma siyasəti aparılırdı. Xalqımızın ziyalılarına qarşı represiyalar daha qəddarlıqla həyata keçirilirdi. Dilini, ədəbiyyatını qoruyan ziyalılara xalq düşməni damğası vurulurdu. Yüzlərlə ziyalı sürgünlərdə ölümünü tapdı. Azərbaycanın qədim əlifbasının latın, az sonra Kiril əlifbasına keçilməsi bütöv bir nəsli kökündən, maddi-mədəni irsindən, ədəbiyyatından və mədəniyyətindən ayırmaq məqsədi güdürdü. Bu, dünyada analoqu olmayan bir hal idi.
Müasir gənc nəsil tariximizi təkcə məktəb proqramları səviyyəsində deyil, lap dərindən öyrənməli, lazım gəldikdə özü də yaxşı bir təbliğatçı olmalıdır. Azərbaycan haqqında doğru təsəvvür formalaşdırmağa çalışmaq hər bir vətəndaşın müqəddəs borcudur. Gənc nəslin Vətənimizə, tariximizə, mədəniyyətimizə, təbiətimizə məhəbbət ruhunda tərbiyəsinə böyük önəm verilir. Ölkə Prezidenti bu işə böyük diqqət yetirir.
Bu istiqamətdə işi gənclər təşkilatları həyata keçirməli, özü də mütəmadi olaraq. Gənclərin gücündən maksimum istifadə edilməlidir. Bacarıqlı və müasir elektron vasitələrdən istifadə etməyi bilən gənclərimiz çoxdur. Bu, böyük ordudur, onun gücündən faydalanmaq çox zəruridir. Belə bir vəzifənin həyata keçirilməsində məktəblərin rolu böyükdür.
Azərbaycançılıq sahəsində çox iş görülməlidir. Tariximiz, ədəbiyyatımız yenidən yazılmalıdır. Zaman bunları bizdən tələb edir. Biz tarixin ibrət dərslərini yaxşı öyrənməliyik.
Abduləli Əliyev,
şəhər sakini

Şərh Yaz