Onu məktəb yaşadırdı

1958-ci ildə birinci sinifə gedəndə ilk müəllimim İsmayıl Əliyev olub.
Riyaziyyatı Saleh Həsənov, fizikanı əvvəlcə Aliyə Bağırova, sonra Rəfi Əliyev, kimyanı Bəhmən Məcidov, rus dilini Məhəmməd Heydərov, tarixi Səmid Əliyev, Mirzəbaba Qurbanov, coğrafiyanı Zərifə Məmmədova, idmanı Mikayıl Adıgözəlov və Hənifə Lazımov, fransız dilini Mazan Nuriyev və Əsnayə Rəfiyeva, Azərbaycan dili və ədəbiyyatı Yusif Yusifov, Mehralı Nəcəfov, Abdulhəkim və Firuzə Rüstəmovlar, biologiyanı Sona Qocayeva, Raqub Müseyibov, əmək təlimini Şamil Osmanov, astronomiyanı Cavad Səfərov tədris ediblər. Bu illər ərzində mənə dərs deməsələr də Əminə Əliyeva,
uca tutan, müəllim olmaları ilə fəxr edən bu böyük insanlara bütün ömrüm boyu borcluyam. Çoxu dünyasını dəyişib. Onların ruhu qarşısında baş əyirəm! Onlara ulu Tanrıdan rəhmət diləyirəm. Sağ qalanların əllərindən öpürəm! Allah onların ömrünü uzun eləsin.

Onu məktəb yaşadırdı
Onu məktəb yaşadırdı

1958-ci ildə birinci sinifə gedəndə ilk müəllimim İsmayıl Əliyev olub.
Riyaziyyatı Saleh Həsənov, fizikanı əvvəlcə Aliyə Bağırova, sonra Rəfi Əliyev, kimyanı Bəhmən Məcidov, rus dilini Məhəmməd Heydərov, tarixi Səmid Əliyev, Mirzəbaba Qurbanov, coğrafiyanı Zərifə Məmmədova, idmanı Mikayıl Adıgözəlov və Hənifə Lazımov, fransız dilini Mazan Nuriyev və Əsnayə Rəfiyeva, Azərbaycan dili və ədəbiyyatı Yusif Yusifov, Mehralı Nəcəfov, Abdulhəkim və Firuzə Rüstəmovlar, biologiyanı Sona Qocayeva, Raqub Müseyibov, əmək təlimini Şamil Osmanov, astronomiyanı Cavad Səfərov tədris ediblər. Bu illər ərzində mənə dərs deməsələr də Əminə Əliyeva,
uca tutan, müəllim olmaları ilə fəxr edən bu böyük insanlara bütün ömrüm boyu borcluyam. Çoxu dünyasını dəyişib. Onların ruhu qarşısında baş əyirəm! Onlara ulu Tanrıdan rəhmət diləyirəm. Sağ qalanların əllərindən öpürəm! Allah onların ömrünü uzun eləsin.
Onu məktəb yaşadırdı
Kiçik çillə yelli gəlmişdi, elə bu ilki kimi: qarla, çovğunla. Niyaldan əsən soyuq külək kəndin dar, daş döşənmiş küçələri ilə oğru, sahibsiz itlər kimi gah o qapıya, gah da bu qapıya soxulur, qapıları bağlı görüb vıyıltıyla küçələrin arasından şütüyüb keçir, Girdimanın üzərindən uçaraq çayın o tayındakı yamaclara dəyib kiriyir, sonra yenidən əsib coşur, ertədən yağan qarı hasarların dibinə sovurub pərçimləyirdi. Çöldə çillə at oynadırdı. Adamlar soyuğu görüb ertədən dükan-bazarı bağlayıb evlərinə yığışmışdılar. Yazda nərə çəkib aşıb-daşan Girdimanın üstünə qar ələnmiş, çillənin qorxusundan “dili, dodağı” buz bağlamışdı. Evlərin bacalarından burula-burula ucalan tüstülər küləyin istiqamətinə qovuşub ay işığında itib batırdı.
Ayazlı, şaxtalı fevral gecəsi idi. Küləyin vıyıltısı azacıq səngiyəndə kənddəki bulaqların həzin şırıltısı eşidilirdi. Kənd tam sükuta qərq olsa da, Hüseyndadaş kişinin həyətində qələbəlik idi. Həyətdəki qadınların səsində bir gümrahlıq, sevinc vardı. Onlardan biri Hüseyndadaş kişiyə yaxınlaşıb gözaydınlığı verdi:
– Gözün aydın, ay Dadaş, oğlun oldu. Atalı-analı böyüsün!
– Çox sağ olun! Allah Sizdən razı olsun deyib – əllərini göyə qaldırıb ulu Tanrıya şükr etdi.
Ürəyindən təzə övladını görmək keçsə də evdəkilərdən həya etdi. Arxayınçılığı görüb otağa girmək istəyəndə- “qırxlı uşağın üstünə girməzlər” – deyib fikrindən vaz keçdi.
Ertəsi gün bacısı Xanım qardaşını səslədi. Ömür-gün yoldaşı Ağanənə qucağında tutduğu
körpəsini ərinə uzadıb, – uşağın adını qoy, – dedi. Hüseyndadaş uşağı Ağanənədən alıb astaca köksünə sıxdı, qundağından öpüb yavaşca çağanın qulağına pıçıldadı:
– Adını Qulu qoyuram, bəxtini və ömrünü ulu yaradan versin, – deyib körpəni anasına qaytardı. Bax, beləcə çillə aləmə soyuq gətirsə də körpə Qulu öz ocaqlarına istilik, hərarət gətirmişdi.
Haqqında söhbət açmaq istədiyim insan hamımızın sevib hörmət etdiyi, ömrümüzə ömründən pay verən “məni məktəb yaşadırdı” deyən Hüseynov Qulu Hüseyndadaş oğludur. O, 1939-cu il fevral ayının birində Lahıcda anadan olmuşdur. Çoxuşaqlı ailənin dördüncü oğlu idi. Yaşıdlarından fərqli olaraq balaca Qulu davranışı, yaddaşı, hazırcavablığı ilə o biri bacı və qardaşlarından, tay-tuşlarından seçilirdi.
Yeddi yaşı olanda atası Hüseyndadaş oğlunun əlindən tutub onu məktəbə gətirdi. Adını məktəbə yazdırdı. Yavaş-yavaş yaşıdlarına da, sevimli məktəbinə və müəlliminə də ürəkdən bağlandı. Bütün fənləri sevə-sevə öyrənən Qulu get-gedə riyaziyyata daha çox bağlanırdı. Elə bu istəklə də orta məktəbi bitirən kimi sənədlərini o vaxtkı ADU, indiki BDU-nun mexanika-riyaziyyat fakultəsinə verdi. Bütün imtahanlarını uğurla verib universitetin tələbəsi oldu. Başı oxuyub öyrənməyə qarışdığından, özü dediyi kimi, tələbəlik illərinin nə vaxt başa çatdığını da bilmədi. Dövlət imtahanlarını da müvəffəqiyyətlə verib təyinatını doğma İsmayıllıya aldı.
1959-cu il sentyabr ayının birindən ta 2010-cu ilin sentyabr ayına qədər, düz əlli bir il, yarım əsrdən çox bir zaman kəsiyində eyni təhsil ocağında yorulmadan müəllim işlədi. Dəfələrlə müxtəlif vəzifələrə dəvət etsələr də sıravi, bütöv müəllimliyi müdirlikdən üstün tutdu. Heç kəsin yanında dili gödək, üzü qara olmadı. Hələ uşaqlıqdan sevib-seçdiyi vurğunu olduğu riyaziyyatı sevimli şagirdlərinə öyrətdi. Özü də yorulmadan, usanmadan sevə-sevə öyrətdi. İşinə, özünə və şagirdlərinə qarşı ciddi və tələbkar idi.
Yüksək mədəniyyətə, böyük pedaqoji ustalığa malik olan Qulu müəllim, həm də bizim üçün ideal şəxsiyyət idi. Onun danışığı, səliqəli geyimi, yerişi, duruşu özü bir tərbiyə idi. Çoxumuz özümüzü Qulu müəllimə oxşatmaq, onun kimi səliqəli və ötkəmli olmaq istəyirdik. O vaxtlar məktəbimzdə çoxlu kişi müəllimlər vardı. Onların hər birinin hərəkəti, söhbəti, nəsihəti, davranışı bizim üçün bir örnək idi. Qulu müəllim mənə dərs deməyib. Ancaq mən həmişə onun nəzərlərini üzərimdə hiss etmişəm.
Çox sonralar mən də müəllim işləyəndən sonra Qulu müəllimlə tez-tez təmasda olur, müxtəlif məclislərdə, yığıncaqlarda onunla bir yerdə olurdum. Bu münasibətimiz bir növ dostluğa çevrildi. Ədəbiyyatı sevirdi. İfadəli şeir söyləməkdən zövq alırdı. M.Arazın, Musa Yaqubun bir çox şeirlərini əzbər bilirdi. Dostluqda tayı-bərabəri yox idi. Eşidib biləndə ki, bir tanışı, dostu və ya iş yoldaşı xəstədir tez ona baş çəkər, ürək-dirək verərdi. Bayram ərəfələrində təqaüddə olan müəllim dostlarına zəng vurub bayramlarını təbrik edərdi. Sinif rəhbərim olmuş, hamının Mamed müəllim deyə müraciət etdiyi bu gözəl insan xəstə idi. Qulu müəllim və Xamis müəllim hər bayramda onun evində olurdular. Onunla söhbət edər, ötən günləri yada salar, deyib gülərdilər. Mən də onların bu münasibətindən zövq alardım.
Qulu müəllim saf adam idi. Yalandan, yaltaqlıqdan, riyakarlıq və ikiüzlülükdən çox uzaq idi. Lazım gələndə sözünü adamın üzünə deyərdi. Nikbin adam idi. Deyərdi ki, pis adam, pis iş həmişə və hər yerdə var.
Amma, yaxşı adam və yaxşılıq azdır. Ona görə də yaxşı olmaq və yaxşılıq etmək lazımdır. Gözü tox olmaq, qismətinə qane olmağı hər şeydən üstün tutardı. Az və düz danışardı. Süniliyi sevməzdi. Gülüşü də, yerişi də, söhbəti də, baxışları da təbii idi. Dəvətli yerdən qalmaz, dəvətsiz yerə getməzdi.
Son vaxtlar rahatlığı pozulmuşdu. Heç yerdə rahatlıq tapa bilmirdi. Ömür-gün yoldaşı Aliyə müəllimə yatağa düşmüşdü. Aparmadığı həkim qalmamışdı. Ümidli idi. Qəlbinin dərinliyində Aliyə xanımın sağalacağına bir inam işığı duysa da artıq gec idi. 2004-cü ilin oktyabr ayının 24-də Aliyə xanım gözlərini əbədi olaraq yumdu. Onu dəfn edəndə hiss etdim ki, Qulu müəllim son arzularını, son istəyini, ümidlərini də dəfn etdi. Sarsılmışdı, amma büruzə vermirdi. Başını məktəbdə, siniflərdə şagirdlərlə qarışdırırdı.
2010-cu ildə yaşla əlaqədar təqaüdə çıxanda Qulu müəllim kövrəldi. 51 il işlədiyi məktəbin dəhlizlərində və siniflərində bəlkə də Magellan qədər yol getdiyi bir məbədi əbədi tərk etdi.
Təqaüdə çıxandan sonra da görüşürdük. Son vaxtlar kefsiz idi. Hiss edirdim ki, narahatdır. Səhhətindən şikayət etməzdi. Amma darıxırdı, hərdən sıxılırdı. Uzun illər işlədiyi məktəbin yanından ötəndə kövrəlirdi. Doğmalarının əhatəsində olsa da özünü sanki tənha hiss edirdi.
İki qəlbin işığında yol gedən
Zülmət çağı dağlar aşa, yorulmaz.
Yollarını bürüsə də duman, çən
İki durna uçar qoşa, yorulmaz.
Qulu müəllim onu bürüyən bu dumanda, çəndə tək uça bilmirdi. Tək qanadla uçmaq olmur, yorulmuşdu.
Bitib tükənməz pedaqoji təcrübəyə və ali biliyə sahib olan Qulu müəllimin əməyi dəfələrlə keçmiş SSRİ Təhsil Nazirliyi, Respublika Təhsil Nazirliyi, İsmayılı rayon Partiya Komitəsinin Fəxri fərman və Diplomları ilə qiymətləndirilmişdir.
İsmayıllı təhsilinin inkişafında fədakar, intizamlı, savadlı təhsilə bağlı müəllimlərimiz çox olub. Elə indi də var. Amma təəssüflə demək istəyirəm ki, elə müəllimlərin arasında hələ də nə o zaman, nə də indi öz layiq olduqları adlarını və qiymətlərini ala bilməyən müəllimlərimiz olub və var. Onlardan biri də Qulu müəllim idi.
Qulu müəllim çoxsaylı şagirdlərinin qəlbində əbədi yurd salıb. Onu sevən, ona dərin hörmət bəsləyən şagirdlərindən biri – Şərqiyyə Balacanlının sevimli müəlliminə həsr etdiyi şeirində Qulu müəllimə öz övladlıq məhəbbətini bildirir:
…Bəxş etdin bizlərə sən həyatını,
Sürdün nura doğru ömür atını.
Düşündün sabahı, dərs saatını
Yadına salmadın pulu, müəllim.

Aliyə can dostun, o gözəl qadın,
Daddırdız bizlərə həyatın dadın.
Bizim qəlbimizdə sənin pak adın
Qaldıqca qalacaq, Qulu müəllim.
Qulu müəllim 2011-ci il aprel ayının səkkizində uzun sürən xəstəlikdən sonra dünyadan köçdü. Onu son mənzilə yola salanlar arasında yaxınlarından çox yetirmələri, şagirdləri, dostları, iş yoldaşları var idi. Şəhər qəbiristanlığında əzizlərinin yanında uyuyur. Allah rəhmət eləsin.
Xalıq Xalıqov

Şərh Yaz