Sirli-soraqlı kənd

Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala…
Yol boyu gördüklərim məni o qədər də heyrətləndirmədi. Çünki hər tərəfi meşə ilə əhatələnmiş çox yollar görmüşdüm. Mənə maraqlı idi: görəsən, Xankəndi necə yerdir və niyə kənd məhz bu cür adlanır. Kilometrlər arxada qaldıqca təmiz, əsl kənd havası insanı qarşılayırdı. Səs-küylü şəhərlə sakit kənd həyatının fərqi aydınca duyulurdu.
Sirli-soraqlı kənd

Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala…
Yol boyu gördüklərim məni o qədər də heyrətləndirmədi. Çünki hər tərəfi meşə ilə əhatələnmiş çox yollar görmüşdüm. Mənə maraqlı idi: görəsən, Xankəndi necə yerdir və niyə kənd məhz bu cür adlanır. Kilometrlər arxada qaldıqca təmiz, əsl kənd havası insanı qarşılayırdı. Səs-küylü şəhərlə sakit kənd həyatının fərqi aydınca duyulurdu.
Xankəndinin meyvəli bağları, diş donduran bulaqları, yaşıl yamacları insan ruhunu oxşayır. Sakinləri də sadə, səmimi, mehriban, qonaqpərvər insanlardır. Burada heç kəs özünü qərib hiss etməz. Kəndə ilk dəfə gələn bu yerin qədim tarixə malik olmasını görür. Gördüyüm mənzərələrdəki qədimlik məni uzaq keçmişlərə apardı…
İlk dərs günüdür, məni yeni tanışlıqlar gözləyirdi. Məktəb yolu ilə ətrafı nəzərdən keçirərək addımlayırdım. Kəndin içindəki abidə qalıqları diqqətimi çəkdi. Üzərindəki lövhəyə qorunduğu və adı yazılmışdı – Xan qalası.
Deməli, bura xanın yaşadığı ərazi olub və bu qalıqlar da əsrlərin yadigarıdır. Qalanın XII-XIII əsrlərdən tikildiyi güman edilir. İçərisində saray kompleksi inşa edilib. Tikintisində kərpiclərdən daha çox istifadə olunub. Ərazidə yerli sakinlərin həyətyanı sahələrində qazıntı zamanı müxtəlif ölçüdə otaqlar aşkarlandığı söylənilir. Sakinlər qaladan Fit dağına yeraltı, gizli yol olduğunu da iddia edirlər. Bəzi insanlar qalaya süd arxının çəkildiyini xanın dağdakı sürülərinin südünü bu yolla qalaya çatdırıldığını söyləyirlər. Əlbəttə ki, bütün bunlar mülahizələrdir. Lakin Xan qalası hələ də onun sirrini aşkarlayacaq insanları gözləyir.
Bu yazını iki il əvvəl yazmışdım. Bu yaxınlarda əlimə həmyerlimiz Qafar Cəbiyevin “Bura Vətəndir” kitabı keçdi. İsmayıllı abidələri haqqında tarixi-arxeoloji-etnoqrafik məlumatlarla zəngin olan bu kitabı böyük həvəslə oxumağa başladım. Kitabdakı “XAN KƏNDİ – XANIN KƏNDİ” başlığı ilə yazını fərqli bir acgözlüklə oxudum. Çünki “Xan qalası” haqqında yaddaşlarda ilişib qalan yarı gerçək, yarı əfsanə fikirləri eşitmişdim. Təbii ki, bu haqda tarixçinin dilindən, elmi əsaslarla yazılanları oxumaq istəyirdim. Bir neçə dəfə bu qala haqqında internetdən məlumat əldə etməyə cəhd də göstərmişdim. Təəssüflər olsun ki, oradan çox kiçik bir məlumat və qalanın şəkilini tapmışdım.
Qafar müəllim kitabında Xankəndinin, Kürdüvanın, Sulutun əsrlər boyu Şirvan hakimlərinin yay istirahət düşərgəsi olduğunu təsdiqləyir. Həmçinin, Xan qalasının yol üstündə tikildiyini nəzərə alaraq, müdafiə xarakterli qala hesab edilmədiyini söyləyir. El arasında belə bir ifadə var: ”Xanlara, bəylərə layiq!” Təbii ki, xan istirahəti üçün gözəl, axarlı-baxarlı, havası saf olan yeri seçmişdir. Yadıma müəllimimin söylədiyi bir əhvalat düşdü:
– Hacı Zeynalabdin Tağıyev Bakının kəndlərindən birində istirahət üçün gözəl bir malikanə tikmək fikrinə düşür. Ancaq kənd seçimində çətinlik çəkir. Bu barədə Hacı Turabla məsləhətləşir. Hacı Turab ona deyir ki, Bakının 36 kəndinin hər birində ağacdan bir parça ət as. Hansı kənddə ət daha gec xarab olarsa, demək, oranın havası daha gözəldir. Məşhur milyonçu belə də edir və malikanəni Mərdəkanda tikdirir.
Xankəndi də saf havası ilə diqqəti cəlb edir. Xanın burda məskən salmağı təsadüfi deyildir. İsmayıllının Xan qalasından başqa Girdiman, Cavanşir, Niyal, Fit qalası, Haram qalası və mənə tanış olmayan bir çox qalaları var. Bu qalalar əsrlər boyu ulularımızın güvənc yeri olub. Özünəməxsus memarlıq abidələri olan qalalar canlı tariximizdir. Biz bu tarixi nəinki öyrənməli, həm də yaşatmalıyıq.
İsmayıllıdan olmayan tanışlarim Xankəndində müəllim işlədiyimi biləndə soruşurlar:
– İsmayıllıda da Xankəndi var?
Bəli, var. Azərbaycanımızın hər yeri gözəldir. Təəssüflər olsun ki, Qarabağın Xankəndi bu gün yağıların əlindədir. İnşallah o dilbər guşələrimizi qüdrət və qüvvətimizlə geri alacağıq!
Çox istərdim ki, Xan qalası da Xanagahdakı Qiz qalası, Talıstandakı Cavanşir qalası kimi, heç olmasa, yay aylarında insanların maraq obyektinə çevrilsin. Xankəndinin yolu düzəlsin və buraya turistlərin axını başlasın. Çünki bu ərazidə Fit dağı, Niyal dağı, Qart dağı, Sulut kəndi yaxınlığındakı “Qırxotaq”, axarlı-baxarlı Bəy düzü, Eyvazlı, Dəyirman üstü, Orta bağ kimi göz oxşayan tarixi, gəzməli-görməli yerlər var. Hələ adını çəkmədiyim, tarixi özündə yaşadan neçə-neçə mənzərəli yerlər…
Qışda isti, yayda sərin, müalicəvi sulu Dəyirman bulağı, Dəndəli bulaq, Söyüdlü bulaq, Kəblə Mahmud bulağı və adını çəkə bilmədiyim neçə-neçə tarixi məkan özünün gələcək seyrçilərini gözləyir. Yəqin ki, bu torpağın vətənpərvər elsevər, yurdsevər, oğulları Xankəndinə üz tutacaq, bu yurdun əvvəlki tarixi şöhrətini ozünə qaytaracaq, bu kəndi xana layiq məkana çevirəcəklər.
Turac Ağayeva
Xankəndi kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz